AZ

Ekspertlər istirahətin vacib, valideynlərsə qiymətlərin baha olduğunu deyirlər

Daha bir tədris ili arxada qaldı. Valideynlərin qayğıları ilk baxışda 3 aylığına da olsa, azaldı. Ancaq indi başqa qayğı başlayır. Yay mövsümündə uşaqları dincəlmək və dərs ilinin stresini daha yaxşı “atmaq” üçün hara aparmalı? Azərbaycanda qiymət və keyfiyyət (servis) baxımından uşaqların istirahəti üçün ən sərfəli məkanlar haradır, varmı?Qeyd edək ki, valideynlərin daha çox narazı qaldığı uşaqlar üçün təşkil olunan yay düşərgələrinin olduqca baha olması ilə bağlıdır. Qeyd edək ki, yay düşərgələrinin bir həftə üçün qiymətləri təqribən (gecələmədən) 700-1000 manat arası dəyişir.   Pedaqoq Balabəy Quliyev uşaqların yay tətilində istirahətini təşkil etməyin vacib olduğunu vurğulayır: “Artıq qızmar günəşli yay fəsli bizimlədir. Şagirdlər yay tətilinə buraxılıblar. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox valideynlər yay tətilində də öz övladlarına istirahət etmək imkanı yaratmırlar. Yayda ən azından avqustun sonuna kimi uşaqların bütün məşğələlərini saxlamaq lazımdır. Valideynlərin bir çoxuna elə gəlir ki, tətil günlərində uşaqları dərsliklərlə məşğul olmasalar, daha da geridə qalacaqlar, bilikləri zəifləyəcək. Bu çox səhv fikirdir. Yay tətilində uşaqlar yalnız istirahət etməlidirlər. Təmiz havada çox olmalı, bol-bol günəş vannası qəbul etməli, dəniz havasında çox olmalı, bacardıqca çox yerli yay meyvələrdən yeməlidirlər. Valideynlər həmişə həyacanlıdırlar, uşağım niyə filan fəndən 4 aldı? Guya yayda məşğələlərə getməklə onlarda irəliləyiş olacaq. Əvvəla maddi baxımdan özlərinə, sonra isə mənəvi və fiziki baxımdan özləri də bilmədən övladlarına ziyan vuran valideynlər övladlarından onların qəbul edəcəyindən çox şey tələb edirlər. Uşaqlarınıza rəhm edin, onlara istirahət etmələri üçün şərait yaradın. Onları öz doğma rayon və kəndlərinə babalarının, nənələrinin yanına qonaq aparın, birlikdə dəniz qırağına, meşələrə gəzintilərə çıxın. Mənə elə gəlir ki, bütün bunları etmək üçün elə də çox maddiyata ehtiyac olmur. Qoy uşaqlar yeni dərs ilini gümrah, sağlam zehinlə qarşılasınlar. Heç olmasa məktəbdə müəllimlərinin ”Sən yay tətilini necə keçirdin?" sualına cavab verərkən real keçirdikləri yay tətilindən danışa bilsinlər".Ceyhun AşurovTurizm üzrə ekspert Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları bildirib: “Tədris ilinin sonudur, universitetlərdə də imtahanlar yekunlaşır. İnsanların bundan sonra tətil dövrü başlayır. Ailələrin kifayət qədər boş vaxtları var. Regionlarda istirahət yenə də prioritetdir. Düzdür, xaricə səfər edən ailələr də var. Amma nəzərə almaq lazımdır ki, xarici səfərlər üçün builki qiymətlər kifayət qədər yüksəkdir. Yüksək qiymətlər daxili bazara tələbin artmasına səbəb olur. Əgər əvvəllər insanlar dost, qohumları ziyarət edirdilərsə, bəzən valideynlər öz qohumları yaşayan rayonlara, ata-baba ocaqlarına üz tuturdular. Uşaqlar yay tətilini müxtəlif regionlarda keçirirdilər. Müxtəlif kamplar var idi ki, orada yay tətilini keçirirdilər. İndi istirahət etmək insanlar üçün bir zərurət halını alıb, çünki buna sosial şəbəkələr, müasir dövrdə həyat tərzimiz də təsir edir. Bakıda kimin bağ evi varsa, bağına gedir, bəziləri çimərliklərə gedir, dənizkənarı yerlərdə dincəlməyə çalışırlar. Məqsəd o deyil ki, gedib bir neçə gün haradasa qalasan. Bir günlük də olsa turlara qoşulanlar da var. Turizm şirkətləri də daxili turlar hazırlayırlar. Azərbaycanın Qarabağ regionu daxil, müxtəlif regionlarına birgünlük turlar təşkil edirlər ki, bunların qiyməti elə də yüksək deyil. Birgünlük, ikigünlük, üçgünlük turlar olur. Amma regionlarda da ailəvi istirahət etmək istəyənlər üçün bütün zonalara səfərlər təşkil edilir. Uşaqların dincəlməyi üçün müxtəlif kamplara rast gəlirik, 7-16 yaş aralığında uşaqlar üçün nəzarət altında olan müəyyən kamplar var, bunları təşkil edən xüsusi şirkətlər var. Yatılı, yatılı olmayan düşərgələr var ki, bunların da (bir həftəlik) qiyməti 450 manatdan 1000 manat arasında dəyişir”. Ekspert əlavə edib ki, bu il rayonlarda turizm gözlənildiyindən baha başa gəlir: “Əslində çox baha deyil. Sadəcə büdcəmizə uyğun yerlərin seçim imkanları məduddur. Amma hər il bazara yeni qalma yerləri əlavə olunur. Əgər əvvəl qohum-dost evlərində qalırdıqsa, artıq regionlarda qalmaq üçün kənd evləri çoxalmağa başlayıb”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
tehsilforumu.az

1Mənbələr