AZ

Bu addım atılarsa, Azərbaycanda qohumlar arasında düşmənçiliyə son qoyulacaq 

Bu günlərdə Azərbaycanda qohum evliliklərinin qadağan olunması ilə bağlı müzakirələr aparılır. Mövzu sosial mediada da gündəmdir. Artıq məsələyə bəzi deputatlar, sosioloqlar, həkimlər və s. münasibət bildirdilər.

Qohum evliliyi ilə bağlı əsas fikir budur ki, bu cütlüklərin dünyaya gətirdiyi uşaqlar əsasən xəstə olur. Amma ətrafımızda xeyli sayda insan var ki, özü də, övladları da yaxın qohumla evlənib, lakin uşaqlar sağlamdır.

Qohum olmayan cütlüklərin övladlarının xəstə olması günümüzün gerçəkliklərindəndir. Belə olan halda bu təsəvvür haradan yaranıb?

Tibbi ekspert Adil Qeybulla deyib ki, əslində, bir-birinə yad olan cütlüklər də dünyaya xəstə uşaq gətirirlər.

Onun sözlərinə görə, qohumluq nikahlarında bu ehtimal daha yüksəkdir:


“Nəzərə alaq ki, Azərbaycanda xeyli talassemiyalı, hemoqlobinopatiyalı insanlar var, genetik deffektləri olan insanlar mövcuddur. Bunların isə qohumluq evlilikləri böyük təhlükə yaradır. Ona görə də bunun qarşısını almaq, genofondun sağlamlaşdırılması üçün bu qadağa tərtib edilir. Həm də bu, maarifləndirmə üçün çox lazımdır. Düşünürəm ki, verilən qərar xeyirli olacaq. Qohum evliliyi Azərbaycanda çoxdur. Çünki uzun illər ərzində artıq ənənə halını alıb. Hesab edirəm ki, bu qanunun yalnız faydası olacaq”.

Tarixçi alim Zaur Əliyevin dediklərinə görə, elm təsdiq edir ki, əlilliyin yaranma səbəblərinə baxdıqda onların da müxtəlif olduğunu görərik:

“Belə ki, əlillik iki hissəyə bölünür – anadangəlmə və sonradan qazanılan. Anadangəlməyə hamiləlik dövründə ananın düzgün qidalanmaması, yoluxucu xəstəliklərə tutulması, tütün məmulatları və alkoqollu içkilər qəbul etməsi, radiasiyaya məruz qalması, travmalar, qohum evliliyi, doğum anında uşağın oksigensiz qalması, tez və ya gec doğulması, doğum zamanı yaranan qəzalar kimi halları aid edə bilərik. Bibi və dayı uşaqlarının daxil olduğu 2-ci dərəcəli qohumluq nikahında xəstə uşaq sahibi olma riski 25 faiz təşkil edir. 3-cü dərəcəli qohumluq nikahında xəstə uşaq sahibi olma riski 4-6 faiz təşkil edir. Genetik baxımdan ortaq əcdadlar nə qədər az olsa, nəsil üçün bir o qədər yaxşıdır”.

 
Tarixçi qohum evliliklərindən də danışıb:

“Dünyanın bir sıra inkişaf etmiş ölkələrində – ABŞ-ın 24 ştatında, Çində, Cənubi Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanması qadağan edilib. Ancaq inkişaf etməkdə olan ölkələrdə, eləcə də üçüncü dünya ölkələrində tamamilə fərqli mənzərə yaranır. Məsələn, Hindistanda ölkədəki bütün nikahların yüzdə 13-dən 33-ə qədəri qohumdur. Bu, fərqli ölkələrdə sosial-iqtisadi inkişafın müxtəlif səviyyələri ilə bağlıdır. İnsanların yoxsulluq şəraitində yaşadığı yerlərdə qohum evlilikləri daha çox olur. Çünki qohumluq ailədə əmlakı saxlamağa imkan verir”.

Zaur Əliyev deyib ki, səmavi dinlərdə bununla bağlı qadağalara rast gəlmək olar:

“İncildə qohumluq birliklərinin birmənalı qadağalarını görürük. 8-9-cu əsrlərdəki Bizans hüququnda da qohum nikahları ilə bağlı məhdudiyyətlərdən, xüsusən də əmioğlular arasında deyil, onların uşaqları arasında da nikahların qadağan edilməsindən bəhs edilirdi. Eyni xəbərdarlıqlara Tövrat və Quranda da rast gəlmək olar. Bundan başqa, mövcud dünya dinlərinin çoxu qohum evliliklərinə qarşı çıxış edirlər. Lakin üçüncü və dördüncü dərəcəli qohumlarla evlənən evli cütlükləri araşdırarkən məlum olub ki, bu nikahlarda da məhsuldarlıq artır. Yəni adi nikahlarla müqayisədə onlarda daha çox uşaq doğulur. Ancaq eyni zamanda, uşaqlar mükəmməl genetik sağlamlığa malik canlı doğulur. Məsələn, nəsillər üçün təhlükəli olan Rh (qan qrupu) uyğunsuzluğunun tanınmış faktoru belə birliklərdə yaranmır”.
Tarixçi Azərbaycandakı qohum evliliklərinin statistikanı bölüşüb:

“2021-ci ildə -2 363
2022-ci ildə -2 542
2023-cü ildə -1 935

Sual oluna bilər ki, bu qanunun qəbul edilməsi insan hüquqları prizmasından baxıldıqda necə görünür?

Qeyd edim ki, Azərbaycanda uzun müddətdir qohum evliliklərindən uzaq durmaq üçün maarifləndirmə işi aparılırdı. Lakin dövlətin insan hüquqlarına bu cür fundamental sahədə müdaxilə etməsi üçün meyarlar var. Görünən odur ki, maarifləndirmə yolu ilə qohum evliliklərinin qarşısının alınmasına nail olmaq mümkün deyil. Doğulan uşaqların sağlamlığı və zorakılıq mövzularına son qoymaq üçün belə sərt müdaxilə mühümdür. Eyni zamanda yumor kimi səslənsə də, Azərbaycanda qohum evliliyi qadağan edilsə, qohumlar arasında minlərlə düşmənçiliyin qarşısı alınacaq”.  /globalinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
referans.az

1Mənbələr