AZ

Texnologiyanın getdikcə müasirləşdiyi bir dövrdə uşaqlara kitab oxumaq sevgisini necə aşılayaq?

Uşaqların yaradıcı təfəkkür və zehni inkişafı üçün erkən yaşlarda kitab oxuma vərdişinə yiyələnmələri vacibdir. Təxəyyülü stimullaşdıran kitabların təsirini hiss etmək üçün mütaliəni rutinə çevirmək, maraqlı kitablar seçmək və oxu vaxtını düzgün müəyyən etmək lazımdır.
Müasir dövr uşaqların öyrənmə və əyləncə vərdişlərini kökündən dəyişdirib. Bu dəyişikliyin təbii nəticəsi olaraq uşaqlara kitab oxuma vərdişi vermək hər zamankindən daha çətinləşib.
Texnologiyanın sürətlə inkişaf etdiyi və rəqəmsallaşmanın hər sahədə təsirini hiss etdirdiyi bir dövrdə yaşayırıq. İş o yerə çatıb ki, sosial media və kompüter oyunları uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bununla belə, rəqəmsal əyləncələrin bolluğu uşaqların oxuma vərdişləri ilə bağlı insanlarda böyük bir narahatlıq yaradır.
Hər bir valideyn övladı üçün yaxşı həyat arzulayır. Mütəxəssislər uşaqların həyat keyfiyyətini yaxşılaşdıracaq ən vacib detallardan birinin onlara kitab oxuma vərdişinin qazandırılması olduğunu söyləyirlər. Gənc yaşda bu faydalı vərdişə yiyələnən uşaqlar şüurlu fərdlər kimi böyüyəcəklər.
Əyləncəli və maraqlı məzmun təqdim edən sosial media diqqətin yayılmasıına, yaddaşın zəifləməsinə səbəb ola bilir. Uzun və dərin oxunuş tələb edən kitablar bu qısa diqqət müddətinə görə artıq diqqəti cəlb etmir. Digər tərəfdən, oyun oynamağa sərf olunan vaxt kitab oxumağa ayrıla biləcək vaxtı da oğurlayır.
Bütün bu mənfiliklərə baxmayaraq, uşaqların oxu vərdişləri rəqəmsal alətlərlə keçirdikləri vaxtı balanslı şəkildə idarə etməklə dəstəklənə bilər. Rəqəmsal və ənənəvi metodların harmonik istifadəsi onlara həm texnologiyadan səmərəli istifadə etməyə, həm də oxu vərdişlərini yaxşılaşdırmağa kömək edə bilər. Bəs bunun necə etmək lazımdır?
Psixoloq Ülkər Məmmədlinin sözlərinə görə, rəqəmsal əsrdə ekran qarşısında çox vaxt keçirən uşaqları müxtəlif fəaliyyətlərə həvəsləndirmək olduqca vacibdir:
"Uşaqları erkən yaşda kitabla tanış etməyin vacibliyi sosial bacarıqlarda özünü göstərir. Kiçik yaşlarından kitab oxuyan, nağıl dinləyən uşaqlar danışma, özünü ifadə etmə, sosial əlaqələr qurma kimi sahələrdə daha bacarıqlı olurlar. Buna görə də uşağınızın yaşına uyğun kitablar seçmək, oxumaq vərdişlərini daha zövqlü edir.
Kitab oxumaq vərdişi qısa müddətdə formalaşan bir bacarıq deyil. Hər gün müəyyən fasilələrlə kitab oxumaq, nizam-intizam saxlamaq və mütaliə zamanı diqqəti yayındırmamağa imkan vermək çox vacibdir. Xüsusilə oxuduqlarını anlayan və onu vizuallaşdıran uşaqlar oxumaqdan daha çox həzz alırlar. Bu səbəbdən də uşaqlara kitab oxumaq vərdişini aşılamaq üçün valideynlər ilk növbədə özləri kitab oxumaqla nümunə göstərməlidirlər.
Məktəbəqədər yaş qrupu çox aktiv və narahat bir təbiətə malikdir. Bu yaş qrupunda olan səbirsiz uşaqların kitab oxuması üçün kitablar əyləncəli və maraqlı olmalıdır. Məktəbəqədər dövrdə daha az mətn və daha çox şəkil olan kitab seçimlərinə üstünlük verilir. Düzgün oxumağı bilməyən və ya oxumağı təzəcə öyrənən uşaqlara kitab oxumaq vərdişi qazandırmaq üçün qısa hekayələr, təsvirli nağıllar və üç ölçülü kitablardan istifadə etmək olar.
Fəaliyyət səhifələri olan kitablar məktəbəqədər yaş qrupu üçün faydalıdır. Uşaq oxuduğu hekayəyə uyğun fəaliyyət səhifəsi ilə həm öyrəndiklərini möhkəmləndirə, həm də əylənə bilər. Hekayələr tamamlamaq kimi fəaliyyətləri ehtiva edən kitablar kiçik uşaqların yaradıcılığını inkişaf etdirmək üçün ideal hesab olunur".
Texnologiyanın təqdim etdiyi imkanlar uşaqların oxu təcrübələrini hər nə zənginləşdirsə də, çap olunmuş əyani kitabların verdiyi dərin oxu təcrübəsini heç vaxt unutmaq olmaz. Psixoloq Ülkər Məmmədli bildirir ki, valideynlər və pedaqoqlar rəqəmsal və çap olunmuş oxu materiallarını birləşdirərək uşaqlarda oxuma sevgisini inkişaf etdirə bilərlər:
"Hər iki formatın öz üstünlükləri var. Əyani kitablar uşaqlara toxunma təcrübəsi təqdim edir və səhifələri çevirmək oxu prosesini daha hissiyyatlı və interaktiv edir. Bu format həm də rəqəmsal cihazlarda diqqətinizi yayındıran şeylərdən uzaq durmağa imkan verir. Rəqəmsal kitablar isə böyük bir kitab kolleksiyasını tək bir cihazda daşımağa imkan verir ki, bu da zamandan və məkandan asılı olmadan istənilən yerdə oxumaq imkanı verir. İnteraktiv animasiyalar və səs effektləri kimi xüsusiyyətlər, xüsusən gənc uşaqlar üçün oxu təcrübəsini artırır. Valideynlər uşaqlarının maraq və ehtiyaclarından asılı olaraq hər iki növdən istifadə edə bilərlər".
Bəs ənənəvi oxu vərdişləri rəqəmsal dövrün gətirdiyi yeniliklərlə tarazlıqda necə istifadə edilə bilər?
Psixoloq bildirir ki, rəqəmsal və çap kitablarından birlikdə istifadə mümkünsüz deyil:
"Elektron kitablar və audiokitablar oxu prosesini əyləncəli etməklə uşaqların diqqətini cəlb edə bilir. Bununla belə, bayaq da qeyd etdiyim kimi çap olunmuş kitabların toxunma təcrübəsi və vərəqləmə hissi də vacibdir. Valideynlər və pedaqoqlar rəqəmsal və çap olunmuş kitablardan balanslaşdırılmış şəkildə istifadə etməklə uşaqların oxu vərdişlərini gücləndirə bilərlər.
İnteraktiv oxu proqramları lüğəti genişləndirməyə və oxuyub-anlama bacarıqlarını artırmağa kömək edə bilir. Bu zaman oyun elementləri ilə təchiz olunmuş proqramlar və uşaqların diqqətini cəlb edən interaktiv fəaliyyətlər oxu prosesini daha da əyləncəli edir.
Uşaq kitabları və hekayələrinin onlayn əldə edilə bilən arxivləri geniş oxu materialı təklif edir. Bu da, uşaqlara müxtəlif janrları araşdırmağa və öz maraqlarına uyğun kitab seçməyə imkan verir.
Rəqəmsal cihazların geniş istifadə olunduğu evlərdə ailə oxu saatlarının yaradılması uşaqların oxu vərdişlərini dəstəkləyir. Valideynlər övladları ilə kitab oxumaqla onlara düzgün nümunə ola bilərlər. Bu fəaliyyətlər mütaliə sevgisinin ailə daxilində dəyərli bir fəaliyyət kimi görünməsini təmin edir.
Uşaqlar üçün oxu fəaliyyətlərində texnologiyadan istifadə onların oxuma sevgisini artıra bilər. Onlayn kitab klubları, müəllif müsahibələri, virtual oxu qrupları və interaktiv hekayələr kimi fəaliyyətlər uşaqların mütaliə dünyasına marağını artırır. Bu fəaliyyətlər uşaqlara oxuduqları kitablar haqqında fikirlərini bölüşmək və yeni kitab tövsiyələri almaq imkanı verir.
Oxumaq məqsədləri təyin etmək və bu məqsədlərə çatdıqda kiçik mükafatlar vermək uşaqların motivasiyasını artırır. Oxuduğu hər bir kitabın qarşılığında kiçik hədiyyələr, mükafatlar vermək kimi üsullar uşaqlarda oxu vərdişlərini inkişaf etdirməyə kömək edir.
Uşaqlar maraqlandıqları mövzuları oxumaqla daha çox həvəslənirlər. İdman, heyvanlar, elmi fantastika və ya macəra kimi müxtəlif mövzularda kitablar təklif etməklə uşaqların oxu vərdişlərini artırmaq mümkündür.
Ümumiyyətlə, insanlarda üç növ qavrayış metodu var. Bu qavrayış üsulları üç ayrı kateqoriyada formalaşır: toxunma (kinestetik), vizual və eşitmə.
Kinestetik qavrayış üsulu uşaqlıqda sıx şəkildə görülür və yaşla birlikdə azalmağa başlayır. Bu, uşaqlar və böyüklər arasında ümumi dil və anlaşmanın qurulmasına mane olur. Uşaqlar hərəkətlərini məhdudlaşdırmaqda çətinlik çəkirlər. Valideynlər kinestetik qavrayışı olan uşaqlar üçün kitabların öz başlarına edə biləcəkləri fəaliyyətləri daxil etməsinə icazə verməlidirlər.
Vizual qavrayış üsulu hər yaşda olan insanlarda müşahidə edilir. Uşaqlar da inanılmaz dərəcədə təfərrüat yönümlüdürlər və danışarkən bu xüsusiyyətlərdən istifadə edirlər. Onların zehinlərində nəhəng bir şəkil yaranır və bu mənzərəni çatdırmağa çalışarkən tez-tez danışmağa çalışırlar.
Vizual qavrayışı üstünlük təşkil edən fərdlər, ikitərəfli dialoqlarda qarşı tərəfi dinləmirlər, çünki o anda sözləri şəkillərə çevirib, zehinlərinə köçürməklə məşğuldurlar. Öyrənmə tərzi vizual görüntülərə əsaslanan insanlar üçün fotoşəkillər, xəritələr, memarlıq əsərləri, yüksək estetik dəyərə malik elementlər böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu şəxslər televizor, kompüter və planşet kimi vizual əsaslı əşyalarla uzun müddət vaxt keçirirlər.
Eşitmə qavrayışı üsulu tez-tez erkən yaşda danışmağa başlayan uşaqlarda görülür. Bu uşaqlar səslərlə düşünür və təkcə başqalarını deyil, özlərini də dinləməyi bacarırlar. Səs-küydə kitab oxuya bilməyən və ya ən kiçik səslə diqqəti yayınan uşaqlar güclü eşitmə qabiliyyətinə malikdirlər, dərin səsləri eşidə bilirlər. Eşitmə qavrayışı yüksək olan uşaqların ailələri oxuma vərdişlərinə gəldikdə digərlərindən daha şanslı olurlar.
Qısacası, uşaq kitab oxumağa başlayanda, valideyn ona daha az qayda və təlimat verməlidir ki, uşaqlar kitab oxuma vərdişini qavrasınlar. Əgər uşağın texnoloji materiallara marağını məhdudlaşdırmaq istəyiriksə, bunu kitablardan istifadə edərək etməməliyik. Oxumaq sadəcə uşağa xas deyil, hamı üçün ortaq bir bacarıqdır və hər bir valideyn övladı ilə birlikdə kitab oxumalıdır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
113
7
olaylar.az

9Mənbələr