AZ

Diaspor və lobbi faktoru Azərbaycanın beynəlxalq mövqelərini daha güclü hala gətirir...

Image

Ötən əsrin 90-cı illərindən etibarən Azərbaycanda yaşanan siyasi və iqtisadi modernləşmə ölkənin xarici siyasətinə də təsirsiz ötüşmədi. Proses bu gün də davam edir.

Ölkəmizdə bu fonda hüquqi dövlətin qurulması demokratiyanın bütün müasir institutlarının hərtərəfli öyrənilməsini və onların fəaliyyət mexanizmlərinin mənimsənilməsini tələb edir. Ölkənin siyasi sistemi ötən illə ərzində köklü islahatlara məruz qalıb. Bu fonda diqqət yetrilən mühüm məqamlardan biri də diaspor və lobbi ilə bağlıdır.

Vətəndaş cəmiyyətinin inkişafı lobbiçilik fəaliyyətinə ciddi təkan verir 

Qeyd edək ki, lobbi sözü ingilis dilinə orta əsrlərdə latın dilindən daxil olub. XVII əsrin 40-cı illərində İngiltərədə bu ad Britaniya Parlamentinin İcmalar Palatasında müəyyən qanun layihələrinin qəbulu ilə maraqlanan şəxslərlə deputatların görüşlərinin keçirildiyi foye və dəhlizlərə verilməyə başlandı. ABŞ-da bu termin ilk dəfə 1808-ci ildə Konqresin protokollarında ortaya çıxdı, lakin fərqli məna daşıyırdı. Müasir elmdə lobbiçilik termini, bir qayda olaraq, müxtəlif maraq qrupları tərəfindən müsbət qərarlar əldə etmək üçün dövlət orqanlarına təsir vasitələri və üsullarının məcmusu kimi başa düşülür.  

Praktikada lobbiçilik termini ilk növbədə parlament və hökumət arasındakı münasibətləri təsvir etmək üçün istifadə olunur. Lobbiçilik demokratik ölkələrin siyasi sistemlərinin obyektiv hadisəsidir. Lobbiçilik fəaliyyətinin hüquqi əsası qanunun aliliyinin öz vətəndaşlarına qərarların qəbul edilməsində və ya hakimiyyətin legitim seçilməsi, bölüşdürülməsi sistemində bərabər və azad iştirak etmək hüququnu təmin etməsinin təminatıdır. Hökumət qərarları, bir qayda olaraq, həm ayrı-ayrı vətəndaşların, onların qruplarının, həm də əhalinin bütün təbəqələrinin mənafeyinə toxunduğundan, hüquqi münasibətlərin subyektləri obyektiv olaraq maraqlarına cavab verən kifayət qədər konkret qərarlar qəbul edilməsində  maraqlıdırlar. Siyasi proseslər zamanı konkret şəxslərin istədiyi nəticəni əldə etmək üçün dövlət strukturlarına, məmurlara, ictimai rəyə təzyiq göstərməyə çalışdığını güman etmək məntiqlidir. Lobbiçilik siyasi-hüquqi hadisə kimi müəyyən xüsusiyyətlərə malikdir. Lobbi qrupları, ilk növbədə, vətəndaşlarla dövlət arasında vasitəçilik funksiyasını yerinə yetirirlər. Bu funksiya informasiya mübadiləsini nəzərdə tutur: ictimai maraqların dövlət orqanlarına çatdırılması. İkincisi, lobbi qrupu “ictimai maraqların plüralizminin təşkili” funksiyasını yerinə yetirir. Lobbiçilik cəmiyyət üçün sadəcə ona görə sərfəlidir ki, siyasi qərarlarda rəsmiləşdirilən və demokratik prosedurlar çərçivəsində həyata keçirilən qrup maraqlarının müqayisəsi real, effektiv nəzarət və tarazlıq sistemi yaradır. Üçüncüsü, lobbiçilik özünəməxsus şəkildə təmsilçilik sistemini tamamlayır, bunu başqa yolla edə bilməyən qrupların siyasi qərarların qəbulu və həyata keçirilməsində iştirakına şərait yaradır. Bu səbəbdən lobbiçilik indi getdikcə daha çox hökumət və cəmiyyət arasında münasibətlərin zəruri, təbii və hüquqi aləti kimi başa düşülür. Bu durumda Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı vətəndaşlara hökumət qərarlarının qəbuluna qanuni təsir göstərmək, dövlət işlərinin idarə edilməsində iştirak etmək və hakimiyyətə nəzarət etmək üçün daha böyük hüquqlar, azadlıqlar və imkanlar təmin etmək yolu ilə gedir. Bu baxımdan Qərb ölkələrinin demokratik siyasi sistemlərinin nəzərə çarpan elementinə çevrilmiş lobbiçilik institutuna ölkə cəmiyyətinin göstərdiyi maraq başadüşüləndir. Bəllidir ki, lobbiçilik ABŞ-ın siyasi sisteminin bir hissəsidir. Mütəxəssislərin sözlərinə görə, neft sənayesindən tutmuş əczaçılıq və müdafiə sənayesinə qədər hər bir sektorun öz lobbiçiləri var. Konqresdə qanunvericilərin lobbiçiliyi ilə yanaşı, “xüsusi maraq qrupları” icra hakimiyyə­tinə təsir göstərməyə çalışırlar. Çünki onların müştərilərinin taleyi konkret qa­nunun necə şərh edilməsindən və ya həyata keçirilməsindən asılıdır. ABŞ-da lobbiçilik ən nüfuzlu siyasi institutlar­dan biridir. Bu təcrübədən Azərbaycanın da istifadəsi məqbul hesab olunur.

Lobbi və diasporanın koordinasiyalı işbirliyi mühüm şərtdir 

Beləliklə, müasir vətəndaş cəmiyyəti dövlət qərarlarının qəbulu və sonradan həyata keçirilməsi mexanizminin tərkib hissəsi olan geniş lobbiçilik fəaliyyəti təcrübəsi ilə xarakterizə olunur. Ölkəmizdə dərin siyasi və iqtisadi transformasiyalar fonunda baş verən vətəndaş cəmiyyətinin yeniləşməsi şəraitində obyektiv olaraq ölkədə lobbiçilik institutunun formalaşdırılması mühüm önəmə malikdir.

Mövcud vəziyyət lobbiçilik fəaliyyətinin hüquqi tənzimlənməsini tələb edir. Onun əsas məqsədi lobbiçilik maraqlarının təşviqi prosesini şəffaflaşdırmaqdır. Eyni zamanda, cəmiyyət və hakimiyyət orqanları arasında qarşılıqlı əlaqə prosesin mütəşəkkil, hüquqi, müsbət və rəqabətli xarakter daşıması üçün də bu vacibdir. Həm də ölkə xaricində maraqların təmini üçün lobbi fəaliyyətindən istifadə olunmalıdır. Çünki erməni diaspor və lobbisinin ölkəmizə  qarşı düşmən siyasəti hələ də davam edir. Ümumiyyətlə, ictimai diplomatiya və Azərbaycan həqiqətlərinin dünya ölkələrinə, o cümlədən ABŞ-a təqdim olunması diaspor və lobbi fəaliyyətimizin vacib tərkib hissələrindən biri olmalıdır. Düzdür, bu gün lobbi və  diaspor xaricdə Azərbaycan milli maraqlarının həyata keçirilməsi və ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması kimi bir çox mühüm səyləri özündə ehtiva edən proseslərdə aktiv iştirak edir. Son dövrlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin formalaşdırılması, diasporanın koordinasiyalı əlaqəsi kimi mühüm məqamlar bu sahədə bir çox uğurların reallaşmasının da bariz nümunəsidir. Bu proseslərlə bərabər lobbi təşkilatları ilə işin doğru, effektiv qurulması, diasporla lobbi təşkilatlarının əlaqəli fəaliyyəti və digər məqamlarda gələcəkdə diaspor siyasəti ilə bağlı strategiyada yeni uğurlara imza atmağımıza töhfə verəcək. Ancaq bu prosesin davamlı xarakter daşıması da çox önəmlidir. 

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
baki-xeber.com

1Mənbələr