AZ

“Bundan sonra daha xoşbəxt ailələr qurulacaq” - Sosioloqdan nikbin açıqlama

İki-üç gün öncə ölkə gündəmi çoxdan gözlənilən bir xəbərlə silkələndi: Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olundu. Əslində, belə bir qadağanın rəsmi olaraq tətbiqi bir çoxlarına absurd görünsə də, əhali arasında fikirlər heç də birmənalı deyil. Hətta buna sevinənlər də yetərincədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri sosioloq Rüfət İsmayılzadə bildirib. 

O, verilən qərarın alqışalayiq olduğunu vurğulayıb: “Düşünürəm ki, bu qərar gənclərin həyatında çox şeyi dəyişəcək. Dünənə qədər valideynlərinin üzünə ağ ola bilməyib, yaxın qohumları ilə evlənməyə təhrik edilən gənclər bundan sonra daha rahat yaşayacaq, öz sevdikləri ilə ailə quracaqlar. Məsələnin ən önəmli tərəfi isə genefondun sağlamlaşdırılmasıdır. Bildiyimiz kimi Azərbaycanda qohum nikahların sayı yetərincədir və bu nikahlardan doğulan çox saylı uşaqların sağlamlığında ciddi problemlər var. Bu da danılmazdır ki, şəxslər arasındakı qan bağının yaxınlıq dərəcəsi artdıqca, fəsadların meydana çıxma riski daha da yüksəlir.

Qohum şəxslər öz genlərini ortaq bir atadan aldıqları üçün onların eyni genlərində mutasiya daşıma ehtimalları – qohum olmayan şəxslərə nisbətən xeyli çoxdur. Mütəxəssislərin fikrincə, qan qohumluğu olan şəxslərdən dünyaya gəlmiş uşaqların çox ağır irsi xəstəlik olan talassemiya xəstəsi olması ehtimalı böyükdür.

Deməli, sözügedən qərar böyük sosial əhəmiyyəti olan bir addımdır. Hətta deyərdim ki, bu addım çoxdan atılmalı idi. Əsas odur ki, bundan sonra daha sağlam körpələr doğulacaq, daha xoşbəxt ailələr qurulacaq. Sağlam cəmiyyətin fundamenti də budur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
qafqazinfo.az

1Mənbələr