AZ

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir

Hər bir xalqın taleyində elə günlər olur ki, onlar tarixə qızıl hərflərlə yazılır.15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biridir. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir.
 
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Məlum olduğu kimi, 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı.Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm də vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdir. Müstəqilliyin ilk illəri xaos və anarxiya ilə yadda qaldı. AXC-Müsavat cütlüyünün antimilli və səriştəsiz siyasəti Azərbaycanı qarşıdurma meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Digər tərəfdən Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Bütün ölkələrlə münasibətlər korlanmışdı. Xüsusilə də mürəkkəb proseslərin cərəyan etdiyi bir mərhələdə zəngin dövlətçilik təcrübəsinə malik olan siyasi lider yoxdursa, o zaman hər hansı bir uğurdan bəhs etmək olmaz. Məhz AXC-Müsavat hakimiyyətinin komandasında siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu, eləcə də bütün bu dağıdıcı prosesləri şərtləndirən əsas amillərdən biri kimi çıxış etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Cəmiyyətdə belə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı.1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bir sözlə, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən-qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji vəzifələri müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Ulu Öndər müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi...1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra xalq özü hakimiyyətdən saldı.
 
Ümummilli lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyinin təmin olunmasına yönəltdi və buna da nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratdı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə mühüm addımlar atıldı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.
 
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
 
Xalqımız artıq neçə ildir ki, bu bayramı yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ümummili Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütovlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Cəbrayılda, Xankəndində, Kəlbəcərdə, Xocalıda, Füzulidə, Zəngilanda, Qubadlıda, Xocavənddə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qalib xalq, müzəffər ordu və müdrik Ali Baş Komandan birliyi ilə hələ qarşıda neçə-neçə tarixi zəfərlər, qələbələr bizi gözləyir.
 
Günel Cəfərova,
Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
moderator.az

10Mənbələr