AZ

“Düşünürəm ki, “Sabah” Xorvatiyada orta pillələr uğrunda mübarizə apara bilər” - “Sabah”ın məşqçisi

“Sabah” ötən mövsümə Murad Musayevlə başlasa da, rusiyalı mütəxəssis ardıcıl uğursuzluqlar üzündən “ağ bayraq qaldırdı”.

26-cı turdan etibarən “bayquşlar”ın “sükan”ı xorvatiyalı Krunoslav Renduliçə həvalə edildi. Beləliklə, yeni çalışdırıcının rəhbərliyi altında 11 oyunun səkkizində qələbə qazanan Masazır təmsilçisi Konfrans Liqasına vəsiqəni təmin edib istirahətə yollandı. Bu uğurda pay sahibi olanlardan biri də Renduliçin köməkçisi Saşa Sablyakdı. Baş məşqçinin həmyerlisi hazırda doğma şəhərində - Qoriçada ailəsiylə birlikdədi. 46 yaşlı mütəxəssis bu arada vətəninin məşhur “cityportal.hr” nəşrinə müsahibə verib. Sablyak danışarkən Azərbaycan premyer-liqası və “Sabah”a qədəm qoyduğu gündən bəri yaşananlarla yanaşı, təyinatı və növbəti planlar haqda söz açıb.

– Bir neçə gündü evə dönmüsüz. İki həftə ərzində hansı işlərlə məşğul olduz?
– Bəli, mayın 26-dan bəri istirahət edirəm. Ailəmlə birlikdəyəm (gülümsəyir) və bundan həzz alıram. Dostlarıma görüşürəm. Bəzən kiçik qızım Mona ilə birlikdə 13 yaşlı həndbolçu qızım Luananı tribunadan dəstəkləmək üçün stadiona yollanırıq. Maraqlıdı. Qızımın uğurlu çıxışındən ləzzət alıram. Lakin xoş xəbərlərə emosional yox, obyektiv və real yanaşıram. O ən yaxşı oyunçu mükafatı alanda da belə düşünmüşəm, hansısa kobud davranışıyla məni incidəndə də... Məncə, digər valideynlərdən fərqim budu (qəhvə içir).

– Siz etiraf etmək istəməsəz də, azarkeşlər Luananı çox bəyənir. Deyirlər ki, istedadlı həndbolçudu. Niyə bu barədə müzakirələrə qoşulmursuz?
– Çünki həndbolda yetərincə təcrübəm yoxdu (gülür). Onun nə qədər yaxşı olduğunu qiymətləndirə bilmərəm. Bəlkə bəzi xüsusiyyətlərinə görə yaşıdları ilə müqayisə etmək mümkündü. Məncə, onun xüsusi bacarıqları var. Nə qədər böyük uğur qazana biləcəyini isə zaman göstərəcək. Hər şey özündən asılıdı. Luananın idmanla məşğul olması, həm sosial, həm də fiziki cəhətdən inkişaf etməsi çox önəmlidi. Bildiyimə görə, voleybolda da potensialı var. Amma həndbolu seçdi. Belədə vəzifəm ona dəstək olmaqdı. Bunu sona qədər edəcəm.

– İcazənizlə yeni iş yeriniz haqda danışaq. Necə oldu ki, Qoriçadan az qala 3 min kilometr uzaqda yerləşən Azərbaycanın futbol macərasına qoşulmağa qərar verdiz?
– Həmin gün Kruno (Krunoslav Renduliç – red.) mənə zəng etdi. Sual belə idi: ötən mövsüm çempionatda gümüş medal qazanan, Konfrans Liqasında çıxış edən klubda işləmək istəyirsənmi? Təklifin mənim üçün yaxşı fürsət olduğunu düşündüm. Ertəsi gün Azərbaycana yollandıq. Bizi gözəl qarşılayıb qonaq etdilər. Üç gün ərzində ümumi durumla tanış olduq. Hər şeyi yerində araşdırdıq. Klub bütün mənalarda yaxşı vəziyyətdədi. Əlbəttə, bəzi tanışlardan məsləhət almağı unutmadıq. Xorvatiyaya dönəndən bir neçə gün sonra razılıq əldə etdik və göndərilən müqavilə imzaladıq. Kruno heyətimiz üçün təşkilatçılıq edib işləri tamamladı. Beləliklə, Azərbaycan günlərimin hekayəsi başladı. Paytaxta, qısası, dünyanın gözəl şəhərlərindən biri olan Bakıya köçdük. Amma klub burda deyil. Paytaxtdan 25 kilomter aralıda yerləşən Masazırdadı. Məsafənin azlığı sizi aldatmasın (gülür). Yollarda nəqliyyat o qədər sıxdı ki, Masazıra çata bilmək üçün uzun vaxt sərf edirik. Yollarda məcburi keçidlər, daim siqnal verən sürücülər var. Hamı bir-birini itələyir, əllərini yelləyir, ora-bura qaçır - əsl şərq sürmək üsulu. Amma artıq öyrəşmişik. Məşqlərə gecikməmək üçün hər ehtimala qarşı evdən bir saat tez çıxmaq lazımdı. Bəzən daha tez.

– “Sabah” mövsümə uğurlu başlamamışdı. Qısa müddətdə toparlana bilmək üçün nə etdiz?
– Biz işə başlayanda altıncı pillədəydik. Komandanın 8-ci sırada qərarlaşdığı günlər də olub. 11 oyunda rəqiblərlə mübarizə aparıb istədiyimizi aldıq. Qısa cavab kimi durumu bu üç cümləylə izah edə bilərəm.

– Nələrin baş verdiyini ətraflı eşitmək istərdik...
– İşlərə möhtəşəm start verdik. İlk iki oyunda qələbə qazandıq. Amma komandanın hazır olmadığı, fiziki yöndə böyük problemlərin olduğu bəlliydi. Bunu yeni anlamışdıq ki, ardıcıl iki məğlubiyyət yaşadıq. Həmin an nə edəcəyimizi bilmirdik. Yaxşı ki, birtəhər nəsə bacara bildik və dörd qələbə qazandıq. Bu, bizi qane edə bilməzdi. Çünki avrokuboklar uğrunda mübarizə aparan rəqiblər də qalib gəldiyindən yerimizdən tərpənmirdik. Daha sonra Qəbələyə səfər etdik və oyunçularımız az olduğundan uduzub tam əldən düşdük. Gücümüz “Sumqayıt”la matçda qayıtdı. Həmin oyunda qalib gəlməklə şansımızı son tura saxlamağı bacardıq. Komandada ciddi problem yox idi. Kuracao millisinin üzvünü (söhbət Jarl Martqaritadan gedir – red.) kollektivdən uzaqlaşdırandan sonra müsbət yöndə irəliləyiş əldə edə bildik. Yaxşı ki, həmin futbolçunun xarakteri Renduliçdə yoxdu (gülür). Məşqə gələndə sırğa taxırdı. Dodaqlarının arasında həmişə diş çöpü... Deyirik etmə... Ertəsi gün gəlir, yenə eyni şey... Yenə deyirik... Nəhayət, onu yola salmalı olduq. Düşünün ki, adam qolunda saatla məşq edir. 20 qol vursa, onu anlayışla qarşılamaq olar. Dözərik. Amma belə deyildi. Onu göndərməkdən başqa çarəmiz yox idi. Peşəkar futbolçunun elə davranış sərgiləməsi inanılmaz idi. O gedəndən sonra komandadakı ab-hava xeyli dəyişdi. Artıq hər şey yolunda idi.

– Və Azərbaycanın tanınmış klubu “Neftçi” “doğma divarlar” arasında sizi gözləyirdi...
– Tam doğrudu. “Neftçi” “Hayduk” kimidi. Böyük ənənələrinə görə xalq tərəfindən sevilir və keyfiyyətli futbolçulara malikdi. Azarkeş ordusu var. Bu qarşılaşmanı birlikdə yaşadıq. Tarixi anlar idi (düşünür)... Taktiki və fiziki cəhətdən fenomenal hazırlığımız var idi. Gözəl oyun keçirib 86-cı dəqiqədə həlledici qolu vurmağı bacardıq. Bundan sonra çaşqınlıq oldu. Üç qırmızı vərəqə alıb çətin duruma düşdük. Hakimin final fitindən sonra eyforiya, böyük ruh yüksəkliyi və emosional bayram bir-birini izlədi. Məncə, 2017-ci ildə yaradılan klub üçün bu, əvəzedilməz hisslərdi.

– Əlinizdə dünyanın hər yerindən toplanmış maraqlı heyət var.
– Azərbaycan premyer-liqasında heyətdə azı dörd yerli oyunçu olmalıdı. Düzdü, yerli futbolçular pis deyil, lakin işə laqeyd yanaşırlar. Onları mütləq nəzarətdə saxlamaq lazımdı. Əcnəbilər arasında fiziki durumu yaxş olmayanlar var. Çalışacağıq ki, belə problemləri qaydasına salaq. Heyətdə səkkiz millinin üzvü var. Məncə, çox yaxşı komandadı.

– “Sabah”ın xeyli legioneri var. Bu məqam anlaşma prosesinə mənfi təsir edir?
–İki tərcüməçimiz var. Biri ərəbcə, digəri ispan, portuqal, rus və ingilis dillərində danışır. Məşqçilərdən birinin rus və ingilis dilini bilməsi işi asanlaşdırır. Uyğunlaşmışıq və işdə ciddi problemlə rastlaşmırıq. Kruno görüş keçirəndə bir neçə cümlədən sonra fasilə verir və danışdıqlarının tərcümə edilməsini gözləyir. Çətinlik texniki zonada olur. Meydanda çıxış edən futbolçuya əsəbləşəndə və ya tapşırıq verəndə çətinlik çəkir. Amma öyrəşmişik (gülümsəyir).

– Görünür, heyətlə bağlı planların həyata keçməsi üçün çox əziyyət çəkirsiz...
– Bəli, amma bunun üçün gücümüz var. İndiyə qədəruğurun sirrini tapa bilmək üçün üç heyət dəyişdik. Futbolçular bilir ki, fiziki və psixoloji cəhətdən sağlam olsalar, tapşırıqların öhdəsindən gəlmək çətin deyil. Onlar həqiqətən istədiklərini bacara biləcək gücdədilər. Bunu tez-tez vurğulayırıq.

– Azərbaycan premyer-liqasının Xorvatiya çempionatından fərqi nədi?
– Səmimi danışsam, Azərbaycan futbolu nəinki bizdən geri qalır, hətta daha yüksək səviyyədədi. Xorvatiyanın üstünlüyü daha çox texniki və taktiki hazırlığı olan futbolçuların varlığıdı. Düşünürəm ki, “Sabah” burda orta pillələr uğrunda mübarizə apara bilər. “Qarabağ” isə hamıdan üstündü. Bu komandanın “Bayer-04”lə oyunları heyrətamiz idi. Dərinə getsək, Azərbaycanda hər kəs hər kəsə qalib gələ bilər. Bütün rəqiblər ciddidi və hədəfləri böyükdü.

– Sözlərinizdən hiss olunur ki, “Sabah”da xoşbəxtsiz. Yəqin ki, burda müdirinizin həm də dostunuz olması rol oynayır.
– Kruno hər şeydən əvvəl böyük insandı.Onun həm futbolçu, həm də məşqçi kimi ciddi təcrübəsi var. Məsləhət və təklifləri dinləməyi çox sevir. Bu, mənim üçün çox vacibdi. Əlbəttə, işin uğurlu olmasında münasibətimizin də rolu var. Bir-birimizi tanıyırıq və harda necə davranmalı olduğumuzu bilirik.

– Daha böyük uğurlar üçün planlara keçid alaq. Nə etməyi düşünürsüz?
– Özümüzlə fitnes üzrə məşqçi Domaqoy Periçi gətirmişik. Analitik Filip Lekiç də bizə qoşulacaq. Heyət böyükdü: daha iki köməkçi, iki qapıçı məşqçi, analitik, dörd fizioterapevt və iki həkim. Klubun gözəl idman zalı olan stadionu var. Həmçinin yeni düşərgə tikilir. Onlar bu yaxınlarda əla otel aldılar. İndi həmin yer təmir olunur. Bundan sonra, üçmərtəbəli, hovuzu və mətbəxi olan, oyunçular üçün otaqlara və keyfiyyətli iş üçün geniş imkanlara malik evdə yaşayacağıq.

– Azərbaycanın futboldan kənar həyatı sizə hansı təsirləri bağışlayır?
– Bir qayda olaraq, nahara birlikdə gedirik. Filmlərə baxırıq. Gəzintiyə çıxırıq, şəhəri müşahidə edirik. Popkorn yeyə-yeyə Xorvatiya çempionatının və millimizin oyunlarını izləyirik. Ümumi desək, dinc həyat tərzi yaşayırıq. Təbii ki, işləri gördükdən sonra (gülür). Rəqibləri təhlil etmək maraqlıdı. Biz orda Filip Ozoviçlə (“Neftçi”nin və millimizin üzvü – red.) də tanış olduq. Çox yaxşı insandı.

– Deyəsən, yeganə çatışmazlıq ailənizdi. Sevimli qızlarınız Mona və Luana üçün darıxmırsız?
– Kişi bir şeyi dərk etməlidi: əskik olan şeyi çox düşünsən, özünə düşmən olarsan. Müntəzəm videozənglə danışırıq. Bəli, təbii ki, Bakıda darıxıram və onları qucaqlamaq üçün səbirsizlənirəm.

– Fikirlərinizi qarışdırmaq istəməzdim. Mümkündüsə, yenidən “Sabah”dan bəhs edək. Heyətdə hansı dəyişikliklər olacaq?
– Bu barədə konkret söhbət üçün tezdi. Bunu Krunoyla müzakirə edəcəyik. Dəqiq olan bacarıqlı yarımmüdafiəçiyə ehtiyacımızın olmasıdı. Elə futbolçu axtarırıq ki, oyunu yaratsın və son nöqtəyə qədər təşkilatçılıq etsin.

– Bağışlayın, amma belə xüsusiyyətlərə məxsus futbolçu tanıdığınızı bilirəm...
– Siz Krasimir Krizmaniçi nəzərdə tutursuz?

– Bəli.
– Tam doğrudu. İş orasındadı ki, “Sabah” onu transfer edə bilmək iqtidarında deyil. Ötən yay “transfer pəncərəsi” zamanı xeyli pul xərclədikləri üçün bu dəfə seçimlər məhduddu. Digər tərəfdən, əksər oyunçular məsfənin uzunluğuna görə Azərbaycana gəlmək istəmir. Onlara izah edirəm ki, bura həm Xorvatiya, həm də Bosniya və Hersoqovina çempionatından yaxşıdı. İntensiv oyunlar, sürətli futbolçular... Və bir çox fərqli cəhətlər... Maliyyə də pis deyil. Məncə, xorvatiyalılar Azərbaycan variantını sınamalıdı. Deyəsən, çəkinirlər. İstəyərdim ki, həmyerlilərim bura gəlsin. Lakin indi onlar öz liqalarını qiymətləndirmək haqda düşünürlər.

– Maraqlıdı, Qoriçanı cazibədar Bakıya nə vaxt dəyişəcəksiz?
– İki həftədi evdəyik. Klubla əlaqə davam edir. Həm rəsmi, həm də qeyri-rəsmi danışıqlar baş tutur. Bundan başqa, transfer məsələlərinə görə futbolçulara baxırıq. Hazırlıq mərhələsinin necə olacağını planlaşdırırıq. Krunoyla müzakirələr maraqlı olur. Lakin hələ ki seçim etməmişik.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
football-plus.az

1Mənbələr