AZ

Sabiq “Neftçi”li: “Bu imkanı mənə tanımadıqlarına görə çox üzülürəm” (MÜSAHİBƏ)

“Neftçi” ilə Azərbaycan çempionu və ölkə kubokunun qalibi, “ağ-qaralar”la Azərbaycanı ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsində təmsil etmiş braziliyalı futbolçu Bruno Bertuççi “FutbolPress”ə müsahibə verib. 34 yaşlı futbolçu ilə “Neftçi”nin hazırkı vəziyyəti, problemlər və s. məsələlər haqda söhbətləşdik.

– Öncəliklə təşəkkür edirəm ki, geridönüş edib, müsahibə verməyə razı oldunuz. Maraqlıdır, hazırda nə işlə məşğul olursunuz?
– Hazırda fəaliyyət göstərən bir neçə futbol məktəbim var. İllər ərzində öyrəndiyim bilikləri, qazandığım təcrübələri indi uşaqlara aşılayıram. Onlara futbol biliklərini təkcə texniki və taktiki cəhətdən deyil, həmçinin mədəniyyətlər haqda da məlumat verirəm ki, gələcəyə daha hazırlıqlı olsunlar.

– “Neftçi” azarkeşləri sizi və çıxış etdiyiniz kollektivdəki bir çox futbolçuları hələ də xatırlayır. Sabiq komandanızın oyunlarını izləyirsiniz?
– Öncəliklə oyun deyim ki, Azərbaycan xalqı və “Neftçi” azarkeşlərinin hələ də məni unutmaması şəxsim adına qürur mənbəyidir. Bu onu göstərir ki, bizim klub tarixində rolumuz olduqca önəmlidir. Oyunları izləmək məsələsinə gəldikdə isə deməliyəm ki, bütün matçları izləyə bilmirəm. Məşqlərə çox zaman ayırdığım üçün vaxt olmur. Həmçinin bu yaxınlarda qızım dünyaya gələcək. Daha çox onlara vaxt ayırıram. Amma imkan daxilində bütün nəticələri izləyirəm.

– Onda məlumatlısınız ki, bu il komanda turnir cədvəlində 5-ci oldu və avrokuboklardan kənarda qaldı. Sizcə, bu məsələdə günahkar kimdir?
– Hazırda klub daxilində nələrin baş verdiyini demək çətindir. Çünki məsələyə tam bələd deyiləm. Buna görə də kimisə günahlandıra bilmərəm. Amma bütün uğurların arxasında düzgün planlama dayanır. Hər bir klubun yaxın və uzaq müddət üçün strategiyası və hədəfi olmalıdır. Yalnız bundan sonra nəticə qazanmaq olar. Komandanın avrokuboklardan kənarda qalması isə olduqca üzücüdür.

– “Neftçi” uzun zamandır çempion olmağı bacarmır  Bununla yanaşı, “Qarabağ”ı da məğlub edə bilmir. Halbuki sizin çıxış etdiyiniz zaman mənzərə fərqli idi.
– Xatırlayıram. Düzdür, mənim çıxış etdiyim vaxtda da “Qarabağ” bizim üçün çətin rəqib olub. Amma o zaman komandamızın potensialı daha yüksək idi. Onlar yaxşı idisə, biz rəqibdən daha üstün idik. Biz onları məğlub edə bilirdik. Həmçinin, Azərbaycan çempionu olduq, həm də ölkə kubokunu qazandıq. Bu da “Neftçi”nin gücündən xəbər verirdi.

– Həmin illər xatirənizdə necə qalıb?
– Azərbaycanda karyeramın ən yaxşı mərhələsini yaşadım. Fiziki və texniki cəhətdən olduqca hazırlıqlı idim. Əlimdən gələnin ən yaxşısını edə bilirdim. Oyunumla yazılan tarixə töfhəmi verdim. Həmin illər mənim üçün unudulmaz idi.

– Azərbaycan üçün darıxırsınız?
– Bəli, Azərbaycan, xüsusən də Bakı üçün çox darıxmışam. Ailəmlə birlikdə orada inanılmaz anlar yaşadıq. Yaşadığım və orada öyrəndiyim şeyləri heç vaxt unutmayacağam. Bakı həyatımın bir hissəsi oldu. Qeyd etdiyim kimi, şəhəriniz üçün çox darıxıram.

– Bakıya nə vaxtsa səfər etməyi planlayırsınız?
– Sizə bir məsələni deyim. Mən tək Bakıya yox, “Neftçi”yə yenidən qayıdıb, çempion olmaq istəyirdim. Dəfələrlə buna cəhd etmişəm. Komandaya çox fayda verə bilərdim. Amma bu imkanı mənə tanımadıqlarına görə çox üzülürəm. Bilmirəm məni kim və niyə qəbul etmədi. Amma bir şeyi qeyd edə bilərəm ki, komanda düzgün razılaşmalar əldə etmir. Düzgün iş aparsaydılar, ora mütləq çempion olmaq üçün gələcəkdim. Lakin alınmadı. Ümid edirəm ki, bir gün ailəmlə birlikdə xoşbəxt olduğum ölkəyə yenidən səfər edəcəyəm.

– Sonda azarkeşlərə, “Neftçi” rəhbərliyinə buradan nə demək istərdiniz?
– Bir çoxları mənim dövrümdəki heyəti olduqca güclü hesab edir. Bəzi futbolçuları “Neftçi” “əfsanələri” adlandırırlar. Kaş ki, hazırkı “Neftçi” rəhbərliyi yenidən bizi bir araya gətirib, bir matç təşkil edə. Bu, bizim Bakıya gəlməyimiz, həmçinin azarkeşlərlə görüşməyimiz üçün bir fürsət olar. Burdan azarkeşlərə səslənirəm ki, onları unutmamışam.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
futbolpress.az

1Mənbələr