AZ

İlahiyyatçı-alim QADAĞALARA QARŞI: “İfrat gender siyasətindən əl çəkməliyik!”

Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilir. Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.

Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qanuna dəyişiklik üçün irəli sürülən təkliflərlə bağlı Medianews.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bildirib ki, ölkəmizdə qohum evliliklərinin qadağan edilməsinə ehtiyac yoxdur.

İlahiyyatçı-alimin sözlərinə görə, bu cür qadağanı ifadə edən qanun Azərbaycan cəmiyyəti üçün müəyyən problemlər yaradacaq: “Qanuna bu cür dəyişiklik təklifi ilə çıxış edərkən, gərək Azərbaycan xalqının adət-ənənəsi, evlilik təcrübəsi nəzərə alınsın. Qanuna belə dəyişiklik etmək nə qədər asandırsa, bu qanunun özü ilə gətirdiyi problemləri həll etmək, yaratdığı mürəkkəb situasiyanı tənzimləmək bir o qədər çətindir. İslam dinində qohumlar arasında evliliklə bağlı təşviq və qadağa mövcud deyil. Ümumiyyətlə, bu məsələdə son söz elmə, təbabətə məxsus olmalıdır. Təbabətdə isə qohum evliliklərinin heç də həmişə zərərli olduğu bildirilmir. Ümumiyyətlə, “İki qohum bir-biri ilə evlənərsə anormal uşaq dünyaya gələcək” düşüncəsi populist düşüncədir. Elmi, tibbi təsdiqini tapmayıb. Ümumiyyətlə, təbabət deyir ki, qohum evlilikləri o zaman təhlükəlidir ki, nəsildə hansısa genetik xəstəlik mövcuddur. Belə olduqda qohum evliliyi zamanı xəstəliyin daha ağırlaşmış forması meydana çıxır. Lakin bir nəsildə nəsil əmələ gətirən fərdlərdə, məsələn, qız və oğlanda genetik problem, xəstəlik mövcud deyilsə, uşaqlar doğularkən anormal doğulmurlar. Bu baxımdan hesab edirəm ki, qohum evliliklərinin qadağan edilməsinə ehtiyac yoxdur. Bir daha vurğulayıram ki, bu cür qadağa özü ilə ciddi problemlər meydana gətirəcəkdir”.

Nikah yaşına çatmayan şəxslərin kəbinin kəsilməsinə gəlincə, E.Məmmədov dövlətin bu istiqamətdə atdığı addımları dəstəklədiyini dilə gətirib: “Ümumiyyətlə, elə etmək lazımdır ki, tərəflərin evliliyi dövlətin təsdiqlədiyi şəxslər və qurumlar tərəfindən qeydə alınıb təsdiqlənsin. Təbii ki, nəticəsi xoş olmayan, mövcud sosial paradiqmalara uyğun gəlməyən, hansısa cəmiyyətdə hökm sürən evlilik ənənəsinin xaricinə çıxan halları tənqid edirik. Çünki, bu cür hallar nəticə etibarı ilə ailə dəyərlərini zəiflədir, xoşbəxt ailənin formalaşmasına mane olur, ailə üzvlərinin bu və digər ailə hüquqlarının tapdalayır. Yəni, evlilik məsələsində əsas məqsəd xoşbəxt ailə yaratmaq olmalıdır. Nə ki, ailə və nikah ənənəsini qoruyur, xoşbəxt ailə meydana çıxarır, bu, məqbuldur və müdafiə olunmalıdır. Bunun əksi olan, yəni nə ki, ailə dəyərlərinin üstündən xətt çəkir, ənənəvi ailə modelini sarsıdır, ailəni əmələ gətirən fərdlərin hüquq və vəzifələrinin süni şəkildə korrektəyə  məruz qoyur, mənəvi cəhətdən sağlam uşaq yetişdirən tərbiyə üsulları və ailə daxili mühiti sıradan çıxarır, onlar tənqid edilməlidir, mübarizə obyekti seçilməlidir”.

İlahiyyatçı-alim qızların psixoloji və fiziki travma almasına, təhsildən məhrum edilməsinə gətirib çıxaran istənilən münasibət formasına qarşı olduğunu söyləyib: “Azərbaycan cəmiyyətində bu cür nikah faktları çox məhduddur. Biz, bu cür məhdud  hallardan daha çox, məsələn “TikTok”dan ehtiyat etməliyik, evlilik yaşının süni şəkildə otuzlara qaldırılmasından qorxmalıyıq. Sosial şəbəkələr məktəblilərin abır-həyaya, əndazəyə sığmayan rəqsləri, hərəkətləri, videoları ilə doludur. Biz bundan narahat olmalıyıq. Bununla yanaşı, nikah yaşının artırılması ilə ailədaxili xoşbəxtliyin meydana gələcəyini düşünmək də reallıqla əksdir. Bu gün qızların ailə qurmaq yaşı 25-35 arasında dəyişir. Əksəriyyətin ali təhsili var, lakin ərə getdikdən sonra görürük ki, gəlin gəldikləri ailə bizim vaxtı ilə daha az yaşda ərə gedən, savadı olmayan nənələrimizin ailəsi qədər nə möhkəmdir, nə də bərəkətlidir. Deməli, nə isə düzgün olmayan bir şeylər var. Əlbəttə, mən erkən nikahlara çağırış etmirəm. Eyni zamanda, nikah yaşının artıq otuzlara dirəndiyi bir dövrdə formalaşan sosial mühit və paradiqmaların həllediciliyini də qəbul edirəm. Lakin ailə problemlərinin kökünü erkən nikahda axtaran zehniyyətin yanlışlığını da vurğulamağı özümə borc bilirəm”.

E.Məmmədov bildirib ki, məhdud sayda qeydə alınan bu cür evlənmə faktlarını ölüm-qalım məsələsinə çevirməməliyik: “Bu, o qədər də taleyüklü məsələ deyil. Mənim fikrimcə, biz daha çox ailə dəyərlərini sarsıdan televiziya kanallarına, sosial şəbəkələrə nəzarəti artırmalıyıq. Bu gün “TikTok” və “Instagram”ların gətirdiyi fəsad, haradasa ildə, ayda bir dəfə baş verən erkən nikahların doğurduğu nəticədən daha ağır və dağıdıcıdır. Yəni, əgər həqiqətən də bizi ailələrin xoşbəxtliyi maraqlandırırsa, o zaman başqa cəmiyyətlərin ailə təcrübəsini, qadın-kişi münasibətlərinin modelini ölkəmizə gətirən, ailələrdə gərginlik yaradıb sosial münasibətləri gərginləşdirən ifrat gender siyasətindən əl çəkməliyik. Qızlarımızı, qadınlarımızı hər mənada istismar edən reklamlarla, teleseriallarla, sosial şəbəkələrlə mübarizə aparmalıyıq”.

İlahiyyatçı-alim erkən nikahların kökünü İslamda görməyə vərdiş edən bəzi şəxslərin iddialarına da münasibət bildirib: “İslam şəriətinin əsas arqument bazası sayılan “Qurani-Kərim”də, ayə və hədislərdə qız uşaqlarının evlilik yaşı göstərilməyib. Ona görə də hər hansı bir rəqəmdən söhbət gedə bilməz. İkincisi, İslamda evlilik yaşı fiziki və psixoloji sosial qanunauyğunluqlara görə müəyyən olunur. Yəni, İslamın mənbəyini əmələ gətirən ilahi vəhy əsla cəmiyyəti tənzimləyən qanunlarla ziddiyyət təşkil etmir. Üçüncüsü, İslam dini evlilik üçün qız uşaqlarının bioloji və psixoloji baxımdan ana olmağa hazırlığını şərtləndirən nöqteyi-nəzəri alqışlayır. Yəni, əgər qız uşağı fiziki, psixoloji və sosial cəhətdən evliliyə hazırdırsa, İslama görə o, evlilik üçün məqbul yaş hesab olunur. Erkən nikahların dindən irəli gəldiyini iddia edən müəyyən şəxslər daha çox Həzrət Aişə faktına köklənirlər. Halbuki, bu insanlar VII əsrin ərəb sosial mühitinə XXI əsrin sosial paradiqmaları ilə münasibət bildirir, sosial paradiqma və mühitlərin dinamiklik faktını nəzərdən qaçırırlar. Bəli, Həzrət Peyğəmbərin Aişə ilə evlənməsi həmin dövrün səciyyəvi ərəb mühitini əks etdirir. Həmin dövr üçün belə evlilik sosial-psixoloji baxımdan təbii hal idi. Cəmiyyət tərəfindən təbii qarşılanırdı və psixoloji fəsadlarla da nəticələnmirdi. Yəni, Həzrət Aişə faktı presedentdir. Hər dövrə və mühitə tətbiq ediləcək dini hökm deyil”.

E.Məmmədov söyləyib ki, bir presedent erkən nikaha çağıran dini hökmdə arqument sayıla bilməz: “Bir daha qeyd edirəm ki, İslam dinində evliliyin konkret yaşı göstərilmir. Çünki, İslam dinamik və çevik yanaşma tərzi ilə seçilir. Qız uşaqlarının evlənməyə hazır olması sosial məsələdir. Odur ki, İslam bunu cəmiyyətin öz öhdəsinə buraxır. İslam istəyir ki, qız uşağının ailə qurmağa fiziki və psixoloji baxımdan hazır olduğu yaş mərhələsi evlilikdə əsas meyar seçilsin. Əlbəttə ki, biz, Allahın bizə əmanəti olan qız övladlarının gələcəyini təhlükəyə salan istənilən təzahürlə, hətta qız uşağının bioloji və psixoloji vəziyyətini nəzərə almayan istənilən nikah formaları ilə mübarizə aparmalıyıq. Nəyin dağıdıcı olduğunu da doğru-düzgün müəyyənləşdirməyi bacarmalıyıq”.

Vüqar MƏMMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
medianews.az

1Mənbələr