AZ

HƏMAS israilli girovlardan neçəsinin sağ qaldığını bilmir

HƏMAS

Bakı, 14 iyun, AZƏRTAC

Əsir götürülən israilli girovlardan neçəsinin sağ qaldığını heç kim dəqiq bilmir.

AZƏRTAC xəbər verir ki, HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Üsamə Həmdan bunu CNN telekanalına müsahibəsində deyib.

Telekanal əsirlikdə olan təxminən 120 israillinin taleyinin Qəzza ilə bağlı istənilən razılaşma üçün “kritik” olduğunu hesab edir. Üsamə Həmdan razılaşma üçün döyüş əməliyyatlarının daimi dayandırılmasının və bütün İsrail qoşunlarının Qəzzadan çıxarılmasının şərt olduğunu vurğulayıb.

Xarici medianın yazdığına görə, ABŞ, Misir və Qətər hələ də ABŞ Prezidenti Cozef Baydenin təqdim etdiyi sxem üzrə atəşkəsə nail olunması üçün HƏMAS hərəkatına təzyiq göstərməyə çalışırlar. Fələstinlilər isə altı həftəlik atəşkəsdən sonra İsrailin hücumları yenidən bərpa edəcəyindən ehtiyatlanırlar.

Qeyd edək ki, mayın sonlarında Cozef Bayden Qəzza zolağında üç fazadan ibarət sülh planını təklif edib. Plana əsasən, ilk mərhələdə atəşkəs rejiminə nail olunmalı, yüzlərlə fələstinli girov müqabilində bəzi israilli əsirlər azad edilməli, Qəzzaya humanitar yardımın həcmi artırılmalı və hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar başlamalıdır. İkinci mərhələdə İsrail ordusu bütün qüvvələrini Qəzzadan çıxarmalı, fələstinlilər isə qalan əsirləri azad etməlidir. Üçüncü mərhələ isə beynəlxalq ictimaiyyətin dəstəyi ilə Qəzza sektorunun bərpasını nəzərdə tutur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
azertag.az

1Mənbələr