AZ

Azərbaycan-NATO arasında tərəfdaşlıq prespektivləri- ARAŞDIRMA

Müstəqil Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvü olmaqla yanaşı, onlarla ən yüksək səviyyədə əməkdaşlıq edir. Belə təşkilatlardan biri də NATO-dur ki, hazırda ölkəmiz bu beynəlxaq təşkilatla əməkdşlığını davam etdirir. Belə ki, bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşüb. Məlumata görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı səmərəli müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın regional əlaqə və enerji təhlükəsizliyində mühüm rolu, COP29 iqlim konfransına hazırlıq prosesi, iqlim və "yaşıl həmrəylik" gündəliyi, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi prosesi kimi məsələlərə toxunulub. Maraqlıdır, hazırda Azərbaycan NATO ilə hansı sahələrdə əməkdaşlıq edir? 

Hərbi əməkdaşlıq

Əvvəla qeyd edək ki, Azərbaycan-NATO arasında ilk təmasların tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir.
Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) müntəzəm siyasi dialoq həyata keçirməyə, ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı əməkdaşlıq tədbirini razılaşdırmağa imkan verir. SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı Azərbaycana NATO üzv və bir sıra tərəfdaş dövlətlər tərəfindən təşkil edilən kurs, təlim və konfranslarda iştirakdan yararlanmağa şərait yaradır. Digər mühüm mexanizm NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyən etmək və qiymətləndirməkdə tərəfdaşlara yardım etməyi nəzərdə tutan Planlaşdırma və Analiz Prosesidir (PAP). Azərbaycan hazırda sülhməramlı əməliyyatlara hazırlıq və müdafiə planlaması üzrə "tərəfdaşlıq məqsədi" adlanan bir çox konkret tədbirləri həyata keçirir.

Azərbaycan və NATO Parlament Assambleyası

Azərbaycanın NATO PA ilə əməkdaşlığı NATO PA-nın Polşada keçirilmiş Sessiyasında Azərbaycana müşahidəçi statusunun verildiyi tarixə, 1999-cu ilə təsadüf edir. Həmin tarixdən etibarən Azərbaycan parlamentariləri mühüm tədbirlərə cəlb edilməklə və terrorizmə qarşı beynəlxalq əməkdaşlıq, müdafiə sektorunun islahatı, qüvvələrin hərbi uyarlılığının inkişafı, NATO-nun transformasiyası və NATO-nun təhlükəsizlik sahəsində rolu da daxil olmaqla, transatlantik təhlükəsizlik məsələləri üzrə müzakirələrdə iştirak etməklə Azərbaycan-NATO PA əməkdaşlığının inkişafına töhfə vermişlər.    
2002-ci ildə NATO PA Azərbaycana assosiativ üzv statusunun verilməsi barədə qərar qəbul etmişdir. Hal-hazırda Azərbaycan nümayəndələrinin NATO PA tədbirlərində iştirakının əsas formaları bunlardır: Assambleyanın ildə iki dəfə keçirilən sessiyalarında, Komitə və Alt-Komitələrinin görüş və səfərlərində, NATO PA-nın Yeni Parlamentarilər Proqramında, həmçinin, ildə bir dəfə keçirilən Parlament Transatlantik Forumlar və  Ros-Rot seminarlarında iştirak və fikir mübadiləsinin aparılması. Özünün parlamentariləri vasitəsi ilə NATO PA-nın digər dövlətlərdə keçirilən Ros-Rot seminarlarına fəal cəlb edilməklə yanaşı, Azərbaycan iki belə seminara ev sahibliyi etmişdir.

Müdafiə İslahatları

Təhlükəsizlik şəraitinin təkamülü və yeni təhdidlər, milli müdafiə sistemi çərçivəsində yeni yanaşmanı və vasitələri tələb edir. Azərbaycan öz müdafiə və təhlükəsizlik sektorunun inkişafı vasitəsi ilə bütün bunlara adekvat cavab verir. Eyni zamanda, müdafiə və təhlükəsizlik sektorunda aparılan islahatlar, bizim Avro-Atlantik dəyərlərə sadiq olduğumuzu nümayiş etdirir. Müdafiə islahatları sahəsində Alyansın dəstəyinə təminat yaradan, yeni SNT mexanizmi kimi NATO tərəfindən təklif edilmiş, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına (FTƏP) 2004-cü ildə qoşulan Azərbaycan, ilk Tərəfdaşlardan biri olmuşdur. FTƏP çərçivəsində, Azərbaycan, milli strategiya və proseduralara və effektiv qurumlararası əməkdaşlığa əsaslanan effektiv müdafiə sistemini inkişaf etdirmək məqsədi ilə, müxtəlif proseslərə başlamışdır.
Azərbaycanın müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri Milli Təhlükəsizlik Konsepsiyasında, habelə həmin konsepsiyanın hərbi təhlükəliliklə bağlı müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirən Hərbi Doktrinada əks olunur. Hərbi Doktrina Azərbaycan Respublikasının təhlükəsizlik mühitinin və milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amilləri təhlil edir. Hərbi Doktrina milli təhlükəsizliyin hərbi-strateji, hərbi-siyasi, hərbi-iqtisadi, hərbi-texniki və təşkilati əsaslarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və  qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrin (Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və s.) vəzifələrini, onların hazırkı mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetlərini müəyyən edir. Hərbi Doktrinanın müddəaları Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş hərbi, siyasi, iqtisadi, sosial, informasiya, hüquqi və digər tədbirlərin əlaqələndirilməsi vasitəsilə dövlət və yerli özünüidarəetmə orqanları, Silahlı Qüvvələr və başqa silahlı birləşmələr tərəfindən həyata keçirilir. Zərurət olduqda bu müddəaların həyata keçirilməsinə vətəndaş cəmiyyətinin təsisatları və ayrı-ayrı təmsilçiləri cəlb oluna bilər. Eyni zamanda Dəniz Təhlükəsizliyi Strategiyası artıq olunmuş və icrası tətbiq olunur. Bütün bunlar, daha effektiv və imkanlı müdafiə sistemi və silahlı qüvvələrin inkişaf etdirilməsinə əsas yaradan, Strateji Müdafiə İcmalı (SMİ) ilə davam etdirilir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
olaylar.az

1Mənbələr