AZ

"Başı var, amma oxumur"... Rəqəmsal əsrdə uşaqlarda oxumaq sevgisini aşılamağın yolları

Rəqəmsal əsr uşaqların öyrənmə və əyləncə vərdişlərini kökündən dəyişdi. Bu dəyişikliyin təbii nəticəsi olaraq uşaqlara kitab oxuma vərdişi vermək həmişəkindən daha çətinləşib. Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, texnologiyanın sürətlə inkişaf etdiyi və rəqəmsallaşmanın hər sahədə təsirini hiss etdirdiyi bir dövrdə yaşayırıq. İş o yerə çatıb ki, sosial media və kompüter oyunları uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bununla belə, rəqəmsal əyləncələrin bolluğu uşaqların oxuma vərdişləri ilə bağlı narahatlıq yaradır. Əyləncəli və maraqlı məzmun təqdim edən sosial media diqqətin qısalmasına səbəb ola bilər. Uzun və dərin oxunuş tələb edən kitablar bu qısa diqqət müddətinə görə artıq cəlbediciliyini itirib. Digər tərəfdən, oyun oynamağa sərf olunan vaxt kitab oxumağa ayrıla biləcək vaxtı da alır. Bütün bu mənfiliklərə baxmayaraq, uşaqların oxu vərdişləri rəqəmsal alətlərlə keçirdikləri vaxtı balanslı şəkildə idarə etməklə dəstəklənə bilər. Rəqəmsal və ənənəvi metodların harmonik istifadəsi onlara həm texnologiyadan səmərəli istifadə etməyə, həm də oxu vərdişlərini yaxşılaşdırmağa kömək edə bilər. Bu mövzu barədə Uşaq Psixoloqu Emine Özen danışıb. Rəqəmsal kitab, yoxsa ənənəvi oxu yanaşması? Texnologiyanın təqdim etdiyi imkanlar uşaqların mütaliə təcrübələrini zənginləşdirsə də, çap olunmuş kitabların verdiyi dərin oxu təcrübəsini unutmaq olmaz. Emine Özen belə izah edir ki, valideynlər və pedaqoqlar rəqəmsal və çap olunmuş oxu materiallarını birləşdirərək uşaqlarda oxuma sevgisini inkişaf etdirə bilərlər: “Hər iki formatın özünəməxsus üstünlükləri var. Fiziki kitablar uşaqlara toxunma təcrübəsi təqdim edir və səhifələri çevirmək oxu prosesini daha hissiyyatlı və interaktiv edir. Bu format həm də rəqəmsal cihazlarda diqqətinizi yayındıran şeylərdən uzaq durmağa imkan verir. Rəqəmsal kitablar isə böyük bir kitab kolleksiyasını tək bir cihazda daşımağa imkan verir ki, bu da səyahət zamanı və ya çöldə oxumaq imkanı yaradır. İnteraktiv animasiyalar və səs effektləri kimi xüsusiyyətlər, xüsusən də gənc uşaqlar üçün oxu təcrübəsini artırır. Valideynlər uşaqlarının maraq və ehtiyaclarından asılı olaraq hər iki növdən istifadə edə bilərlər”, - deyə Özen qeyd edib. Beləliklə, ənənəvi oxu vərdişləri rəqəmsal dövrün gətirdiyi yeniliklərlə tarazlıqda necə istifadə edilə bilər? Rəqəmsal və çap kitablarından birlikdə istifadə: Elektron kitablar və audiokitablar oxu prosesini əyləncəli etməklə uşaqların diqqətini cəlb edə bilər. Bununla belə, çap olunmuş kitabların toxunma təcrübəsi və vərəqləmə hissi də vacibdir. Valideynlər və pedaqoqlar rəqəmsal və çap olunmuş kitablardan balanslaşdırılmış şəkildə istifadə etməklə uşaqların oxu vərdişlərini gücləndirə bilərlər. İnteraktiv oxu proqramları: İnteraktiv oxu proqramları lüğəti genişləndirməyə və oxuyub-anlama bacarıqlarını artırmağa kömək edə bilər. Oyun elementləri ilə təchiz olunmuş proqramlar və uşaqların diqqətini cəlb edən interaktiv fəaliyyətlər oxu prosesini əyləncəli edir. Rəqəmsal kitabxanalara giriş: Uşaq kitabları və hekayələrinin onlayn əldə edilə bilən arxivləri geniş oxu materialı təklif edir. Bu, uşaqlara müxtəlif janrları araşdırmağa və öz maraqlarına uyğun kitab seçməyə imkan verir. Ailə daxilində oxu saatları: Rəqəmsal cihazların geniş istifadə olunduğu evlərdə ailə oxu saatlarının yaradılması uşaqların oxu vərdişlərini dəstəkləyir. Valideynlər övladları ilə kitab oxumaqla nümunə ola bilərlər. Bu fəaliyyətlər mütaliə sevgisinin ailə daxilində dəyərli bir fəaliyyət kimi görünməsini təmin edir. Texnologiya ilə oxu fəaliyyətlərinin təşkili: Uşaqlar üçün oxu fəaliyyətlərində texnologiyadan istifadə oxuma sevgisini artıra bilər. Onlayn kitab klubları, müəllif müsahibələri, virtual oxu qrupları və interaktiv hekayələr kimi fəaliyyətlər uşaqların mütaliə dünyasına marağını artırır. Bu fəaliyyətlər uşaqlara oxuduqları kitablar haqqında fikirlərini bölüşmək və yeni kitab tövsiyələri almaq imkanı verir. Oxumağı həvəsləndirən və mükafatlandıran: Oxumaq üçün məqsədlər qoymaq və bu məqsədlərə çatdıqda kiçik mükafatlar vermək uşaqların motivasiyasını artırır. Rəqəmsal nişanlar, oxu sertifikatları və ya sevimli kitabı hədiyyə etmək kimi üsullar uşaqlarda oxu vərdişlərini inkişaf etdirməyə kömək edir. Kitabları maraqlarına görə seçmək: Uşaqlar maraqlandıqları mövzuları oxumaqla daha çox həvəslənirlər. İdman, heyvanlar, elmi fantastika və ya macəra kimi müxtəlif mövzularda kitablar təklif etməklə uşaqların oxu vərdişlərini artırmaq mümkündür. Uşaqları kitab oxumaq vərdişindən uzaqlaşdırmayın! Emine Özen bəzi yanaşmaların uşaqları oxumaq vərdişindən yayındıra biləcəyinə diqqət çəkir. Valideynlərin uşaqlara oxuma sevgisinin aşılanmasında aktiv rol almaları lazım olduğunu vurğulayan Özen: “Valideynlər uşaqları ilə kitab oxumağa vaxt ayırmalı, onları kitabxanalara, kitab mağazalarına aparmalı, onların oxu seçimlərinə hörmət etməlidirlər. Öz oxu vərdişlərini bir nümunə kimi göstərmək uşaqlar üçün də həvəsləndirici olacaq”, - deyə bildirib. “Oxumaqdan cəza kimi istifadə etmək uşaqlarda kitaba qarşı mənfi münasibətin formalaşmasına səbəb ola bilər. Şişirdilmiş mükafatların verilməsi uşaqların yalnız mükafat almaq üçün oxumasına səbəb olur. Bu, onların oxumaqdan həzz almasına mane olur. Uşaqları daim oxumağa məcbur etmək və onlara təzyiq göstərmək oxu prosesini gərginləşdirə bilər. Bu halda uşaqlar oxuma hərəkətini stresslə əlaqələndirə və mütaliə vərdişlərinin inkişafının qarşısı alına bilər”, - deyə o qeyd edib. Qadir, Bizimyol.info

Seçilən
76
1
bizimyol.info

2Mənbələr