AZ

Bu gün Şahlar Əsgərovun DOĞUM GÜNÜDÜR

Bayramın bayrama qarışdığı bu günü həm də elmimizin bayramı adlandıra bilərik. Kəlbəcər torpağının ədəbiyyatımıza bəxş etdiyi simalarla yanaşı elm sahəsində uğur qazanmış insanları da az deyil. Bu gün elmə verdiyi töhfələrlə dünyada şöhrət qazanmış görkəmli ziyalı, əməkdar elm xadimi, professor, tanınmış təhsil eksperti Şahlar Əsgərovun doğum günüdür.



Ömrünün 83 ilini arxada qoyan professor Şahlar Qaçay oğlu Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olub və orta təhsilini burada alıb. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib və təyinatla universitetdə saxlanılıb. 1964-1967-ci illərdə ADU-nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan İnstitutunda prof. L.A.Senanın rəhbərliyi altında fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan, mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə, ABŞ-ın Kosmik Tədqiqatlar üzrə Baş İdarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər. Şahlar Əsgərovun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamət fiziki elektronika və mikroelektronikaya aid olan metal — yarımkeçirici kontaktının (MYK) öyrənilməsidir. 1974 -cü ildə Danimarka Texniki Universitetində birillik staj keçmədə olarkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal — yarımkeçirici kontaktına tətbiq edib və kontakt üçün qeyri- bircins model təklif edib. Bu istiqamətlərdə onun aldığı nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunub, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer alıb. Belə ki, Ukrayna və Moldova Elmlər Akademiyasının alimlərinin 1999 -cu ildə birgə çap etdirdikləri monoqrafiyada (E.F. Vaqner i druqiye: Mejfaznıe vzaimodeystviya i mexanizmı deqradasii v strukturax metall -İnP i metall -GaAs). Ş.Əsgərovun familiyası dünyada bu sahənin yaradıcıları və baniləri sırasında çəkilib. O, bir çox məşhur alimlərlə birgə elmi məqalə müəllifidir. Professor, L.Sena (Leninqrad), L.Prane Viçyus (Kaunas), V.Yurasova (Moskva), V.Strixa (Kiyev), P.Prehn (Kopenhagen), M.Lukkala (Helsinki), L.Şelyakin (Moskva), A.Şkavro (Kiyev), A.Arş (Ryazan) və digər dünya alimləri ilə əməkdaşlıq edərək birgə məqalələr çap etdirib.



Həm birinci, həm ikinci elmi istiqamət üzrə, o, 20-yə qədər dissertasiya işinə, 100-dən çox diplom işinə rəhbərlik edib. Bu səbəbdən də, onun elmi fəaliyyəti haqqında məlumat Rusiyada çap olunan «Rossiyskie nauçnıe şkolı» ( t.3, str.32, Moskva, 2010) kitabının 32-ci səhifəsində verilmiş, elmi məktəbin banisi kimi «Nauçnaya şkola imeni Ş.Q.Askerova» sertifikatı ilə təltif edilib. Həmçinin, onun elmi fəaliyyəti və tərcümeyi-halı «Vıdayuşiysaya uçenıye Rossii» Enisklopediyasının 6-cı cildinə daxil olunub.



O, Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. Ş.Əsgərovun tədqiqatlar apardığı üçüncü sahə — təhsilin fəlsəfəsi, daha doğrusu, sosial fəlsəfə və pedaqogikadır. Alim hesab edir ki, bugünkü dövlətimiz keçmiş dövlətin davamı olmadığı üçün, bugünkü təhsil də sovet təhsilinin davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq üçün əvvəlcə yeni təhsilin fəlsəfəsini yaratmaq lazımdır. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi «Biliyin qiymətləndirməsinin yeni şkalası», «Biliyin qiymətləndirməsinin yeni kriteriyası», «Pedaqogika üçün yeni paradiqma» və «Biliyin qiymətləndirməsinin fəlsəfəsi» kimi 20-yə yaxın məqalə 2009 -2010-cu illərdə Rusiyanın mötəbər akademik jurnallarında çap edilib. Tanınmış alimin fəlsəfi mövzulara da həsr olunmuş «Keçid dövrünə fəlsəfi baxış» (1998), «Milli birlik probleminə fəlsəfi baxış» (2001), «Təhsilimiz dünən, bu gün və sabah» (2003), «Düşüncə tərzi» (2008) və digər kitabları özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir. Qeyd edək ki, professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də, onun 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifi olmasıdır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.



Ş. Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olub. Ş.Q.Əsgərovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, «Şöhrət» ordeni (1999) və «Əməkdar elm xadimi» (2001) fəxri adıyla təltif edilib. Bir sira Beynəlxalq Akademiyaların (RAE , ASPN) üzvüdür.



Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında, fəaliyyətinin genişlənməsində Şahlar Əsgərovun böyük xidmətləri, əməyi, zəhməti olub. Bu barədə onun özü belə deyir: «İctimai-siyasi fəaliyyətlə məşğul olmağım zamanla bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyət hər birimizə aydındır. Mənim siyasətə gəlişim də bu ağır durumla, böhranla bağlıdır. Bir Azərbaycan vətəndaşı, ziyalısı kimi, ölkədə baş verən ictimai-siyasi proseslərdən kənarda qala bilməzdim. «Azərbaycan sizin sözünüzü gözləyir». Ulu Öndər Heydər Əliyevə bu sözlərlə müraciət edən Azərbaycan ziyalılarından biri də mən olmuşam. «91-lər»dən biri kimi bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmişəm».



İctimaimedia.az dəyərli professoru ürəkdən təbrik edir, cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
ictimaimedia.az

1Mənbələr