AZ

Şuşa Bəyannaməsi - Azərbaycan- Türkiyə - “Bir millət, iki dövlət” güclü liderlərin qardaşlıq zirvəsi ŞƏRH

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığı haqqında "bir millət, iki dövlət" kəlamı, eyni zamanda, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir" kəlamı iki qardaş ölkə arasındakı əlaqələrin möhkəm, sarsılmaz və dərin köklərə malik olmasının təcəssümdür. Və bu gün dünyada analoqu olmayan bu qardaşlıq, sarsılmaz birlik və həmrəylik bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Çünki Türkiyə dövləti Azərbaycanın yanında olduğu kimi, Azərbaycan dövləti də çətin günlərdə Türkiyənin yanında olub və bundan sonra da olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq". Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbaycanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: "Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq".

Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri və iyun ayının 15-də Şuşada hər iki qardaş dövlətlərin liderlərinin - Azərbaycan və Türkiyə Prezidentlərinin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”ni imzalaması ölkələrimiz arasındakı inkşafın zirvəsi hesab oluna bilər. Eyni zamanda, Şuşa Bəyannaməsinin 1921-ci il tarixli Qars müqaviləsindən düz 100 il sonra Şuşa şəhərində imzalanması dünyaya verilmiş mesajla yanaşı tarixi Qars müqaviləsinin davamı və müqaviləyə sadiqliyin təsdiqidir. Həmçinin, bu tarixi sənəd Azərbaycan və Türkiyənin regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə, ölkələrimizin əməkdaşlıq, təhlükəsizlik proseslərində rolunu, nüfuzunu daha da artıracaq. Şuşa Bəyannaməsi ilə Azərbaycanın silahlı qüvvələrinin müasir tələblərə uyğun modernləşdirilməsi istiqamətində birgə səylər göstəriləcək. Dövlət başçımız İlham Əliyevin dediyi kimi: «İmzalanmış Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir».

Bir sözlə, Şuşa Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin bərqərar olması, möhkəmləndirilməsi üçün siyasi və hüquqi mexanizmləri özündə ehtiva edən Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının müstəqillik, suverenlik, eyni zamanda beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutur. Eyni zamanda, Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır;əhatəli sülhə yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Məlum olduğu kimi, Zəngəzur dəhlizi təkcə nəqliyyat kommunikasiya baxımından deyil, həm də geosiyasi və iqtisadi əhəmiyyətə baxımından dəyərləndirilir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya ziyarəti zamanı imzalanan “Şuşa Bəyannaməsi”ni qardaşlıq münasibətlərinin zirvəsi adlandırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrdə yeni dönəm başlayıb: «Qarabağa yenidən həyat verməklə yanaşı, azərbaycanlı qardaşlarımızın bir daha bu cür fəlakətlər yaşamaması üçün bir millət, iki dövlət ruhuna uyğun şəkildə tədbirlərimizi alırıq. Qardaşım Əliyevlə birlikdə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq. Bu bəyannamə çərçivəsində bir çox anlaşmanı çox yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, beləcə qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik. Şuşa Baş Konsulluğumuzun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin bir an öncə işləməsinə qədər gündəmimizdəki hər bir başlığı qərarlılıqla və sürətlə həyata keçirəcəyik. Önümüzdəki aylarda ölkəmizdə gerçəkləşdirəcəyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu xüsuslarla əlaqəli konkret addımların çoxunu atmağı planlaşdırırıq".

Bəli, Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Və imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisidir. Eyni zamanda, Şuşa Bəyannaməsi Ermənistana və onun havadarlarına da mesajdır. Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Hər şeydən öncə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. Ən əsası, bu Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə göz dağı verməklə yanaşı həm də Azərbaycanın gücünün, qüdrətinin nə qədər böyük olduğunu bir daha göstərdi. Bir sözlə, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.Bəli, bu gün Türkiyə-Azərbaycan, “Bir millət, iki dövlət”i rəsmiləşdirən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi - Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”. Dövlət başçımızın dediyi kimi: “Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxıb”. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsini imzalamaqla hər zaman Azərbaycanın yanında olacağını rəsmən elan etdilər. Bu, tarixi hadisədir və xalqlarımızı qürurlandırır, gücümüzü artırır, birliyimizi möhkəmləndirir və dövlətlərimizi daha böyük uğura aparır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
sesqazeti.az

3Mənbələr