AZ

Azərbaycanətraf mühit və iqlim dəyişmələri kimi qlobal məsələlərə öz töhfəsini verir

İstiqamət: ekologiya və ətraf mühitin mühafizəsi 

Yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Bu gün dünya qarşısında həllini gözləyən əsas ekoloji problem isə sözsüz ki, iqlim dəyişmələri problemidir. İqlim dəyişikliyi inkişaf etmiş və ya inkişaf etməkdə olan, eləcə də, böyük və ya kiçik olmalarından asılı olmayaraq bütün ölkələrə təsir edən və sərhəd tanımayan bir təhlükədir. Mineral yanacaq növlərindən istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olub. Temperaturun qlobal səviyyədə artması səbəbindən hava şəraiti dəyişib - ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsi yaradıb. "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi qlobal ekoloji məsələlərin həllinə önəm verdiyini nümayiş etdirir:

 "Yaşıl dünya naminə həmrəylik ili"
 
"Bildiyimiz kimi, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi barədə Sərəncam imzalanıb. Sərəncamda da deyildiyi kimi, bu, bir daha Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi ətraf mühitlə, iqlim dəyişmələri ilə bağlı məsələlərdə öz töhfəsini verdiyini göstərir. Azərbaycanın inkişaf strategiyasında-"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində prioritet istiqamətlərin müəyyənləşdirilib. Həmin sənəddə 5 prioritetdən biri məhz təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır. Artıq uzun illərdir ki, Azərbaycan, ekoloji vəziyyətin sağlamlaşdırılması, iqlim dəyişmələri ilə mübarizə sahəsində, o cümlədən istixana effekti yaradan qaz tullantılarının azaldılması istiqamətində müəyyən hədəflər müəyyənləşdirilib, müəyyən öhdəliklər götürüb. Həmin hədəflərə çatmaq üçün bir sıra tədbirlər-alternativ enerji mənbələrindən istifadə,  ətraf mühitə dost texnologiyaların tətbiqinin genişləndirilməsi, enerji səmərəliyinin təmin olunması, istixana effekti yaradan qaz tullantılarının azaldılması,təbii sərvətlərin idarə olunmasının təkmilləşdirilməsi və s. bu kimi işlər görülür. Yeri gəlmişkən, hazırda  yaşıl dünya, yaşıl iqtisadiyyat, yaşıl enerji kimi anlayışlar bir trendə çevrilməkdədir. Bu ifadələr  heç də özündə yaşıl rəngi hərfi mənada ifadə etmir. "Yaşıl" ifadəsinin geniş anlamda açıqlaması "ekologiyaya zərər vurmayan" mənasını daşıyır. Bu baxımdan "Yaşıl dünya naminə həmrəylik ili"də görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda ölkəmizdə ekoloji vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasının şahidi olacağıq".
 
 COP və Azərbaycan
 
İctimai Birlik sədri əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) 1995-ci ildən etibarən hər il keçirilir. Bu konfransın ilki Almaniyanın paytaxtı Berlində, sonuncusu (COP-28) isə ötən il  Birləşmiş Ərəb Əmirliklərinin Dübay şəhərində keçirilib. Belə tədbirlərin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub:
"Azərbaycan elə ilk ildən-1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (COP) ratifikasiya edib və qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.  Konvensiya ilə yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya  edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfələr verməyə başlayıb. Bu günədək 195 ölkə bu razılaşmaya qoşulub. Azərbaycanda belə bir tədbirin keçirilməsi ölkəninin inkişafını dünyaya təqdim etmək üçün mühüm fürsətdir. 
 Ötən il dekabrın 11-də  Dubay şəhərində keçirilən "COP-28"in plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar verildi. Bu, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafı idi. Bundan əlavə, "COP-29"un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verirdi. Qeyd etmək yerinə düşər ki, bu, indiyədək Azərbaycanda  keçirilən ən böyük  beynəlxalq tədbir olacaq. Digər tərəfdən dünya liderlərini Bakıda toplantısını keçirmək ökə üçün ən gözəl təbliğatdır. Və bu, ölkəninin inkişafını  dünyaya təqdim etmək üçün  mühüm bir fürsət olacaq. Belə ki, adətən analoji tədbirlərdə bütün dünyadan siyasi elita-prezident, hökumət başçıları, nazirlər, nüfuzlu beyin araşdırma mərkəzlərinin rəhbərləri, büynəlxalq ekspertlər  iştirak edir. Rəsmi açıqlamaya görə ötən il Dubayda keçirilən "COP-28"ə 80 minə yaxın qonaq  qatılıb. Texniki işçilərlə birgə tədbirin iştirakçılarının sayı 100 min nəfəri ötüb. Bu , həm də ölkədə turizm sənayesinin inkişafı deməkdir.
 
  Azərbaycanın iqlim dəyişmələrinə verəcəyi töhfə
 
Onun bildirdiyinə görə, dünya üzrə qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15 faizi Azərbaycanın payına düşür. Buna baxmayaraq Azərbaycan emissiyaları azaltmaq üzrə iddialı hədəflər qəbul edib. Ssenarilərə uyğun olaraq qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq məqsədilə, 1990-cı il ilə müqayisədə istixana effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz,  2050-ci ilədək isə 40 faiz azaltmağı ölkəmiz özünə hədəf seçib:
"Bundan əlavə,  işğaldan azad edilmiş ərazilərimizdə "Yaşıl enerji" zonalarının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər "Karbon neytral" zonasına çevirməyi hədəfləyir. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın yaşıl enerji sahəsində bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla uğurla əməkdaşlıq edir,bu hədəflərin reallaşması istiqamətində intensiv addımlar atır. Azərbaycan, həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. 
Araşdırmalar göstərir ki, qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə ən böyük problemlərdən biri bu səhəyə kifayət qədər maliyyə vəsaitinin ayrılmamasıdır. COP-un son iki sessiyasında bu məsələyə xüsusi diqqət ayrılsa da, problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilmədi. Yeganə əldə edilən nəticə 2022-ci ildə keçirilən "COP-27"də "İtki və Zərər" fondunun yaradılması oldu. Fond daha çox iqlim problemləri ilə qarşılaşmış olan inkişaf etməkdə olan ölkələrə dəstək vermək məqsədilə yaradıldı. Belə ki, məhz həmin ölkələr daha çox iqlim problemləri ilə qarşılaşmaqdadırlar və maliyyə imkanları da zəifdir. Ona görə də iqlim dəyişiklikləri baxımından həssas olan bu ölkələrin daha çox maliyyə yardımına ehtiyac var. Fondun ehtiyatları 700 milyon dollar səviyyəsində olsa da, bu,  iqlim dəyişiklikləri ilə mübarizə üçün lazım olan 400 milyard dollarla müqayisədə cüzi bir rəqəmdir. Ona görə də Tərəflər Konfransının 29-cu sessiyasında gündəmdə əsas məsələlərdən biri maliyyə arxitekturasının islah edilməsi, bu prosesdə özəl sektorun iştirakının artırılması, bu istiqamətdə borc siyasəti və vəsaitlərin ehtiyac kriteriyası üzrə daha ədalətli şəkildə bölüşdürülməsi kimi məsələlər olacaq. Başqa sözlə, bu baxımdan Bakıdakı "COP-un həm də tarixə düşəcəyi heç də istisna edilmir".

 Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
olaylar.az

1Mənbələr