AZ

Qərbdən Nikola dəstək: Batya Bakıya nələr “verib“?

Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus lideri Aleksandr Lukaşenkoya qarşı başlatdığı kampaniyaya Qərb mediası da dəstək verməyə başlayıb.
BUTA.TV xəbər verir ki, “Politoko” nəşri nədənsə məhz indi “xatırlayıb” ki, Belarus Azərbaycana hərbi yardım göstərib. Nəşr “ondan çox məktub, diplomatik not, yük qaiməsi və ixrac pasporuna” əsasən 2018-2022-ci illər arasında Belarusun Azərbaycan Ordusuna “fəal yardım etdiyinin təsdiqləndiyi” haqda iddia yayıb. Bildirilib ki, Bakıya təklif edilən xidmətlərə “köhnə artilleriya texnikasının modernləşdirilməsi, elektron müharibə və pilotsuz sistemlər üçün istifadə edilən yeni hərbi texnikanın verilməsi” daxilmiş – halbuki Azərbaycanın PUA-ları haradan aldığı bütün dünyaya bəllidir. Nəşr “iki dövlət arasında “Qroza-S” mobil anti-dron stansiyalarının alınması ilə bağlı yazışmalar”dan da bəhs edib. Heç bir real sənəd və sübut təqdim etməməsinə baxmayaraq, “Politiko” arqumenti gücləndirmək üçün Lukaşenkonun Azərbaycana səfəri, işğaldan azad edilən ərazilərin bərpasında iştirak istəyi ilə bağlı sözlərindən sitat gətirib. Maraqlıdır, necə oldu ki, Belarusun Azərbaycana hərbi yardım etdiyini Ermənistan indi gördü və Qərb mediası dərhal faktların dərcinə başladı? Belarusun Azərbaycana satdığı ən mühüm silah “Polonez” olub ki, bu barədə də Aleksandr Lukaşenko yüksək tribunadan uca səslə bir neçə dəfə danışıb. Həmin vaxt “Polonez”i Ermənistana da satmaq istədiyini, ancaq Serj Sərkisyanın bundan imtina etdiyini də xatırlatmışdı. Sərkisyan imtinasının səbəbini Rusiyadan “İsgəndər” alması ilə əsaslandırmışdı. 44 günlük savaşda isə məlum oldu ki, Rusiya “İsgəndər”in nəinki ixrac versiyasını, hətta İsgəndər-M-i Ermənistana bağışlayıb – yeri gəlmişkən, Azərbaycan pulunu ödəyib silahlar alırsa, Ermənistana milyardlarla silahlar hədiyyə edilib. Belə görünür ki, Qərb mediası Nikol Paşinyanın KTMT-dən ayrılmaq üçün yeni bəhanəsinə ciddi dəstək verməyə başlayıb və yaxud bu, Nikol Paşinyan üçün hazırlanan “KTMT-yə qarşı demarş ssenarisi”nin tərkib hissəsidir: Paşinyan qəfil özündən çıxır, Belarusun ünvanına ağır sözlər deyir, səfirini geri çağırır, Belarus KTMT-də olduğu sürəcə bu qurumda olmayacağını bildirir və Qərb mediası və siyasiləri də Ermənistan rəhbərliyinin bu bəyanatlarına ictimai dəstək qazandırmaq üçün hərəkətə keçir. Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyırsa, Azərbaycanla sülh sazişinə hazırlaşırsa, Lukaşenkonun işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana yardım göstərməyə hazır olduğunu bildirməsi Paşinyanı niyə özündən çıxartmalıdır? Paşinyan 2 gün öncə parlament çıxışında Sərkisyan-Köçəryan da deyil, hətta Ter-Petrosyan hakimiyyətinin xalqı aldatdığını deyir, 1996-cı ildəki Lissabon sammitini xatırladır və bildirir ki, Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi kimi tanınıb və bu həqiqəti Ermənistan ictimaiyyətindən gizlədiblər. Əgər belədirsə, onda Lukaşenkonun 44 günlük müharibəni Azərbaycan ərazilərinin işğaldan azad edilməsi savaşı kimi qəbul edib, dilə gətirməsində hansı problem var? Paşinyan elə dünən parlamentdə Qarabağdakı qanunsuz xuntanın “öz ordusu, öz silahı” olduğunu, onların cəmi 2 saata təslim olduğunu və milyardlarla silahı tam işlək vəziyyətdə, sursatları ilə birgə Azərbaycana təhvil verdiyini bildirib, Ermənistanın Qarabağa ümumiyyətlə hər hansı aidliyini inkar etməyə qalxırsa, bu qalmaqalın səbəbi nədir? Səbəb əlbəttə ki, KTMT-dən çıxmaq üçün daha çılğın bəhanə istəyidir. Təsadüfi deyil ki, Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxacağının anonsunu verəndən dərhal sonra Belarusa qarşı ittihamlar səsləndirdi, guya onun Azərbaycana yardımından isteriyaya düşdüyünü ifadə etməsi başladı və Rusiyaya şərt qoydu: Belarus KTMT-dən gedərsə, onda Ermənistan bu təşkilata qayıtmaq məsələsini müzakirə edə bilər. Belarus Rusiya ilə İttifaq Dövləti sazişi imzalamış bir ölkədir, onun KTMT-dən çıxmasını təsəvvür etmək mümkündürmü? Paşinyan elə bir iddia irəli sürür ki, onun həlli mümkün olmasın!

Ermənistanın KTMT-də qalıb-qalmamasının Azərbaycana heç bir aidiyyəti yoxdur. Ancaq bütün manipulyasiyaları Azərbaycanın üzərindən aparmağın fəsadları ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
buta.tv

1Mənbələr