AZ

“Açıq danışaq, bu biabırçılıqdır” - İxtisas seçimi ilə bağlı ekspertdən kəskin TƏNQİD

Əksər müəllimlər kodlaşdırma üçün məbləği 200 manata qaldırıblar. Bu da valideynlər arasında narazılığa səbəb olub. Məbləğin qalxmasına necə baxırsınız? Valideynlər kodlaşdırmanı özləri edə bilməzlər? Bu qədər çətin prosesdir?

Təhsil eksperti Elmin Nuri Yenisabah.az-ın suallarını cavablandırıb:

“Burada sadəcə müəllimlər deyil, digər qeyri-müəllimləri də nəzərə almaq lazımdır. Çünki ali məktəblərə ixtisas seçimi ilə məşğul olan təhsilə yad, sosial şəbəkələrdən sui-istifadə edən çox şəxslər var. Yəni biz bu işi tək müəllimlərin görəcəyini deməklə yanlışlığa yol veririk. Təbii ki, repititor müəllimlər var ki, onlar həm də kodlaşdırma, ixtisas seçimi ilə bağlı konsultasiya işləriylə məşğul olurlar. “Konsultasiya” dedikdə bu sözün böyük mənası anlaşılmasın. Kaş ki, elə olaydı. Bu yalnız və yalnız yığılan bala uyğun ixtisasların keçid balı nəzərə alınmaqla 15 xanalıq bir sıralamanın aparılmasıdır. Amma ixtisas seçiminin özünün çox ciddi dərinlikləri, nəzərə alınmalı bir çox meyarlar var. Biz bu barədə dəfələrlə danışmışıq. Bu meyarlardan qətiyyən xəbərsiz olan, ümumiyyətlə təhsildən, ali məktəblərə qəbul prosedurundan, ixtisaslardan, hər şeydən xəbərsiz olan şəxslər ildə cəmi 10 günlük ixtisas seçimi ilə bağlı özlərini mütəxəssis hesab edirlər. Təbii ki, aralarında ömrünü bu işi həsr edənlər də var. Yəni, həqiqətən də bilirsiniz ki, bu adam ixtisas seçimi ilə məşğul olur və kariyera bələdçiliyi funksiyasını həyata keçirə bilir. Çünki həftələrini, aylarını, illərini buna həsr edib və müəyyən bazası, analiz etmə, müqayisə aparma bacarığı var. Hətta bu insanların belə müəyyən sosial rifahı nəzərə alaraq xidmət haqqını 200 manata qaldırılmasını sadəcə insafsızlıq hesab edirəm. Bu, valideynlərin həyəcanlı, gərgin vəziyyətindən sui-istifadə etmək, yaranmış psixoloji ortamdan öz maddi mənafeyi naminə yararlanmaqdır”. SEO Nədir

Ekspert müəyyən müştəri kütləsi yığan şəxslərin bu prosesə yarım saatdan çox vaxt ayırmadığını vurğulayıb:

“Doğrudur, bir saatdan çox ayıranlar da olur. Şəxsən biz də hər il könüllü sürətdə maxsimum 20 abituriyent olmaqla tanıdığımız insanlara kömək edirik. Əmin olun ki, minimum 2,5- 3 saat bizim zaman ayırdığımız uşaqlar olur. İxtisas seçimi işin texniki tərəfidir. Burada plan yerlərini, keçid ballarını, aidiyyatı ixtisas qrupuna olan müraciətləri, dövlət sifarişlərlərini və s nəzərə alaraq texniki işləri görmək olar. Abituriyent 350 baldan yuxarı yığıbsa, onun zatən 15 yerin 1-dən tələbə adını qazana bilməsi çox da sual doğurmur. Amma burada çox ciddi məsələlərə yer vermək lazımdır - uyarlıq məsələsi. Məsələ 15 xanaya ixtisasların yazılması deyil. Hər bir ixtisas yazıldıqca plan yerləri, keçid balları ilə yanaşı həmin abituriyentin bu ixtisasa uyarlığını yoxlamaq lazımdır. Bizim ixtisas kodlaşdıranlarımız yazdığı ixtisasın abituriyentin maraq dairəsinə uyğun olub-olmaması ilə maraqlanmır. Bu çox böyük yanlışlıqdır.

Təəssüf ki, valideynlər, hətta abuturiyenlərin özləri də buna gedir. Deyir - “Təki tələbə adını qazanım”. Onlar sonradan universitetə daxil olduqda, özlərini tapa bilməyəndə əslində olmalı olduqları yerdə deyil, özlərinə, ruhlarına tamamilə yad olan bir yerdə olduqlarının fərqinə vardıqda həyatdan soyuyacaqlar. Məhz onda onlar ixtisas seçimini edən müəllimin qarasınca danışmağa, mənfi fikir bildirməyə başlayacaqlar. Onlar artıq öz pullarını alıblar, xidmətlərini göstəriblər. Düzmü ediblər? Təbii ki, xeyr, yanlış ediblər. Çünki abituriyent ilk dəfədir ki, ixtisas seçimində iştirak edir. O, universitet mühitini bilmir. Ola bilsin ki, valideyn də bilmir. Amma ixtisas seçimini həyata keçirən şəxs kariyera məsələsini, universitet mühitini bilir. Nəyə görə məhz abutiriyentin yığdığı bal təki keçərli olsun, təki tələbə adını qazansın deyə belə edir? Açıq danışaq, bu biabırçılıqdır. Burada “bazarı” psixoloji gərginlik amili həll edir. Öz reklamını aparanlar, sosial şəbəkələrdən istifadə edənlər özlərinə olan tələbi görəndə qiyməti 200 manata qaldırırlar. Bu qətiyyən 200 manatlıq xidmət deyil. Əvvəlcə kariyera paketi hazırlanıb abituriyentə təqdim edilməlidir. Belə olarsa, bu məbləğ qədərincədir. Hətta belə olan halda da, mən bu xidmət üçün 200 manatlıq vəsaiti artıq hesab edirəm. Hamımız insanıq. Mən əgər xidmət göstərirəmsə istər 50 manat, istərsə də 500 manat deyər. Burada da onu qınamaq olmur. Çünki bu bazar münasibətləri tənzimlənməyib.  

Məsələn, Menyuya baxırıq ki, yeməyin qiyməti 15 manatdır. Onu artıq öz cibimizə uyğun seçə də bilirik, seçməyə də bilirik. Nə olsun ki, bu adam belə deyir? Savadlıdırmı, yoxsa  deyilmi, bu işi bilənidirmi, bilən deyilmi? Bu ayrı söhbətin mövzusudur. Burada sadəcə, valideynlərə demək istəyirəm ki, bu məsələdə diqqətli olsunlar. Çox gərginliyə varmasınlar və bazar münasibətlərinin üstündə hərəkət edən insanlara o qədər də diqqət göstərməsinlər”.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
yenisabah.az

1Mənbələr