AZ

“Bugünkü Azərbaycan o düsturun kəşfinin və tətbiqinin əsəridir” - Cəmaləddin Quliyev

Yazını böyüt
Yazını kiçilt

“Heydər Əliyevin milli xilas düsturu bu seçimdə idi- cəmiyyətin bütün spektri dövlətdə təmsil olunmalı, ölkəni böhrandan çıxarmaq üçün daşın altına əl qoymalı idi. Bu model cəmiyyətin tələbi idi, bu model əsasında formalaşan yeni hakimiyyət mərkəzdən qaçma meyillərinin(separatizmin) qarşısını almağa və xarici təzyiqləri neytralllaşdırmağa imkan verirdi. Milli xilas düsturunun mahiyyəti Heydər Əliyevin 91 ziyalının tarixi müraciətinə verilən cavabda ifadə olunmuşdu. Öz punktuallığı və dəqiq analitikası isə seçilən cavabı sadəcə yeni yaranacaq partiyanın deyil, yeni Azərbaycan dövlətçilyinin manifesti də adlandırmaq olardı”.

Bunu hafta.az-a siyasi şərhçi Cəmaləddin Quliyev 15 iyun qurtuluş günü ilə bağlı təhlilində qeyd edib.

C.Quliyev bildirib ki, 20-ci əsrin sonlarında- 90-cı illərdə Azərbaycan yenidən ağır sınaqlarla üz –üzə qalmışdı. Ölkə ərazisinin 14 faizindən çoxu itirilmişdi, 20-ci əsrin əvvəllərində cavabı tapılmış suallar belə yenidən mübahisələndirilir, yenidən yaradılan süni kimlik böhranı bizi Dağlıq Qarabağdan sonra ölkənin müxtəlif regionlarında da separatizm təhlükəsi ilə təhdid edirdi. Məhdud büdcə, ordu quruculuğunda yarımçıqlıq, dövlət quruculuğunun geosiyasi macəraçılıqla əvəzlənməsi elə bir həddə çatmışdı ki, çox şeyə yenidən, sıfırdan başlamaq lazım gəlirdi. Nicat yolu, xilas düsturu əslində ağır vəziyyətin özündə tapıla bilərdi: buraxılan, ölkənin get -gedə dibə itələyən yanlışlardan qaçınmaq. Amma bu sadə həll yolunu nədənsə ya görmür, ya da görməməkdə inad edirdilər.
“Cəmiyyətin vəziyyətdən çıxış üçün nicat ünvanı kimi baxdığı Heydər Əliyevin ətrafında 10-larla deyil (91 nəfər), minlərlə şəxs məmnuniyyətlə toplanardı. Xüsusən o illər yaşadığı Naxçıvanda və yurd- yuvasında didərgin salınmış soydaşlarımız arasında Heydər Əliyevin arxasınca getməyə hazır olan şəxslərin sayı yetərtincə idi. Artıq təcrübəli şəxs, siyasi xilaskar axtarışı sadəcə cari sosial sifariş olmaqdan çıxıb ümummilli tələbata çevrilmişdi. Amma bu tələbatın ümummili səciyyəsi təsbit olunmalı idi. Heydər Əliyevə tarixi müraciəti imzalamış ziyalıların sosial, etnik və regional mənşə baxımından rəngarəngliyi məhz belə bir təsbit idi. Bu tərkib həm də monoetnik və monososial hakimiyyət formalaşdırmaq cəhdlərinə, geosiyasi macəraçılığa qarşı cəmiyyətin sərt reaksiyası kimi başa düşülməlidir: etnik millətçilik yox- xalqçılıq; monosubkultura yox- çoxmədəniyyətlilik; regional separatizm meyilləri yox - unitar Azərbay¬can dövləti; yeni böyük qardaşlar yox- müstəqil və balanslı xarici siyasət. Gözləntilər, tələbat belə idi.
Qısa müddətdə: yenidən dilin konstitusion adı bərpa edildi, ilk dəfə Azərbaycan İslamından bəhs edilməyə başlandı, ölkəyə Qərb kapiatalı gəldi, “Əsrin müqviləsi” imzalandı, bütün müqavimətlərə rəğmən karbohidrogen ehtiyatlarının Gürcüstan və Türkiyə üzərindən daşınması qətiləşdirildi, bu zaman hər hansı qonşu paytaxtla kəskin qarşıdurmalara gedilmədi, parlament seçkiləri keçirildi, Konstitusiya qəbul edildi”.

C.Quliyev qeyd edib ki, Heydər Əliyev xalqın xilasının xalqın öz əlində olduğuna inanmış, bu inamı cəmiyyətə də aşılamış, xalqın özünə, dövlət aparatına inamını bərpa edə bilmiş, xalqın bütün sosial, dini və etnik qruplarını bir məqsəd- azərbaycançılıq naminə səfərbər edə bilmişdi. Bütün dahiyanə kəşflər kimi bu siyasi düstur da sadə idi, çoxları görə və tətbiq edə bilərdi. Amma yalnız O - 101-ci yubileyini qeyd etdiyimiz Heydər Əliyev bu həlli görüb xilas düsturuna çevirə və tətbiq edə bilmişdi. Bugünkü Azərbaycan o düsturun kəşfinin və tətbiqinin əsəridir”.

 

C.Quliyev Heydər Əliyev fonomenindən danışarkən öz milləti, dövləti, cəmiyyət və bütövlükdə bəşəriyyətin xilası, inkişafı prosesində özünün ağlı, bilgiləri, düşüncələri ilə seçilmiş, liderlik xüsusiyyətinə malik şəxsiyyətlərin oxşar fəlsəfəsini qeyd edib.
“Kimyaçı, riyaziyyatçı, fizik... alimlər ən dahiyanə kəşflərini sanki əvvəlcədən bildikləri bir fakt kimi sadəcə təsbit edirlər. Yaxşı bəstələr hazırdır, musiqiçi onu sanki səmadan, təbiətdən alıb nota köçürür. Alimin, bəstəçinin böyüklüyü, dahiliyi hamının görə biləcəyi, amma nədənsə görmədiklərini görüb düzgün ifadə edə bilməsindədir.

Bu yanaşma əslində siyasət üçün də keçərlidir. Cəmiyyəti, dövləti çıxmazlardan çıxarmaq üçün həllər sanki hamıya əyandır, müşkülləri çözmək üçün düsturları sanki hamı görə bilər. Amma nədənsə hamının görə biləcəklərini, hamıya əyan ola biləcəkləri hər kəs görmür, tətbiq etmək istəmir, bəzən istəsə belə buna iradəsi çatmır.

20-ci əsrin əvvəllərində Azərbaycan ağır siyasi sınaqlardan keçməli, nəhayət, ağır kimlik böhranına son qoymalı, “biz kimik?”, “nə istəyirik?”, “yolumuz hayanadır?” suallarına cavab tapılmalı idi. O cavablar tapıldı, yoxdan bir ideal yaradıldı, “madam ki dilimiz türk-Azərbaycan dilidir, demək məmləkətimiz Azərbaycan, biz də azərbaycanlıyıq” deyildi. Kimlik böhranı əsasən aşıldı, bir coğrafiya siyasi məzmun qazandı. Bu, qurucu babaların bizə qoyduğu böyük miras idi. “Qurucu babalar” termininə də aydınlıq gəlməsinə ehtiyac var; yalnız Cümhuriyyət liderləri deyil, bu sualları verib cavab axtaran böyük ziyalılarımız-Zərdabi, Şaxtantinski, Mirzə Cəlil, Ünsizadə qardaşları da... “qurucu “ adlandırılmağa layiqdirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
hafta.az

1Mənbələr