AZ

Həyat yollarının ayrıldığı gün - Elgün Gəncimsoy yazır…

Azərbaycan coğrafiyasının məktəb olan hər yerində tədris ilinin sonuncu zəngi çalındı. Kimisi tətilə, kimisi məzuniyyətə, kimisi isə müstəqil həyata yola düşdü. Məzun oldu... 

Altdan üstdən sovet köynəyi geyən şablon var: "Bu gün həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki...

Məzun sözü o qədər əzəmətlidir ki, bir sevincindən min kədər, bir kədərindən milyon sevinc boylanır. Sözün əsl mənasında bu gün onların günüdür. Oxusalar da, oxumasalar da - yaxşı, pis 11 illik yolun sonuna gəliblər. Günün qəhrəmanlarıdırlar... 

Nəzərə alsaq ki, kiçik bir nərdivanla yuxarı dırmaşıb sonuncu pilləyə pəncə basanda adam özünü qürurlu hesab edir. Di gəl ki: 11 təqvim ili hündürlükdə nərdivanın sonuncu pilləsinə çatasan... Duyğulu notlarla danışsaq, bəlkə də hardasa "Məzun" yazılmış lenti çiynində daşıyan qız əsgərlikdə olan igid sevgilisini düşünüb, sevincinə bol-bol həsrət əlavə edir. Və yaxud da hansısa bir məzun itirdiyi valideyninin bu günü görməməsinin kədərinə qərq olub. Bununla yanaşı sevinənlər, iddialılar da az deyil. Bu mövzuda nə qədər desəniz danışmaq olar. Ancaq mövzu tam fərqlidir. 

Son zəng törəni yuxarıda sadalananlarla yanaşı həm də, tale yollarının haçalandığı gündür. Qarşıda hərbi xidmət, ali təhsil, əmək fəaliyyətinin başlanğıcı və s. var. Haçalanan yollar kimisi üçün hamar, nahamar, qarlı, günəşli olur və mütləq məqsədə, uğura aparır. Kimisi üçün isə düyünlənir, - keçilməz səddə dirənir... Bəli, bölgələrə özəl, hazırkı dövrlə uyğunlaşmayan köhnəlmiş bəzi mental təfəkkürlülərin verdiyi qərarın yaratdığı sədləri deyirəm. 

Yanlış anlaşılma yaşanmasın deyə bir izahat da verim: Azərbaycan adamı namus üstündə həbsə gedir. 

Ana-bacısı üçün ölür, öldürür... 

Qeyrətli, mühafizəkar, təəssübkeş adamlarıq. Bu, tanrının bizə verdiyi böyük “bəxşiş”dir. Ancaq "Qız məktəbi qutardısa, ərə getməlidir", "Qız nədi, oxudu nədi?", "Qız da işləyərmi?", "Qızını döyməyən dizini döyər" təfəkkürü, cəmiyyətə ağır itkilər verdirir. Beləliklə biz bir həkimi, hakimi, vəkili, prokuroru, diplomatı, polisi, pilotu, müəlliməni itiririk. Günahkarlar isə yuxarıda dırnaq içərisində yazılmış deyimlərə təzim edənlərdir. Onlar bu gün bir çox qızın məzun olma sevincinə görə yox, yaxın gələcəkdəki qara günlərinə göz yaşları tökməsinə səbəb olur. 

Ali təhsil almağa icazə verilməyib, bunun əvəzində sevmədiyi birinə zorla ərə verilmək cəmi bircə məzun sevincinin içərisində bir milyard kədər yaşadır... 

Tanrı yaşatmasın! 

Bir kədərinizin içindən milyardlarla sevinc baş qaldırsın, əziz məzunlar!

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
bizim.media

1Mənbələr