AZ

Göylərə də baxmaq lazımdır: Azərbaycan gəncliyinin aviasiyaya meyli yetərli deyil

Abituriyentlər də, valideynlər də özlərinin bildiyi havaya oynayırlar

"Gərək bizim gənclər də  “ənənəvi”, “klassik” ixtisaslara can atmaqdan əl çəkib yeni, günümüzlə səsləşən, dünyadakı inkişafla ayaqlaşan və tələb olunan ixtisaslara yiyələnməyə çalışsınlar"

  
Ali təhsil müəssisələrininin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başa çatıb. Kimin arzusu reallaşacaq, kimin yox, deyə bilmərik. Amma dəqiq olan budur ki, abituriyentlər arasında “brend” ixtisaslar dəyişmir: hüquq, həkimlik, menecment, mühasib... Kimi dindirirsən, ya hüquq fakültəsini, ya həkim olmağı, ya da, uzaqbaşı menecmentliyi arzulayır. Son zamanlar turizm də populyarlaşmaq üzrədir. Amma hələ o dərəcədə yüksək istək hiss olunmur. Dövlət İmtahan Mərkəzi, təhsil mütəxəssisləri, ƏƏSMN-in Dövlət Məşğulluq Agentliyi israr etməkdən yorulub ki, ixtisas seçərkən gələcəyi nəzərə alın. Dünyada hazırda tələbat olan, kadr ehtiyacı olan ixtisasları seçin ki, ertəsi gün işlə təmin oluna biləsiniz. Tələbat duyulan kadr olasınız. Kimə deyirsən?!. Abituriyentlər də, valideynlər də özlərinin bildiyi havaya oynayırlar.  Məsələn, qardaş Türkiyədə son illərdə aviasiyaya maraq kəskin artıb. Bu il liseydən (tam orta təhsil bazasından) məzun olanlar arasında pilot peşəsini seçənlər, aviasiya ixtisası üzrə təhsil almaq istəyənlərin xeyli artdığı, hava yolu pilotu peşəsinə yiyələnmək üçün uçuş məktəblərinə müraciət edənlərin, Türkiyə Hava Yolları Uçuş Akademiyasına sənəd verənlərin artdığı bildirilib. Təbii ki, Türkiyə hazırda aerokosmik sahədə böyük nailiyyətlərə imza atır. Kosmosa ilk türk vətəndaş göndərildi, Türkiyə PUA-larının məharəti dünyaya bəllidir, hər il nəhəng "Texnofest" festivalı keçirilir. Bütün bunlar yeniyetmə və gənclərdə göylərə yüksəlmək həvəsini artırır. Amma bizdə də axı göylərə həvəslənmək üçün kifayət qədər əsaslar var. Milli Aviasiya Akademiyamız var. Türkiyə ilə bir millət, iki dövlətik.  44 günlük Vətən müharibəsində hərbi pilotlarımızın şücayəti göz önündə idi. Azərbaycanın hərbi hava qüvvələri, mülki aviasiyası güclüdür, ehtiyac duyulan sahələrdir,  “AZAL” özü də az cəlbedici qurum deyil. Milli Aviasiya Akademiyası abituriyentlərə görün nə qədər geniş imkanlar açır:  Hava nəqliyyatı fakültəsində hava gəmilərinin uçuş istismarı, uçuş aparatları və aviasiya mühərrikləri, avionika, aviasiya meteorologiyası, aeronaviqasiya ixtisasları, Nəqliyyat texnologiyaları fakültəsində digər ixtisaslarla yanaşı aviasiya təhlükəsizliyi, avianəqliyyat istehsalatı, Aerokosmik fakültədə kompüter sistemləri və proqramlaşdırma, aerokosmik informasiya sistemləri, Fizika-texnologiya fakültəsində radioelektronika, aerokosmik cihazlar və sair ixtisaslar mövcuddur. Bunlar hamısı müasir dünyada tələb olunan ixtisaslar və peşələrdir. Buna rəğmən gənclərin aviasiyaya meylinin yetərli olmaması nəylə bağlıdır? 

  Təhsil ekperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycan gəncliyi ənənəvilikdən hələ tam uzaqlaşa bilməyib: 

- Demək olar bütün abituriyentlər çalışırlar, cəhd edirlər ki, “prestijli” ixtisaslara düşsünlər. Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, diplomatiya, menecmentlik...  Guya ki bu ixtisasları bitirdikdə asanlıqla iş tapa biləcəklər. Real vəziyyət isə fərqlidir. Hələ aviasiyanı bir kənara qoyaq. Hazırda ölkəmizdə kənd təsərrüfatı mütəxəssislərinə, mühəndislərə böyük ehtiyac var. Problem əmək bazarının tələblərinə ali məktəblərin cavab verməməsidir. Vakant yerlər elan olunur, lakin uyğun ixtisasları bitirmiş məzunlar tapılmır. Sonra da şikayət edirik ki, işsizlikdir, gənclər iş tapa bilmir. Ali məktəblərin bir çoxu müasir əmək bazarının tələblərinə cavab verəcək səviyyədə deyil. Ali məktəblər müasir tələbləri öyrənməli və çağırışlara cavab vermək üçün sürətlə yenilənməyi bacarmalıdırlar. Dünyada əmək bazarının tələbləri sürətlə dəyişir. Bununla ayaqlaşmaq lazımdır. Bizə rəqəmsallaşma və elektronlaşma üzrə kadrlar lazımdır. Hazırda dünyada ehtiyac duyulan ixtisaslar arasında süni intellekt, proqramlaşdırma, kompüter qrafikası, rəqəmsal elektronika, kompüter oyunları, oyun dizaynı, aviakosmik cihazlar, uçuş aparatları və onların idarə olunmasıdır. Bütün dünya gördü, şahid oldu ki, İranın mərhum prezidentinin qəzaya uğramış helikopterinin yerini Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatı tapdı. Bu hadisə Türkiyənin nüfuzunu dünyada birə-beş artırdı. Türkiyədə pilot peşəsinə marağın artması təsadüfi deyil. Gərək bizim gənclər də “ənənəvi”, “klassik” ixtisaslara can atmaqdan əl çəkib yeni, günümüzlə səsləşən, dünyadakı inkişafla ayaqlaşan və tələb olunan ixtisaslara yiyələnməyə çalışsınlar. Bunun üçün bizim elmi bazamız var, bundan yararlanmaq lazımdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
sherg.az

1Mənbələr