AZ

2 yaşlı uşağın ölümündəki çips müəmması

İyunun 8-də Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Turqut Cavadzadənin qəfil halı pisləşib.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək olmayıb. 

Hadisədən sonra uşağın valideynləri iddia ediblər ki, uşaq çipsdən zəhərlənərək həyatını itirib. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bu iddianı rədd edib. Bildirilib ki, Turquta ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. 

Hadisədən sonra çipsin təhlükəsi barədə yeni-yeni fikirlər ortaya atılıb. 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Cebhe.info”-ya açıqlamasında deyib ki, yay mövsümündə qida zəhərlənmələri artır:

“Qida zəhərlənmələri müxtəlif mənşəli olur.

Təbii ki, 2 yaşlı uşağın paketlənmiş qidadan zəhərlənməsi çox üzücü bir haldır, valideynin məlumatsızlığı və maariflənməməsindən qaynaqlanır. Çünki 2 yaşlı uşağa bu kimi qidanın verilməsi doğru deyil. Bu tip məhsullar uşağın düzgün inkişafına da mane olur. Çünki çipslərin tərkibindəki  inqredientlər, aromatizatorlar və dadlandırıcılar, xüsusilə də bəzən asılılıq yaradan natrium qlutamat  sintetik mənşəli olur ki, onlar birbaşa ağızda dad reseptorlarının formalaşmasına mane olur. 

Bununla yanaşı, həmin uşaqlarda inkişafdan geri qalma, aqressivlik, yuxusuzluq, ənənəvi qidalardan zövq almama halları baş verir”. 

M.Hüseynova vurğulayıb ki, çipsdən əlavə, uşağın həmin gün qəbul etdiyi digər qidalar da mütləq şəkildə araşdırılmalıdır:

“Qida mənşəli zəhərlənmə olduqda dəqiq hansı qidadan qaynaqlandığını bəzən dəqiqləşdirmək çətin olur. Amma indiki halda cips yedikdən sonar özünü göstərib. Ola bilsin ki, məhsul köhnə olub və yaxud da düzgün şəraitdə saxlanılmayıb. İsti havaları nəzərə alsaq, yüksək temperatura məruz qaldığı üçün tərkibində hər hansı dəyişikliklər baş verib ki, bu da zəhərlənməyə səbəb ola bilər”. 

Ekspert qeyd edib ki, birmənalı şəkildə 3 yaşına qədər uşaqlara bu kimi qidalar verilməməlidir:

“20 yaşa qədər uşaqlar da mümkün qədər belə qidalardan az istifadə etsinlər ki, inkişaf düzgün getsin və sağlamlıqlarına zərər gəlməsin”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
cebheinfo.az

1Mənbələr