AZ

Bəhruz Məhərrəmov: Şuşa Bəyannaməsi Türk birliyinin gələcəyi üçün “yol xəritəsi” sayılmalıdır

Şuşa Bəyannaməsi Türk birliyinin gələcəyi üçün “yol xəritəsi” sayılmalıdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, bu il fevralın 14-də özünün andiçmə mərasimində Prezident yeni dövrdə Azərbaycan Respublikasının bütün istiqamətlər üzrə, o cümlədən xarici siyasət sahəsində prioritetlərini açıqlayarkən Türk dünyası ilə əlaqələri yol xəritəmizin vacib elementi kimi müəyyən edib, Türk Dövlətləri Təşkilatının bizim üçün əsas beynəlxalq təşkilat olduğunu bəyan edib: “Səbəb çox sadə formula əsaslanırdı, dövlət başçımızın qeyd etdiyi kimi, bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır. Müstəqilliyin ilk illərində, xüsusən AXC-Müsavat qruplaşmasının xalqa qarşı ən ağır cinayəti törədib hakimiyyəti zəbt etdiyi dövrdə “türk” amili ciddi istismara məruz qalıb, dövlət səviyyəsində realizə olunan bu siyasət həm daxili proseslərdə, həm də beynəlxalq əlaqələrimizdə yersiz nəticələrə yol açıb, Türkiyə, Türkmənistan, Özbəkistan kimi dövlətlərlə münasibətlərimiz xoşagəlməz ssenarilər üzrə inkişaf edib. Lakin Ulu Öndərin hakimiyyətə gəlişi ilə bu gedişata son qoyuldu və Türk dünyası ilə münasibətlər sağlam formada bərqərar olunmağa başladı. Cənab İlham Əliyev isə bütün müstəqil türk dövlətləri ilə əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə ucaltdı. Türk dünyası ilə ikitərəfli strateji müttəfiqlik barədə müqavilələrdən danışarkən, heç şübhəsiz ki, Şuşa Bəyannaməsinin adı ilk növbədə çəkilməlidir. Konseptual yanaşsaq, Şuşa Bəyannaməsi Türk dünyası üçün əsas bağ sayılan Azərbaycan və Türkiyə arasında münasibətlərin bütün istiqamətlərini əhatə edən mexanizm olmaqla bərabər həm də Türk birliyinin gələcəyi üçün “yol xəritəsi” sayılmalıdır. Bildiyimiz kimi, Şuşa Bəyannaməsində Ankara ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, ticari məsələlər, o cümlədən mədəniyyət, təhsil, idman, gənclər siyasəti, ən önəmlisi isə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Xüsusən sonuncu amil Ermənistanın məğlubiyyəti ilə barışmayaraq yeni reallıqları qəbul etmək istəməyən üçüncü tərəflər üçün ciddi çəkindirici siqnal kimi qiymətləndirilə bilər. Çünki Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə hər zaman bir-birinin təhlükəsizliyini təmin edəcəyini sətiraltı formada yox, açıq birbaşa mətnlə rəsmən bəyan etmiş oldu. Təbii ki, postmünaqişə reallığında, hələ ki, separatizm ocağının mövcudluğu şəraitində belə bir mexanizmi formalaşdırmaq asan məsələ deyildi, lakin məhz cənab İlham Əliyevin də böyüklüyü ondadır ki, qəti iradə nümayiş etdirərək çox mürəkkəb geosiyasi coğrafiyada belə bir müqavilənin imzalanmasına və digər 3-cü tərəflərin bu reallığı qəbul etməsinə nail olmağı bacardı. Daha dəqiq desək, cənab İlham Əliyev necə ki döyüş meydanında Müzəffər Ali Baş Komandan kimi qələbəyə nail oldu, eləcə də diplomatiyada da düşməni və havadarlarını fakt qarşısında qoydu. Digər tərəfdən, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə aydın “yol xəritəsi” müəyyən edilməklə Ankara-Bakı tandeminin müddətsiz, güclənən xətt üzrə inkişaf edən müttəfiqlik olduğu mesajı verildi”.

Bəhruz Məhərrəmov qeyd edib ki, ölkələr arasında münasibətlərin inkişaf tendensiyası liderlərin şəxsi keyfiyyət və münasibətlərindən çox asılı olan məsələdir: “Ayrı-ayrı Türk dövlətlərinin liderləri ilə sağlam və qarşılıqlı etimada əsaslanan münasibətləri formalaşdırmaqla Prezident İlham Əliyev ölkələr arasında rəsmi təmasların artırılmasına, əlaqələrin dərinləşməsinə, tarixin heç bir dövründə olmadığı güclənməsinə, Türk dünyasının ümumi maraq və mənafelərdə ehtiva olunan məsələlərdə vahid rakursdan çıxış edə bilməsinə nail oldu. Liderlər arasında münasibətlərdən danışarkən, heç şübhəsiz ki, cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq-qardaşlıq əlaqələri xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Vətən müharibəsi və sonrakı periodlarda qardaş Türkiyə və şəxsən cənab Rəcəb Tayyib Ərdoğan bütün imkanları ilə Azərbaycanın yanında oldu, siyasi dəstəyini əsirgəmədi. Eyni zamanda ən çətin məqamlarda, Türkiyədə meşə yanğınları və dəhşətli zəlzələ zamanı isə qardaş ölkənin köməyinə çatan ilk lider və birinci dövlət cənab İlham Əliyev və Azərbaycan oldu. Bütün bu məqamların fonunda, Şuşa Bəyannaməsindən ötən üç illik müddəti təhlil edərkən, əminliklə deyə bilərik ki, sənədi kifayət qədər ciddi fəaliyyətə çevirmək mümkün olub. Münasibətlərimiz daha da güclənib, ölkələrimiz regionda sülh və təhlükəsizliyin qarantına çevrilməyi bacarıb. Eyni zamanda tam yeni məcrada təqdirəlayiq hərbi əməkdaşlıq nümunəsi formalaşdırılıb. Ötən ilin sentyabrında zərgər dəqiqliyi ilə keçirilən lokal xarakterli antiterror tədbirləri də sübut etdi ki, Azərbaycanda Türkiyə ordusunun kiçik, lakin daha mütərəqqi modelinin yaradılması istiqamətində həlledici hərbi islahatlar uğurla realizə olunur. Bundan başqa, ən müasir müdafiə sənayesi məhsullarının istehsalına başlanıldı ki, təbii ki, bu barədə ictimaiyyətə detallı məlumat verilə bilməz. Habelə başda Qarabağ və Şərqi Zəngəzurda quruculuq-bərpa prosesi olmaqla, Ankara və Bakı tam mənada vahid hərəkət nümunəsi ortaya qoydu. Daha dəqiq desək, Ümummilli Liderin "Bir millət, iki dövlət" ideyasını cənab İlham Əliyev Şuşa Bəyannaməsinin icraatında tam mənada reallaşdıra bildi. Beləliklə, imzalanmasının üçüncü ildönümündə görünən odur ki, bu gün Şuşa Bəyannaməsi güclənən Azərbaycan-Türkiyə qardaşlığını, daimi birliyini bütün dünyaya bildirən bir mesaj olmaqla bərabər, həm də regionun təhlükəsizliyini ehtiva edən keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bu il iyunun 6-da möhtərəm Prezidentin TÜRKPA-nın nümayəndə heyətini qəbul etməsi zamanı verilən bəyanatlar da göstərir ki, məhz bu işbirliyinin nəticəsidir ki, nəinki Azərbaycan və Türkiyə, bütövlükdə Türk dünyası artıq qlobal miqyasda hesablaşılan, yetkin hərbi-siyasi güc mərkəzi kimi özünü təsdiq edə bilib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
apa.az

1Mənbələr