AZ

Bu üsulla bişirsəniz ət daha yumşaq, ləzzətli olacaq – Qurban bayramında nələrə diqqət etməli?

“Qurban bayramında kəsilən xırdabuynuzlu heyvanları ən azı 12 saat, iribuynuzluları isə 24 saat dincəltməklə daha ləzzətli vəyumşaq bişmiş ət əldə etmək olar. Belə ətin ləzzəti də, dadı da yerində olar”.



Bunu Bakupost.az –a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib.

Ekspertin sözlərinə görə, ət “ölüm sərtliyi”ndən çıxmalıdır:

“Həmin an ət qazana asılarsa, toxumalar ölmədiyinə görə bişəndən sonra sərt olacaq. Bu da mədə-bağırsaq sistemində narahatlığa səbəb ola bilər. Ona görə ən yaxşı üsul budur ki, ət dincə qoyulsun və bişirilib yeyilsin. Ya da əti dərhal bişirirlərsə, daha az miqdarda istifadə olunması məsləhətlidir”.

A.Salamov Qurban ətinin düzgün paylanılmasında da danışıb:

“Qurbanları polietilen torbalarda soyuducuda saxlayırlar. Havalandırma yaxşı olmur, orta mərkəzə sərinliyi, soyuğu verə bilmir. Bu zaman ət probiotiki çirklənməyə məruz qalır. Bu da zəhərlənməyə yol aça bilər. Ona görə də kəsilmiş heyvanlar dərhal paylanılmalıdır, saxlamaq olmaz. Çox zaman maşının arxasında saxlayıb, axşama qədər paylayırlar. Belə etmək olmaz. Qurban kəsildikdən 2 saat ərzində paylanılmalıdır.

Ümumiyyətlə, ət +2, +4 temperaturda 48 saat müddətində saxlanıla bilər. Həmin vaxt ərzində bişirilib, yeyilməlidir. Əgər ət çoxdursa, 1 həftə və s. saxlanılacaqsa, o zaman onu -18 dərəcə temperaturda mühafizə etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycanda iyunun 16-da Qurban bayramı qeyd olunacaq.



Aygün Nəbiyeva,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
bakupost.az

1Mənbələr