AZ

Lamin Yamal Xavinin istefasına üzülüb: “Fliklə hələ danışmamışam”

İspaniya yığmasının və “Barselona”nın 16 yaşlı vingeri Lamin Yamal Xavinin Kataloniya klubundan qovulması haqda danışıb.

Arena.az Yamalın bu barədə fikirlərini təqdim edir:

“Çox qəribə idi. Əvvəl gedir, sonra qalır… Qəribə idi, çünki biz də sizin kimi görmüşük. Çox üzüldüm. Çünki Xavi mənim ilk peşəkar məşqçim idi”, deyə Yamal kədərlə bildirib.

Yeniyetmə futbolçu alman mütəxəssis Hans-Diter Flikin komandanın yeni baş məşqçisi təyin olunmasını da şərh edib:

“Bayern”dən və Hansi Flikin rəhbərliyi altında Almaniya yığmasından gördüklərimə görə, o, kifayət qədər hücumameylli, sadə oyun tərzinə malikdir. Onunla hələ danışmamışam, amma mən kluba qayıdandan sonra danışacağıq”.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın yetirməsidir. Gənc istedad 2022/2023 mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 7 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023 mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Barselona” 2023/2024 mövsümü bitən kimi baş məşqçisi Xavi ilə yollarını ayırıb. Kataloniya təmsilçisini bundan sonra almaniyalı mütəxəssis Hansi Flik çalışdıracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
arena.az

1Mənbələr