AZ

Sahibə Qafarovanın Belarus görüşləri

Milli Məclisin Sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Roman Qolovçenko ilə görüşüb. 

Baş nazir son bir ayı Azərbaycan-Belarus əməkdaşlığı ayı kimi qiymətləndirərək deyib ki, bu dövr ərzində ölkə rəsmiləri arasında qarşılıqlı səfərlərin həyata keçirilməsində kifayət qədər intensivlik müşahidə olunub. Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, Azərbaycan Baş nazirinin Belarusa səfərləri, həmçinin Hökumətlərarası Komissiyanın Minskdə keçirilmiş növbəti iclası fonunda Milli Məclis Sədrinin Belarusa səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına çox mühüm töhfələr verməklə yanaşı, əlaqələrimizin yüksək səviyyədə olduğunun göstəricisidir.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin Belarus Respublikasına, o cümlədən Prezident Aleksandr Lukaşenkonun  Azərbaycana dövlət səfələri və bu zamanı imzalanmış sənədlər iki ölkə arasında münasibətlərə xüsusi təkan verib. Bugünədək Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanması ikitərəfli münasibətlərin inkişafı üçün  hüquqi baza yaradıb.

Baş nazir Milli Məclis Sədrinin bu səfərinin əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Milli Məclisin Sədri Sahibə Qafarova səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrinə dair fikir mübadiləsi, o cümlədən, qanunvericilik sahəsində münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı faydalı müzakirələr aparıldığını diqqətə çatdırıb. 

S.Qafarova Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən də söhbət açaraq deyib ki, Ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. Hazırda isə Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edir. 

Baş nazir də Azərbaycanın müstəqillik dövründə möhtəşəm inkişaf yolu keçdiyini bildirib.

* * *

Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə  heyəti Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Milli Kitabxanasında olub. Nümayəndə heyəti kitabxanada yaradılan şəraitlə tanış olub, burada saxlanılan kitablar barədə məlumat alıb.

Parlament nümayəndə heyəti kitabxanada yaradılan Azərbaycana həsr olunmuş bölmə ilə də tanış olub. S.Qafarova  kitabxanaya Azərbaycan dövlətçilik tarixi haqqında, həmçinin “Qarabağ: işğaldan əvvəl və işğaldan sonra” kitablarını hədiyyə edib.

Sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Azərbaycan parlament nümayəndə heyəti, həmçinin Minskdə “Horizont” Elektronika və İnnovasiyalar Mərkəzi və ilk Milli Ticarət Evi ilə də tanış olub. Burada qonaqlara Belarus istehsalı olan müxtəlif məhsullar haqqında məlumat verilib.

Əliqismət BƏDƏLOV
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
xalqqazeti.az

1Mənbələr