AZ

Əfsanəvi voleybolçu İnna Rıskalın 80 illik yubileyi keçirilib

Əfsanəvi voleybolçu İnna Rıskalın 80 illik yubileyi keçirilib

Azərbaycanın Rusiya Federasiyasındakı (RF) Səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, eləcə də Moskvadakı Azərbaycan diasporunun üzvləri Azərbaycan voleybolçusu, ikiqat Olimpiya çempionu, Dünya çempionu, Dünya Kubokunun qalibi, üçqat Avropa çempionu, SSRİ-nin əməkdar idman ustası İnna Rıskalı anadan olmasının 80 illiyi münasibətilə təbrik ediblər. Onlar ölkənin voleybol əfsanəsini ziyarət edib və ildönümü münasibətilə təbriklərini çatdırıblar.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, səfirliyin əməkdaşları səfir Polad Bülbüloğlunun İnna Rıskalın yüksək idman nailiyyətlərini qeyd etdiyi təbrik məktubunu oxuyublar.

“İdmandakı uzunmüddətli və uğurlu karyeranız gənc nəsil üçün nümunə və ilham mənbəyidir. Nailiyyətləriniz bir daha sübut edir ki, arzulara və yeni zirvələrə can atanlar üçün heç bir maneə yoxdur. Xüsusilə günəşli Bakıda doğulub böyüməyiniz, idmanda əsl qələbələrə imza atmağınız səmimi qürur doğurur”, - məktubda qeyd olunur.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova İnna Rıskalı həm hücumda, həm də müdafiədə parlaq oyun nümayiş etdirən universal voleybolçu adlandırıb.

Bakıda doğulan doğma idmançımızın adı dünya voleybolunun Şöhrət zalına əbədi olaraq daxil edilib, İnna Rıskalın nailiyyətləri və qələbələri Ginnesin Rekordlar Kitabına salınıb.

“Dünyanın bütün qızıl medallarını qazanmısınız. Bu gün Siz 80 illik yubileyinizi qeyd edirsiniz. Sizi təbrik etmək və uzun illər boyunca cansağlığı və firavanlıq arzulamaq imkanımız olduğuna görə şadıq”, - deyə Tamilla Əhmədova bildirib.

İnna Valeryevna Heydər Əliyev Fondunun rəhbərliyinə, Azərbaycan səfirliyinə və bütün soydaşlarımıza xoş təbriklərinə görə təşəkkürünü bildirib. Məşhur idmançı Azərbaycanı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə görüşlərini xüsusi səmimiyyətlə xatırladığını qeyd edib.

“Olimpiya oyunlarındakı qələbəmizdən sonra Heydər Əliyev Rəfiqə Şabanovanı, Lyudmila Şubinanı və məni qəbul etdi. Onu indi də xüsusi səmimiyyətlə xatırlayıram, çox mehriban, gözəl insan idi, onun kimiləri az idi. İdmana, idmançılara böyük qayğı göstərirdi. Heydər Əliyevin tapşırığı ilə ailəmizə Bakıda dəbdəbəli mənzil ayrıldı”, - deyə əfsanəvi voleybolçu bəhs edir.

İnna Valeryevna üçün Azərbaycan həmişə doğma ev olaraq qalır. “Hamıya deyirəm ki, mən və ailəmin bütün üzvləri Bakıda anadan olub. Azərbaycan gözəl ölkədir, ölkəmin xalqı da gözəldir. Doğma Bakımı tez-tez xatırlayıram”, - deyə idmançı qeyd edir.

İnna Valeryevna Rıskal 1944-cü il iyunun 15-də Bakıda anadan olub. 12 yaşında voleybol bölməsinə gələn İnna Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın və SSRİ-nin Əməkdar məşqçisi Şamil Şamxalovun rəhbərliyi altında oyunun əsaslarını öyrənməyə başlayıb. Voleybol standartlarına görə kiçik boyuna baxmayaraq, İnna Rıskal dərhal diqqəti cəlb etdi və artıq 15 yaşında karyerası boyunca oynadığı “Neftçi” qadın voleybol komandasında debüt etdi.

Güclü və gözlənilməz hücum zərbəsinə görə idmançını “Xəzər tufanı” adlandırırdılar. “Neftçi”inin tərkibində Azərbaycan SSR-in komandasında iki dəfə SSRİ çempionatlarının bürünc mükafatçısı, SSRİ Xalqları Spartakiadasının və 1967-ci il SSRİ çempionatının gümüş mükafatçısı olub.

Karyerasını başa çatdırdıqdan sonra o, Bakı qadın voleybol idman məktəbində məşqçi vəzifəsində çalışıb. 2000-ci ildə İnna Rıskal voleybolun vətəni sayılan Amerikanın Massaçusets ştatının Holioke şəhərində yerləşən Voleybol Şöhrət Zalına daxil edilib. 2001-ci ildə Beynəlxalq Voleybol Federasiyası İnna Rıskala “Dünya voleybolunda görkəmli nailiyyətlərə görə” xüsusi mükafat verib. XX əsrin ən yaxşı voleybolçusu seçimində o, yalnız kubalı Reqla Torresə uduzaraq ikinci yeri tutub.

İnna Rıskalın həyat yoldaşı Aleksandr Syomin məşhur futbolçu, “Neftçi” komandasının müdafiəçisi, SSRİ idman ustası olub. Futbolçu karyerasını başa vurduqdan sonra Azərbaycan SSR-də idman bazası şöbəsinin müdiri vəzifəsində çalışıb.

Fəridə Abdullayeva

Moskva

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
ilk.az

1Mənbələr