AZ

Paşinyanın belə addımlar atması GÖZLƏNİLƏN İDİ: “Onu ləngərə salan amil daxili və xarici təzyiqlərdir”-ŞƏRH

“Azərbaycanın Zəfəri Ermənistana elə bir zərbə vurub ki, siyasi dairələrinin, kluarlarının, ictimaiyyətinin özünə gəlməsi üçün beş-on il deyil, dövlət idarəçiliyindən tələb olunan uzun illər lazımdır. Əslində, bu zərbəni ermənilər özgə torpağına, qonşunun malın-mülkünə göz dikməklə özlərinə vurublar. Konstitusiya, atributlar kimi gerb və himnin dəyişdirilməsi məsələsinin zəruriliyini Ermənistanın indiki hakimiyyəti ilkin olaraq qapalı görüşlərdə masa üzərinə qoydu. Bu, əvvəl gizli tutularaq müzakirələr hakimiyyət dairələri və müxtəlif sektordan olan ictimai fiqurlar arasında getdisə, sonra ilkin olaraq siyasi qüvvələrin, cəmiyyətin reaksiyasının necə olacağı məqsədilə nəbz ölçmək üçün xaricə sızdırıldı. Bu məqamda onu mütləq vurğulayaq ki, sadə erməniyə bu utopik məsələlərdən daha çox lazım olan konkret rifahlarıdır ki, ona görə bununla bağlı ciddi reaksiya da olmadı. Bu, sadəcə küçələrə tökülən maraqlı dairələr üçün yaxşı bəhanələrdən biri oldu”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, erməni baş nazir Nikol Paşinyanın sözügedən addımları əslində, təxmin oluna biləndir:

“Sadəcə onu ləngərə salan amil daxili və xarici təzyiqlərdir. Çünki istənilən siyasi fiqur ilkin olaraq öz aqibəti haqqında düşünür. Paşinyan əvvəl Konstitusiyasının dəyişdirilməsini deyir, sonra bunu daxili işə qarışmaq kimi göstərirsə, deməli, süni alovlandırılmış daxili ocağı sakitləşdirmək üçün sadəcə çubuqla oynayır. Ermənistanın seçim reallığı elə Paşinyanın alleqoriyaları qədər realdır. Ya onlar nənələrindən qalma dəli danalar kimi qırmızı paltarlarla yenidən mifik, absurd qərarlar alacaqlar, ya da reallığı dərk edərək bu dəfə gələcək nəslə nənədən yox, babadan qalma düzgün yol aşılayacaqlar. Bütövlükdə Qafqaza xas əlamət ikincidir. Ermənistan düzgün qərarlar verməsə, Alen Simonyanın dediyi kimi Ermənistan su yox, biz deyən kimi sellər altında qalacaq.

Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad mövcuddur, orda da Qarabağın Ermənistana birləşməsi haqqında qərar ehtiva olunub. Bu daxili məsələyə qarışmaq o zaman olardı ki, idarə etmək üçün başlıca istinad olan ana maddələr toplusunda ərazi iddiası o yana qalsın, hətta bu və ya digər ölkəyə aid olan istənilən kiçik məsələ belə olmazdı.

TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşü zamanı cənab Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın indiki konstitusiyası dəyişməsə sülh sazişinin imzalanması, sadəcə, mümkün deyil. Bununla da hakimiyyət qarşısında sadə olmayan tapşırıq qoydu. Ümumiyyətlə Ermənistanda siyasi təsisatlar arasında da qopuqluq var. Konstitusiyanın dəyişdirilməsi referendum tələb edən məsələdir, buna Alen Simonyan yox, sıçrayaraq XİN rəhbəri Ararat Mirzoyanın reaksiya verməsi idarəçilik iyerarxiyası, tərbiyəsi o yana qalsın, hər şeydən öncə rəhbəri Nikol Paşinyanın fikirlərini təkzib etməkdir. Ona görə ki, bu məsələ Nikol Paşinyan tərəfindən də səslənib. Erməni kimliyinin formalaşdırılması yanlış məqsədlər, onların realizəsində milli cuşa gətirəcək simvollar da səhv qurulub. İrəvan küçələrinin alovlandığı vaxtda onu söndürmək məqsədilə daxili auditoriyaya oynamaq üçün hələ çox cəfəng fikirlər eşidəcəyik. Zənnimcə, etirazçıları neytrallaşdırmaq məsələsi payıza qədər davam edəcək. Sonra isə sülh önündə böyük maneə olan mövcud məsələlər də daxil olmaqla Ermənistan Konstitusiyası dövrün siyasi və hüquqi reallıqlarına uyğun olaraq yenidən tərtib olunacaq. Kommunikasiyaların açılması isə mümkün yox, zəruridir. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə təmin olunmalıdır. Bu, Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Lap deyək ki, kommunikasiyalar açıldı, gediş-gəliş oldu, qarşılıqlı ticarət baş tutdu, yenə də Konstitusiya dəyişməlidir. Tarix sübut edir ki, Ermənistan qonşu yox, lap iqtisadi maraqlarda ortaq olsa da qonşuya ərazi iddiasından əl çəkmir. Ona görə Müzəffər Ali Baş Komandanımız deyəndə ki, biz bu məsələni gələcək nəsillərə qoymalı deyilik, deməli, problemi kökündən həll etmək istəyir. Ermənistan rəhbərliyi də öz gələcək aqibətləri haqqında düşünərək onlara normal miras qoymalıdır”.

//Gülnarə Abasova, Editor.az

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
editor.az

1Mənbələr