AZ

"Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan arasında strateji əməkdaşlığı dərinləşdirən tarixi sənəddir"

30 ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycanın tarixi-mədəni şəhəri Şuşada 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə dövlət başçıları arasında imzalanan Şuşa Bəyannaməsi iki qardaş xalqı rəsmən müttəfiq etdi. Şuşa bəyannaməsi iki qardaş xalq arasında yaranmış hərtərəfli və köklü münasibətlərin növbəti mərhələyə çıxarılması demək idi. Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqləndi. Bu da o demək idi ki, artıq Şuşa Bəyannaməsi hər iki ölkənin milli qanunvericilik orqanına daxil edilmiş qanun statusu daşıyır. Bu üç il müddətində nələr baş verdi? Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2021-ci ildə Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında imzalanan Şuşa Bəyannaməsi mühüm strateji, hərbi, siyasi, iqtisadi münasibətləri özündə ehtiva edir. Bu bəyannamə, iki qardaş ölkə arasındakı tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Sənəd hər iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir, eyni zamanda sülhə və inteqrasiyaya yol açır. Müşfiq Cəfərov “Azərbaycan müstəqilliyinin 30 ilində bir çox dövlətlərlə ən yüksək səviyyədə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalayıb, amma heç bir sənəd Şuşa Bəyannaməsi qədər önəmli və tarixi olmayıb. Bu bəyannamə regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi, hər iki ölkənin sərhədlərinin toxunulmazlığı kimi milli maraqları əks etdirir. Bu tarixi sənəd siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. Artıq bu məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilib. Xüsusilə, müdafiə sənayesi sahəsində əməkdaşlığımızı dərinləşdirən bir çox vacib addımlar atılıb. Şuşa Bəyannaməsi Azərbaycanın mövqelərini gücləndirən ciddi amillərdən biri oldu. Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlığı dərinləşdirən bu tarixi sənəd, eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaratdı”-deyən deputat vurğulayıb ki, Şuşa Bəyannaməsi Türk dünyasının daha da birləşməsinə də ciddi stimul oldu. Deputat hesab edir ki, Türk Dövlətləri Təşkilatının yenilənməsi, keçirilən intensiv zirvə toplantıları və imzalanan yeni sənədlər bunu deməyə əsas verir. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
bizimyol.info

1Mənbələr