AZ

Makron Yeni Kaledoniyada uduzdu

MÜBARİZ

Yelisey Sarayının prezidenti Emmanuel Makron dönəmində həyata keçirdiyi uğursuz siyasət bu ölkə üçün kədərli nəticələrini verməkdədir. Bu günlərdə Avropa Parlamentinə seçkilərdə acınacaqlı məğlubiyyət E.Makronun siyasi komandası üçün biabırçılıqdır və soyuq duş effektinə bərabərdir. Ancaq bu, rəsmi Parisin başını aşağı, Makronun dilini gödək edəcək yeganə fakt deyil. Fransa prezidenti, həmçinin daha bir ünvanda acınacaqlı məğlubiyyətə uğradığını etiraf etmək məcburiyyətində qalıb. Söhbət onun Yeni Kaledoniyada “seçki islahatları”nın dayandırıldığını açıqlamasından gedir. Bu barədə “Reuters” məlumat yayıb. “Yeni Kaledoniyada seçicilərlə bağlı konstitusiya layihəsi dayandırılıb”, - deyə Makron bildirib.

Fransa prezidentinin Yeni Kaledoniyada “islahatları” dayandırmasını publik şəkildə bəyan etməsi məcburi qaydada atılan bir addımdır. Bu ölkədə Makronun islahat fiaskosunu şərtləndirən iki mühüm amili qeyd edə bilərik.

Yerli kanak xalqının dönməz, qətiyyətli mübarizəsi

Xatırladaq ki, 2024-cü ildə Yeni Kaledoniyada etirazlar burada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən və yerli əhalinin hüquqlarını pozan qanun layihəsinə görə başlayıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Yelisey Sarayı bütün digər müstəmləkələrində olduğu kimi, Yeni Kaledoniyada da son dərəcə mürtəce müstəmləkəçilik siyasəti həyata keçirir. Adanın bütün sərvətləri Fransa tərəfindən vəhşicəsinə talanır. Təbii ki, belə vəziyyət ada ölkəsinin aborigen sakinlərində ciddi narazılıqlar yaradır. Onlar Fransanın müstəmləkə əsarətindən qurtulmaq, öz talelərinin və sərvətlərinin sahibi olmaq naminə ardıcıl mübarizə aparırlar və indiyədək müəyyən uğurlar da qazanıblar. Yelisey Sarayı  yerli əhalinin proseslərə təsir imkanlarını azaltmağın ən optimal yolunu burada gəlmələrin sayını artırmaqda və hüquqlarını genişləndirməkdə görür. İndiyədək Fransanın mərkəzi hakimiyyəti buraya çoxlu sayda əcnəbinin, o cümlədən də kriminal ünsürlərin köçürülməsinə nail olub. Bu dəfə söhbət gəlmələrin seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur.

Yelisey Sarayının siyasi gedişinin məkrli niyyət güddüyünü yaxşı anlayan kanak xalqı “islahatlar”ın gündəmə gəldiyi ilk vaxtlardan ayağa qalxaraq sərt etirazlarını bildirir. Ölkədə həyat iflic olub.  Mərkəzi hakimiyyətin ölkəyə əlavə hərbi kontingent yeritməsi, etirazları yatırmaq üçün ən qəddar vasitələrə əl atması, hətta Makronun özünün Yeni Kaledoniyaya gələrək burada hansısa yol xəritəsini təqdim etməsi də nəticəsiz qaldı - kanak xalqı geri çəkilmədi.

Bakı Təşəbbüs Qrupunun fəallığı və kanak xalqına güclü dəstəyi

Makronun uduzmasını şərtləndirən ikinci mühüm amil Azərbaycanın təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupunun fəallığıdır. 2023-cü ildən fəaliyyətə başlayan Bakı Təşəbbüs Qrupu artıq beynəlxalq platformaya çevrilib. Təsisat müstəmləkəçilik və neokolonializmlə mübarizənin ardıcıl şəkildə dəstəklənməsi çərçivəsində Bakıdan Cenevrə, İstanbul və  Nyu-Yorka qədər 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. Təşkil edilən bütün beynəlxalq tədbirlərdə Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında məşğulluq, mənzil təminatı sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin istismarı barədə ətraflı məlumat verilib, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya faktları diqqətə çatdırılıb.

Bakı Təşəbbüs Qrupu, həmçinin Yelisey Sarayının bədnam  “konstitusiya islahatlarına” qarşı sərt müqavimət göstərən Yeni Kaledoniyaya dəstək verir. Təsisat Yeni Kaledoniya hadisələri ilə bağlı xüsusi bəyanat yayıb. Bəyanatda paytaxt Numea şəhərində, həmçinin ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələrlə bağlı dərin narahatlıq ifadə olunub. Sənəddə vurğulanır ki, hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid altına qoyur. Qurum həmçinin rəsmi Parisin Yeni Kaledoniya ətrafında qurduğu informasiya blokadasını dağıtmaq istiqamətində fəal çalışmalar reallaşdırır. Bakı Təşəbbüs Qrupu tərəfindən hazırlanaraq müxtəlif  KİV-ə təqdim olunan foto, video, çap materiallarında “islahatların” gerçək mahiyyəti barədə müxtəlif auditoriyalara müfəssəl məlumatlar çatdırılır. Belə əməli fəaliyyətin nəticəsidir ki, kanak xalqına beynəlxalq səviyyədə dəstək əhəmiyyətli dərəcədə artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr