AZ

Türkiyə doğru bildiyi addımları atır - Qafar Çaxmaqlı

Yazını böyüt
Yazını kiçilt

Heç bir iqtisadi potensialı olmayan, Avropa Birliyi çərçivəsindən uzaq bəzi ölkələr bu quruma alındılar, Türkiyə isə yox

Hazırda Türkiyədə fəaliyyət göstərən ermənişünas alim Qafar Çaxmaqlı ilə hafta.az üçün budəfəki söhbətimizdə – Türkiyənin Rusiyanın aparıcı rol oynadığı “BRİKS” təşkilatına üzv olmaq arzusunun xarici işlər naziri səviyyəsində bəyan olunması; həmin quruma üzv olmağın qardaş ölkəyə verə biləcəyi mümkün iqtisadi, yaxud siyasi faydalar; Ərdoğan hökumətinin İsrail dövləti ilə faktiki “soyuq müharibə” şəraitində  olması; rəsmi Ankaranın İrəvandakı Paşinyan hökumətinin hakimiyyətdə qalmasına birbaşa və ya dolayısı isə dəstək verə bilməsi ehtimalı; Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılmasının Azərbaycan-Ermənistan sülh sazişi ilə birbaşa bağlılığı; Türkiyə dövlətinin son dövrlərdə ölkədə yaranmış ağır iqtisadi-sosial durumdan çıxmaq üçün gördüyü tədbirlər və s. mövzulardan bəhs etdik.

– Türkiyə XİN başçısı Hakan Fidanın Çində də, Rusiyada da ölkəsinin “BRİKS”ə daxilolma arzusunu ifadə etməsi, həmin qurumun Rusiyadakı tədbirinə qatılması, hətta “BRİKS”i “Avropa Birliyinə alternativ” adlandırması Ərdoğan iqtidarının doğrudanmı Moskvanın aparıcı rol oynadığı quruma üzvlükdə maraqlı olmasını ifadə edir, yoxsa bu, rəsmi Ankaranın növbəti özünəməxsus gedişi, manevridir?

– Nəzərə almaq lazımdır ki, Türkiyə artıq regional yox, qlobal gücdür və onun üçün dividend gətirəcək istənilən ittifaqa daxilolma və orada söz sahibinə çevrilmə imkanlarını dəyərləndirə bilər. “BRİKS” də belə qurumlardan biridir. Türkiyənin NATO üzvü olmasının buna əngəl törədəcəyini düşünmək yanlışlıqdır. Bu ittifaqa maraq göstərmək, həm də ona daxil olmaq anlamına gəlmir, diplomatiyada manevrlər də məqbul gedişlərdir...

– “BRİKS”ə daxil olmaq Türkiyəyə gerçəkdən hansısa iqtisadi, yaxud siyasi fayda verə bilərmi?

– Bu quruma maraq göstərməklə Türkiyə hər zaman öz dövləti maraqlarını hesablayacaq. Avropa Birliyi ilə bağlı Türkiyənin uzun illərdən bəri sərgilədiyi açıq siyasət ortadadır. Heç bir iqtisadi potensialı olmayan, Avropa Birliyi çərçivəsindən uzaq bəzi ölkələr bu quruma alındılar, Türkiyə isə yox. Məcbur alternativlər axtarılmalıdır. Bunlardan biri türk birliyi ola bilər. Bu sahədə də Türkiyənın qərarlı addımlarını yaxında görə biləcəyik...

– Türkiyə belə bir addım atarsa, yəni “BRİKS”ə daxil olarsa, üzvü olduğu NATO-nun, Qərbin, ABŞ-nin buna reaksiyası necə olar?

– Türkiyə indi elə dövlət deyil ki, siyasətini kiminsə iradəsinə uyğunlaşdırsın. Ötən illərin təcrübəsi də göstərir ki, Türkiyə kimin reaksiyasının necəliyindən asılı olmayaraq, doğru bildiyi addımları atıb...

– Digər tərəfdən, Ərdoğan hökuməti İsrail dövləti ilə faktiki “soyuq müharibə” şəraitindədir. Bu barədə nə deyə bilərsiniz?

– İsrailin davranışları ilə bağlı Türkiyənin siyasəti də dəyişilməzdir. Harada bir zülm varsa, Türkiyənin orada olması bu dövlətin ənənələrindən gələn bir tutumdur. Qəzzadakı hadisələr Yaxın Şərqdə uzun illər formalaşmış İsrail mifinin puç bir şey olduğunu göstərdi, bu, İsraillə “soyuq müharibə” anlamına gəlməz. Məncə bu, ədalətin bərpa olunması mənasını ifadə edər. Dünyanın 140-a yaxın ölkəsi Fələstin dövlətini rəsmən tanıdı. Həm də Türkiyənin yaxın Şərqdə “PKK” dövləti qurmağa yardım edən qüvvələrə qarşı kart blanşıdır...

– Bir müddət öncə Türkiyənin tanınmış yazarı Nevzat Çiçək dedi ki, Paşinyanı xarici və daxili təhlükələrdən türk xüsusi təyinatlıları qorumalıdır. Bundan az sonra isə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirdi ki, “Paşinyanın sülh barədə açıqlamalarını müsbət hesab edirəm. Düşünürəm ki, o, həm ölkəsi, həm də cəmiyyəti üçün düzgün iş görüb və real yanaşmaya malikdir”. Necə hesab edirsiniz, Türkiyə dövlətinin hazırkı Ermənistan hökumətinə real münasibəti necədir? Doğrudanmı, rəsmi Ankara Paşinyanın hakimiyyətdə qalmasına birbaşa və ya dolayısı dəstək verir?

– "İndependent Türkçe"nin hörmətli baş yazarının, Nevzat Çiçək bəyin söylədikləri bir jurnalistin arzuları ola bilər. Ermənistanı izləyən biri olaraq deyim ki, Paşinyanı qorumağa da ehtiyac yoxdur. Onu aradan götürmək təhlükəsi bir ölkədən gələ bilər – Rusiyadan. Moskvanın isə belə məramı ona görə yoxdur ki, Paşinyan Rusiyaya bu ölkədə aktiv siyasət yürütmək imkanları verir.  Başqa sözlə, Paşinyan Rusiyaya da sərf edən fiqurdur. Rusiya Ermənistan baş nazirinə "Qərbin adamı", "Sorosçu" adı qoyub, bu ölkədəki proseslərə nəzarət etmək imkanı əldə edir. Əlbəttə, Nevzat bəyin Paşinyanın sülhlə bağlı yorumu doğrudur. Paşinyanın Azərbaycanla sülhdən başqa alternativi varmı?  Zənnimcə, Türkiyənin Ermənistandakı proseslərə təsir imkanları çox məhduddur. Bəs Paşinyanın hakimiyyətdə qalması Türkiyəyə sərf edirmi? Hesab edirəm, bunun elə də bir əhəmiyyəti yoxdur. Axı Türkiyə bu işə niyə qarışsın ki?

– Necə düşünürsünüz, Azərbaycanla Ermənistan arasında sülh danışıqları, sərhədlərin müəyyənləşdirilməsi prosesi daha da sürətlənərsə, bu, tezliklə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına gətirib çıxararmı?

- Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması Azərbaycan Ermənistan sülh sazişi ilə birbaşa bağlıdır. Türkiyə gözləyir. Qardaş ölkənin maraqları var və onların reallaşması nəticəsində sərhədlərin açılması və  Ermənistanla diplomatik əlaqələrin qurulması bir neçə günün işi olacaq...

– Hazırda Türkiyədə yaşayıb-işləyən bir alim kimi oradakı sosial çətinlikləri öz üzərinizdə hiss edirsinizmi? Aylıq məvacibiniz normal yaşamağa imkan verirmi?

– Bəli, Türkiyə iqtisadi çətinliklər yaşayır, amma bundan faciəli durum kimi bəhs etmək doğru deyil. İnflyasiya, bahalaşma  var, hökumət bəlli planlarla onun qarşısını almaq üçün tədbirləri görür və nəticələr də alınır. İqtisadi proqramların həyata keçirilməsi prosesi gedir. Türkiyə böyük, qüdrətli ölkədir, dövlətdir və bu çətinliklərin öhdəsindən də gələcəyinə mənim də inamım var...

– Sizcə, Türkiyə dövləti tezliklə bu ağır iqtisadi-sosial durumdan çıxa biləcəkmi? Və necə çıxacaq?

– Türkiyədə iqtisadi durumu nəzarətə almaq tədbirləri ilə bağlı hökumət proqramı var və elan olunub ki, ilin sonuna qədər inflyasiya tək rəqəmə düşəcək. Hər halda, bu durumun aradan qaldırılması üçün qərarlılıq var, dövlətin resurs və potensialı yaxın müddətlərdə iqtisadi-sosial vəziyyətin yaxşılaşacacağına ümidləri artırır...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
hafta.az

1Mənbələr