AZ

Ruslan Əmircanov: "Biz hələ Avropanın dinamik futboluyla ayaqlaşa bilmirik"

"Cəbrayıl"ın I Liqaya yüksəlməsində pay sahiblərindən biri də Ruslan Əmircanov oldu. 39 yaşlı futbolçu iki il əvvəl karyerasını bitirdiyini bildirsə də, cari mövsümdə yaşıl meydanlara dönməklə hələ də qocalmadığını göstərdi. "Araz  Saatlı" ilə oyundan sonra təcrübəli müdafiəçi Sport24.az-a müsahibə verib.
 
- Hər iki matçda qələbə qazanmaqla I Liqaya yüksəldiz...- Mövsümün əvvəlində komandanın qarşısına çempionluq hədəfi qoyulmuşdu. Təəssüf ki, çempionatı 2-ci pillədə başa vurduq. Amma bununla belə I Liqaya yüksəlmək üçün pley-off oynamaq şansı qazandıq. Məqsədə çatmaq üçün son şansımız idi. Hamımız məsuliyyəti anlayırdıq. Ona görə də "Araz Saatlı" ilə oyuna ciddi hazırlaşmışdıq. Şükürlər olsun, uşaqlar hər iki qarşılaşmada meydanda sona kimi mübarizə apardı və layiqli qələbə qazanmaqla I Liqaya yüksəldik.
 
- Həm təcrübəli futbolçu, həm də kapitan kimi "Cəbrayıl"a fayda verdin, "Araz Saatlı" ilə hər iki oyunda məhsuldar ötürmə ilə yadda qaldın. 39 yaşlı Ruslan Əmircanov öz çıxışını necə dəyərləndirir? - Vallah, mən heç vaxt öz oyunumdan tam razı qalmamışam. İstər 19, istər 29, istərsə də indiki yaşımda hər oyundan sonra necə oynadığımla bağlı özümə hesabt verir, tənqidi yanaşıram. Amma paltardəyişmə otağında hamı məni öpüb, bağrına basır və canavar kimi döyüşdüyümü deyir (gülür). Əsas mənim çıxışım yox, komandaya faydalı olmağımdı.
 
- Artıq I Liqaya vəsiqəni rəsmiləşdirmisiz. Karyeranı "Cəbrayıl"da davam etdirəcəksən?- İki il əvvəl karyeramı bitirmişdim. Amma içimdə oynamaq eşqi ölməmişdi. Həmişə meydana qayıtmaq istəyirdim. Sonra gördüm ki, bu hissin qarşısını almaq mümkün deyil. Sağ olsun Cavid müəllim, mövsümün 2-ci yarısında təcrübəli futbolçu kimi komandasına dəvət etdi.  "Cəbrayıl"da karyeramı bərpa etdim. Bura gəlməkdə məqsədim maddiyatı yox, içimdəki oynamaq eşqini təmin etmək və komandaya maksimum fayda vermək idi. Bundan sonra da məni burda görmək istəsələr "Cəbrayıl"ın formasını şərəflə daşımağa hazıram.
 
- Sözlərindən belə çıxır ki, karyeranı erkən bitirdiyinə görə peşmansan... - Son peşəkar klubum "Şamaxı" oldu. Orda çıxış edərkən demək olar, forma geyinmək şansı qazanmadım. Baxmayaraq ki, ən azı bir hissə elitada oynamaq gücündəydim. Sonda klub rəhbərliyi "bəlkə sən artıq məşqçi kimi bizə kömək edəsən" deyə, iş təklif etdi. Bundan sonra karyeramı bitirdim. Sonra gördüm ki, məşqçilikdən çox oynamaq istəyirəm. Hazırda "Araz-Naxçıvan"ın U-17 komandasının məşqçisiyəm və işimin də öhtəsində gəlirəm. Amma hələlik top dalınca qaçmaq eşqim ölməyib. Ona görə də butslarımı divardan erkən asdığımı düşündüm və "Cəbrayıl"a gəldim.
 
- Adaşın Ruslan Poladovun 45 yaşı var hələ də top qovur. Ramazan Abbasov 40 yaşdan sonra yenidən futbola qayıtdı. Bu futbolçulara baxıb stimul alırsan? - Yaşı 40 keçmiş oyunçuların futbolda qalması həm kədərləndirici, həm də sevindirici haldı. Kədərlidi ona görə ki, yeni nəsildən futbolçu demək olar gəlmir. Bu da uşaq futbolumuzda ciddi problemlərin olmasıyla bağlıdı. Əslində aşağı yaş qruplarında daha perspektivli yeniyetmələr, gənclər yetişməli və onların dalğası bizi futboldan kənarlaşdırmalıdı. Təəssüf ki, hələ bunu görmürük. Məsələnin müsbət tərəfi isə odur ki, bu futbolçuların gücü var və komandalarına fayda verirlər. Adlarını çəkdikləriniz yaxın yoldaşlarımdı, vaxtilə birgə də oynamışıq. Onlara bundan sonrakı karyerasında da uğurlar arzu edirəm. Amma mən stimul alıb oynamıram. Nə qədər gücüm var və fayda verirəmsə, meydanda olacam.
- Azərbaycan futbolunda karyerasını ən gec bitirən Əli Quliyev olub.  Veteran futbolçu yalnız 53 yaşdan sonra butslarını divardan asdı. Onun rekordunu qırmaq istərdin? - Əli müəllim ağsaqqalımızdı. O, cavanlığında fiziki və dözümlülük baxımından çox güclü futbolçu olub. Rekord bərdəli veteranımızın adı ilə bağlı qalsa yaxşı olar (gülür). Qarşıma rekord qırmaq hədəfi qoymamışam. Nə qədər gücüm olacaq, o qədər də oynayacam.
 
- Axır ki, Azərbaycan yığmasının baş məşqçisinin adına aydınlıq gəldi. Qarşıdakı 4 ildə portuqaliyalı Fernandu Santuşla yola davam edəcəyik. Ölkənin əsas komandasının sabiq üzvü kimi gələcəyimiz haqqında nə deyərdin? - Bu gün hamı yığmadan qısa zamanda böyük uğur gözləyir. Deyirlər ki, Gürcüstan AÇ-na getdi, biz niyə gedə bilmirik və s. bu kimi qınaqlar səslənir. Millidən tez bir zamanda uğur gözləmək düz deyil, nə də elə sehrli çubuğumuzda yoxdu ki, bir anın içində gözümüzü DÇ və AÇ-də açaq. Hazırkı yığmanın heyəti pis deyil, ayrılıqda hər bir futbolçunun yaxşı potensialı var. Sadəcə, biz hələ Avropanın dinamik futboluyla ayaqlaşa bilmirik. Bunun üçün bəlli işlər görməli, zaman keçməlidi. Amma düzgün istiqamətdə olduğumuzu düşünürəm. Ona görə də gəlin, pessimizmə qapılmayaq. ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
sport24.az

1Mənbələr