AZ

“Nikol kürsüsünü qorumaq üçün qırğınlara hazırdır“ -Məşhur erməni jurnalist

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı İrəvanda oturaq aksiyalar keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir.

Məşhur erməni jurnalist Liza Caqaryan dünənki mitinqdə toqquşmalar zamanı polislərlə etirazçıların xəsarətlər almasını sərt şəkildə tənqid edib. News365.az xəbər verir ki, o, Ermənistanda yaşanan xaosa görə ölkə başçısının birbaşa günahının olduğunu söyləyib. Jurnalist "Mamul" saytında yazıb ki, “möhtərəm" rəhbərin tez-tez rus casusu, kanadalı agent kimi ifadələr işlətməsi (Hərəkat rəhbəri Baqrat Srbazan haqqında-red.) təsadüfi hal deyil.

Jurnalist iddia edib ki, Paşinyan özünün kreslosunu qorumaq, hakimiyyətdə qalmaq üçün "tərəddüd etmədən 1 mart hadisələrini on dəfə təkrarlamağa hazırdır. Özü də bunu daha qəddar, daha həyasız, daha istehzalı simayla edəcək. Son zamanlar daha bir şeyi yaxşı anladıq. Söz azadlığı, sərbəst toplaşmaq, hərəkət hüququ və Avropa dəyərləri uğrunda mübarizə aparanların yüzdə doxsan və daha çoxu adi bir köpükdən başq abir şey deyil. Elə isə yaşasın "müqəddəs hərəkat!".

Xatırladaq ki, "1 mart hadisələri" 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlar silsiləsi ilə bağlıdır. Seçkilərdəki pozuntulara qarşı olan kütləvi etirazlar paytaxt İrəvanda keçirilmişdi. Etirazların təşkilatçısı prezidentliyə namizəd və Ermənistan Respublikasının ilk prezidenti olan Levon Ter-Petrosyan və onun tərəfdarları idilər. Həmin vaxt etirazçıların hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdı.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Arxiyepiskopun iyunun 9-da "Vətən uğrunda Tavuş hərəkatının” tərəfdarlarını hökumətin istefasına nail olmaq üçün iyunun 10-dan 4 günlük fasiləsiz etiraz aksiyalarına başlamağa çağırmasından sonra bir neçə gündür ki, parlament binası qarşısında çadırlar qurulub, etirazçılar oturaq aksiya keçirirlər.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
news365.az

1Mənbələr