AZ

Valideyn sevgisinin yaşı varmı?

Məlumdur ki, ailə münasibətləri uşaqların sağlam böyüməsində və inkişafında mühüm rol oynayır. Bu münasibətlərdən biri də ata-övlad münasibətidir. Yaxşı atanın vəzifəsi övladını yaxşı yetişdirə bilmək, övladının ehtiyaclarını anlamaq və qarşılamaqdır.
Bir uşağın atası ilə körpəlikdən başlayan münasibəti onu gələcəyə hazırlayır. Onunla atası arasındakı münasibət nə qədər güclü və sağlam olarsa, uşaq da bir o qədər sağlam olar. Mütəxəssislər də bildirir ki, uşağınızı sevmək, vaxt ayırmaq, əhəmiyyət vermək və anlamağa çalışmaq, uşağınızın gələcəkdə daha yaxşı yetkinlik dövrünə girməsinə kömək edəcək və aranızdakı bağları daha da gücləndirəcək.
Ünsiyyət hər sahədə önəmlidir, həm də ata və uşaq arasında yaxınlaşma və anlaşmanın əsasını təşkil edir. Uşağın həyatı dərk etməsi, doğru ilə yanlışı ayırd edə bilməsi üçün övladla rəhbər və ixtiyar götürülən ata arasında ünsiyyət sağlam olmalıdır. Bəs bunu necə təmin etmək lazımdır?
Əslində bu proses kənardan göründüyü qədər çətin deyil. Ata və uşaq arasında sadə və sağlam münasibət qurmaq üçün övladımızı böyükləri dinlədiyimiz qədər diqqətlə dinləməli, göz təması quraraq, onun dediklərinə fikir bildirməli, ona onu başa düşmək üçün cəhd etdiyimizi hiss etdirməliyik.
Uşaqlar doğulduğu andan həyatı anlamağa və öyrənməyə başlayırlar. Körpəlik dediyimiz dövrdə uşaqlar şifahi olmayan ünsiyyət vasitəsilə əlaqələr qurur. Uşaq psixoloqu Günay İskəndərli qeyd edir ki, uşaq bu dövrdən etibarən üz ifadələri, səslər və reaksiyalar vasitəsilə atası ilə ünsiyyətini paylaşmağa çalışır:
"Uşaqların bir şeyi öyrənmələrinin ən sürətli yolu görərək öyrənməkdir. Ona görə də, ataların övladlarına qarşı davranışları, nəyisə öyrətmələri övladlarının həyat təcrübələri arasında öz yerini tutmağa başlaması qaçılmazdır.
Atanın körpəlikdən uşağın qayğısına qalması və inkişafı üçün məsuliyyət daşıması çox vacibdir. Ata uşağın etibar edə biləcəyi, ailəni qoruyan bir fiqur kimi qəbul olunsa da, ata da uşağa sevgi göstərməklə uşağın emosional inkişafına müsbət dəstək verə bilər. Atanın övladına sevgisini sadəcə onun fiziki ehtiyaclarını qarşılamaqla göstərməsi kifayət deyil, çoxları bunu yanlış anlayır. Uşağınızı qucaqlamaq, yaşına uyğun hərəkətləri, fəaliyyətləri birlikdə etmək və övladınıza onu sevdiyinizi şifahi şəkildə söyləmək, aradakı emosional bağı gücləndirə bilər.
Uşağının inkişafını yaxından izləyən ata övladı ilə daha sağlam münasibət qurur. Ata övladı ilə emosional yaxınlıq quraraq, övladının həyatına qarışaraq bu sağlam münasibəti yaradır. Uşağınızın hisslərini və xasiyyətini heç bir şərt olmadan qəbul etmək, onun səylərini və müsbət davranışlarını təqdir etmək, övladına uşaq olsa da ayrı bir fərd kimi hörmət etmək emosional yaxınlığın qurulmasında ən mühüm elementlərdir.
Eyni zamanda, atanın övladının dərslərinə hörmət və anlayışla yanaşması, ona kömək göstərməsi uşağın məktəb həyatına da müsbət təsir göstərə bilir.
Uşaqlar üçün xüsusi günlər olduqca vacibdir. Məsələn, məktəbə başlama, ad günü kimi xüsusi günlərdə atanın övladının yanında olması və ona qayğı göstərməsi uşağa atasının ona dəyər verdiyini hiss etdirir, çünki yetkinlik dövründə insanlar keçmişlərini xatırlayanda kimin yanında olduğunu yaxşı xatırlayırlar.
Atanın uşağının hiss və düşüncələrinə önəm verməsi, övladını mühakimə etmədən dinləməsi və onu maraqlandıran mövzularda söhbət etməsi aralarındakı səmimiyyəti artırır, bağı gücləndirir.
Kişilərə və qadınlara verilən rolların dəyişməsi ilə artıq atalar tək ev üçün pul qazanan deyil, analar atalarla eyni şərtlər altında iş həyatında fəal iştirak edirlər. İşdən, yorğunluqdan övladı ilə maraqlanmayan ata indi ana qədər övladı ilə maraqlanan valideynə çevrilir. Uşağın bugünkü və gələcək həyatı üçün atanın uşağa qayğı və inkişaf haqqında şüurunun formalaşması, ana kimi övladlarına keyfiyyətli qayğı göstərməsi vacibdir.
Uşağın həyatında ana və atanın rolu və əhəmiyyəti fərqlidir. Qızlar və oğlanlar şəxsiyyət inkişafında atalarının davranışlarından fərqli şəkildə təsirlənirlər. Qızlar üçün ata onları təhlükəsiz saxlayan güclü şəxsiyyətdir, oğlanlar üçün isə ata nümunədir.
Ata-oğul münasibətinin oğlanlar üçün xüsusi mənası var. Ata oğluna həm nümunə, həm də rəhbər olmağı öz üzərinə götürür. Bu əlaqə adətənbir növ oyunlar vasitəsilə başlayır və zaman keçdikcə daha da mürəkkəbləşir. Oğlan atası ilə keçirdiyi vaxt ərzində dəyərli bacarıqlar əldə edir və öz şəxsiyyətini formalaşdırır. Sonrakı illərdə açıq ünsiyyət və anlaşma ata-oğul münasibətlərini gücləndirir. Yaşından asılı olmayaraq, bu əlaqə emosional bağları və qarşılıqlı hörməti gücləndirmək üçün daim təkamüldədir.
Ata-qız münasibətləri isə qızların emosional inkişafına unikal təsir göstərir. Ata qızına sevgi, güvən və özünü qiymətləndirmə hisslərini aşılayır. Bu münasibət qızın özünə inamını artırır və sağlam münasibət bacarıqları əldə etməsinə kömək edir. Ata-qız ünsiyyəti emosional cəhətdən zənginləşdirilmiş və açıq atmosferdə inkişaf etdikdə ən təsirli olur. Atanın qızına anlayışı və dəstəkləyici münasibəti qızının həyatda üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə kömək edir.
Bu əlaqələrin hər biri uşağın yaşından və inkişaf mərhələsindən asılı olaraq fərqlənir. Buna görə də ata-övlad münasibətində çeviklik və həssaslıq olduqca vacibdir. Ata həm oğlan, həm də qız üçün gender rollarının mənimsənilməsində mühüm rol oynayır. Ata anadan fərqli olaraq uşağın cinsinə uyğun davranmaqda daha uğurlu olur. Bundan əlavə, mədəniyyətin müəyyən etdiyi kişilik və qadınlıq anlayışlarını ailəyə çatdıran ilk şəxs atadır. Oğlanın atanı özünə rol modeli kimi seçməsi üçün atanın oğlu ilə sağlam ünsiyyət qurması, ahəngdar və doyumlu münasibət qurması, sağlam model olması lazımdır.
Hər bir fərdin qeyd-şərtsiz sevgiyə, başqaları ilə müqayisə edilməməsinə, dəstəklənməsi üçün müsbət davranışa ehtiyacı var. Ataların övladlarını bir şəxsiyyət kimi qəbul etmələri, fikirlərini hörmətlə dinləmələri, özünü ifadə etmələrinə imkan yaradan mühitlər yaratmaları, təsirli ünsiyyət bacarıqlarından istifadə edərək uşaqlarını maraqla dinləmələri uşaqların şəxsiyyətinin inkişafı üçün çox vacibdir.
Bayaq da qeyd etdiyim kimi, ata da ana qədər valideynlikdə mühüm rol oynayır. Övladı ilə bağlı üzərinə düşən vəzifələri düzgün yerinə yetirməsi uşağın inkişafı, şəxsiyyəti və gələcəyini tamamlayır. Valideynlərin hər bir şəraitdə birlikdə hərəkət etmələri, bir-birlərinə dəstək olmaları və övladlarının mənafeyini nəzərə alaraq mövcud şərtlərə uyğun olaraq valideynlik tərbiyəsini təkmilləşdirmələri vacibdir. Valideynlik uzunmüddətli və öyrənilməli olan vacib bir məsuliyyətdir.
Sevilmək və qəbul edilmək hissi insanların var olduğu gündən bəri ən vacib ehtiyaclarından biri olmuşdur. Uşaq sevildiyini, başa düşüldüyünü, söz sahibi olduğunu bildiyi bir mühitdə öz muxtariyyətini, yəni sağlam ayrılığını təmin edəcək güc qazanır və həyata hazırlaşdıqca özünü daha asan ifadə edən bir fərdə çevrilir. Bundan əlavə, qorxu və ya sevginin olmaması bir səlahiyyət olaraq görülə bilər. Siz uşaq üçün məhdudiyyətlər qoya bilərsiniz, lakin bunlar müzakirə olunmayan və uşağa danışmaq hüququnun verilmədiyi məhdudiyyətlər olmamalıdır. Məsələn, uşağa hər hansı bir məsələdə "bunu etmə" demək əvəzinə, ona seçim təklif edə bilərsiniz. Bununla da, siz onun müsbət və ya mənfi davranışlarına görə məsuliyyəti öz üzərinə götürə və nəticədə təsirlənəcək şəxsin o olduğunu başa düşə bilərsiniz.
Atalıq zamanla öyrənilə bilən bir anlayışdır. Düşünürəm ki, bu, yaxşı ata olmaq istəyən bütün ataların bilməli olduğu ən vacib mesajdır. Çünki heç kim yaxşı ata doğulmur. Sevgi, səbr və öyrənmək ata olmağın əsas şərtləridir. Uşağın doğulduğu andan baxımında anaya köməklik etmək sağlam ata-övlad münasibətlərinin başlamasını təmin edir. Uşaqla oyun oynamaq və ya birlikdə fəaliyyət göstərmək sağlam münasibətin vazkeçilməz hissələrindən biri sayılır.
Atanın övladını tərifləməsi, müsbət xüsusiyyətlərindən danışması uşaq üçün son dərəcə vacibdir. Amma tərif həqiqətən layiqli və səmimi olmalıdır.
Ata uşaq üçün daim "məşğul və yorğun" olan fərd olmamalıdır. Uşaq istədiyi vaxt ataya çata bilməli, ata evə gələndə yorğunluğunu uşaqları ilə atmağın yollarını tapmağa çalışmalıdır.
Unutmamaq lazımdır ki, uşaq neçə yaşında olursa olsun, onun valideynlərinin sevgisinə ehtiyacı var. Uşaqlar da bizim kimi özlərini dəyərli hiss etməlidirlər. Bir sözün, bir toxunuşun və ya səmimi bir gülüşün dəyəri heç nə ilə ölçülə bilməz".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
olaylar.az

1Mənbələr