AZ

Cəmiyyətin mədəni dəyəri, keçmişi və gələcəyi olan televiziyamız

Televizyaçı, Rejissor və Prodüser

İqbal Məmmədəliyev

46 illik həyatımın 28 ilini televiziyaya həsr eləmişəm. Fəaliyyət illərimin son 15 ili isə regional televiziya ilə bağlıdır. 2009-cu ildə Yevlax şəhərində televiziya açılanda işə yeni başlamış və müxtəlif təlimlər keçmiş müxbirlər sorğu reportajlarını hazırlayanda çox çətinlik çəkirdilər. Rayon idarəetməsinə cavabdeh olan məmurlardan tutmuş sadə insanlara kimi kamera qarşısında öz fikrini ifadə eləmək iztirabı ayrıca bizim yeni və kövrək komandamız üçün də əzaba çevrilirdi. Gərgin əməyimiz sayəsində iki il müddətində rayon əhalisi arasında nüfuz qazana bildik. İctimai fikir yaratmaq o qədər də asan məsələ olmasa da, biz uşaqdan tutmuş yaşlılalara kimi geniş auditoriyanı müxtəlif səpkili verilişlərlə əhatə elədikdən sonra kameranı və mikrofonu sevdirə bildik. Rejissor sənətində belə bir ifadə var – vərdiş kamerası. Biz adətən toplumun müəyyən bir hissəsinin (uşaq bağçası, qocalar evi, ruhi xəstələr dispanseri, internat və həbsxana) içinə girəndə bir-iki gün videokamera ilə gəzib müəyyən nöqtələr seçir, kameranı ayaqlıq üzərində qoyub kənara çəkilir, və yaxud yalançı çəkilişlərlə onları buna alışdırırdıq. Toplum kameraya alışandan sonra sanki bizi görməzdən öz gündəlik həyatına davam edir, müsahibə alanda daha səmimi olur və doğmalaşırdı. Ey prinsiplə televiziya hər yerə öz çəkiliş heyətini göndərərək Yevlaxda - heç bir televiziya ənənəsi olmayan şəhərdə doğmalıq yarada bildik. Bir gün məktəbdə, bir gün bazarda, bir gün polisin reydində, bir gün bayram tədbirində, bir gün fermada, bir sözlə hər gün əhalinin bütün məşğuliyyət sahələrində televiziyanın kameraları görünməklə bunu vərdişə çevirdik. Artıq sorğularımıza dolğun cavablar alır, utancaq gənclərin fikirlərini öyrənir, səksəkəli məmurun hesabatını alır, təhlillər aparır, müxtəlif mövzuları müzakirə edirdik. Artıq sosial və mədəni sifarişlər almağa başlamışdıq.

Televiziyanın üç əsas prinsipi ilə - informasiya, əyləncə və maarifləndirmə ilə proqram içəriklərini tərtib edirdik. Televiziya bütün bunlarla bərabər mədəni mirası qoruyan və onu təbliğ edən dürüst məlumat mənbəyidir. Çünki burada görüntü, səs, redaktor mətni, sənədlər, müsahiblər – tarixçilər, alimlər, pedaqoqlar və ictimai xadimlər, faktlar, arxiv materialları və s. komponentlərin iştirakı ilə dürüst audiovizual məhsullar hazırlanır. Sosial media və rəqəmsal platformaların sürətlə inkişaf etdiyi dövrdə televiziyanın dəyəri və təsiri haqqında yanlış anlayışlar yaradılsa da, televiziyanın imkanları və görüntülədiyi dərinlik bənzərsizdir.

Televiziyanın ictimai rolu

Televiziya sənətin müxtəlif sahələrini birləşdirərək geniş kütlələrə müraciət edir. təhsildən əyləncəyə, xəbərlərdən mədəniyyətə qədər geniş bir spektrdə proqramlar təqdim edir ki, bunun da sayəsində də, cəmiyyətin hər təbəqəsinə çataraq məlumat və mədəniyyət ötürülməsi təmin edilir. Televiziya proqramları insanların dünyanı anlamalarına, müxtəlif baxış bucaqları qazanmalarına və mədəni dəyərləri öyrənmələrinə kömək edir.

Televiziyanın təqdim etdiyi vizual məzmunlar, tamaşaçılara daha dərin bir təcrübə yaşadır. Xüsusi ilə sənədli filmlər, dram serialları və təhsil proqramları tamaşaçılara məlumat verməklə yanaşı, emosional bir bağ qurmağı təmin edir. Bu da televiziyanın yalnız bir məlumat mənbəyi olmasını üstələyərək tamaşaçıların gündəlik həyatlarına toxunmasını və onlara təsir etməsini mümkün edir.

Televiziya valideyni öz övladını doğru tərbiyə eləməyə sövq edir. Əgər cəmiyyətimizdə uşaqların tərbiyəsi və ailə institutu mükəmməldirsə nə üçün hər il yüzlərlə sosial çarxlar çəkilir və televiziya ilə bərabər bütün rəqəmsal platformalarda nümayiş olunur? Çəkilib nümayiş olunan məhsul da audiovizual kontentdir ki, bu ənənə məhz televiziyadan başlamışdır.

Televiziyada yayımlanan bir xəbər topluma bir qədər gec təqdim olunur. Ona görə ki alınmış məlumat dəqiqləşdirilir, araşdırılır və redaksiya heyətinin peşəkar süzgəcindən keçərək efirə buraxılır. Sosial mediada isə daha ucuz formada süni intellektin səsi ilə hazırlanmış material dəqiqləçdirilmədən şok yaratmaq və daha çox İP giriş toplamaq naminə cəmiyyətə sırınır. Daha sonra əsl həqiqət üzə çıxanda təkzib əvəzinə məlumatı silməklə kifayətlənirlər. Televiziya haqqında yanlış fikir yaradanlar belə hallardan xəbərdardırlarmı?

Əxlaqsız sosial media “fenomenləri” və xəbərləri

Son illərdə sosial media fenomenlərinin və bu platformalarda yayılan xəbərlərin, əxlaqi dəyərlərə zərər verdiyi və cəmiyyətə mənfi təsir etdiyi müşahidə edilməkdədir. Bu fenomenlər diqqət çəkmək üçün çox vaxt uyğun olmayan və əxlaqsız məzmunlar paylaşaraq gənc nəsilləri yanlış yönləndirirlər. Bu gün o sosial media fenomenlərini dəstəkləyənlərə soruşuram: Hansınız övladınızın onlara çevrilməsini istəyərdiniz? Televiziya, bu cür məzmunların əksinə, daha nəzarətli və məsuliyyətli yayım siyasətləri ilə cəmiyyətə nümunə təşkil edən proqramlar təqdim edir. Buna görə də, televiziyanın qorunması və dəstəklənməsi böyük əhəmiyyət kəsb edir.

Reklam bazarının dəyərsizləşməsi

Əxlaqsız sosial media fenomenləri və xəbərləri reklam bazarına da mənfi təsir etmişdir. Markalar sürətli və ucuz reklam strategiyaları arxasıyca qaçaraq, uzunmüddətli marka dəyərlərini göz ardı edirlər. Halbuki, televiziya reklamçılığın köklü və etibarlı bir platformasıdır. Televiziya reklamları geniş kütlələrə çatmaqla yanaşı, markaların etibarlılıq və nüfuzunu da artırır. Televiziya kanalları, bu sahədəki təcrübələri və peşəkarlıqları ilə reklam verənlərə daha dəyərli və təsirli həllər təqdim edirlər. Bir məqama diqqət edək. Sosial media platformalarında ucuz qiymətə reklam olunan və qazancından yayımlandığı seqmentin qanunvericiliyi üzrə vergi ödəməyən, əvəzində qazandığı milyardları statistikaya çevirən Google, Meta və ByteDance kimi böyük korporasiyalar bizə nəyi təlqin edir? Bizim toplum özünün istədiyi kimi deyil, onların diqtəsi ilə marionetə çevrilmirmi?

Televiziyada hazırlanan kontentin maya dəyəri və yayım xərcləri hesablanaraq reklam qiymətləri hazırlanır. Təbii haldır ki, televiziyada reklam baha və prestijdir. Televiziya kanalları qazandıqları hər bir manata görə vergi ödəyirlər. Sosial medianın yaratdığı “fenomenlər”in iştirakı ilə hazırlanan ucuz reklam formatından qazanılan gəlirlər üzrə vergiləri kim ödəyir? Kiçik biznes və hətta böyük biznes sahibləri öz brendlərini, təqdimatlarını, açılış tədbirlərini milyonluq izləyicisi olan bir əxlaqsızın hesabına reklam edirlərsə bu o demək deyil ki, televiziyalar günahkardırlar.

Televiziya kanallarının əməkdaşlığı

Televiziya kanalları məlumat və mənbə paylaşımı edərək bir-birinə dəstək olmalı və əməkdaşlıq içində çalışmalıdırlar. Bu əməkdaşlıq həm xərclərin azalmasına, həm də daha keyfiyyətli məzmunların istehsalına töhfə verəcək. Xüsusilə müstəqil və yerli televiziya kanalları, böyük media qruplarına qarşı ayaqda qalmaq üçün əməkdaşlıq edərək güclənməlidirlər. Ölkənin sərhəd mühafizəsi, müdafiə qoşunları, hərbi hava qüvvələri, xüsusi təyinatlıları, ədliyyə qüvvələri, daxili işlər, mühafizə və qoşun növlərinin bir amacla – ölkənin müdafiəsi, ictimai asayişin qorunması uğrunda koordinasiyalı fəaliyyəti kimi televiziyalar da informasiya məkanının qorunması və mədəni mirasın ötürülməsi üçün geniş əməkdaşlıq formatına keçməlidirlər.

Sosial media və televiziyanın gələcəyi

Sosial medianın sürətlə yayılması televiziyanın gələcəyi haqqında bəzi narahatlıqlar doğursa da, televiziyanın təqdim etdiyi dərinlik və əhatə hələ də əhəmiyyətli bir üstünlükdür. Sosial media platformaları sürətli və anlıq məzmunlar təqdim edərkən, televiziya daha əhatəli və diqqətlə hazırlanmış proqramlarla tamaşaçılara çatır. Bu da televiziyanın uzun müddətli olaraq qalıcı olmasını təmin edir.

Televiziya, sosial media ilə rəqabət etmək yerinə, onunla əməkdaşlıq edərək güclənməlidir. Sosial media platformalarını televiziya proqramlarının tanıtımı və tamaşaçı kütləsinin genişləndirilməsi üçün bir vasitə olaraq istifadə etmək mümkündür. Kiçik həcmli audiovizual aksessuarlar – anons, tizer və s. içərikləri sosial media platformalarında paylaşmaq sayəsində televiziya proqramları daha geniş kütlələrə çataraq təsirini artıracaqdır reytinqlərdə də nəzərəçarpacaq dəyişikliklər olacaqdır. Bununla da, 2000-ci illərdən peyk kanallarına görə itirdiyimiz izləyiciləri geri qaytara biləcəyik. Televiziyalar bloqerlərin, pozğun “fenomen”lərin özfəaliyyət kontentlərini öz efirinə yaxın buraxmamalı, cəmiyyətin həssas məqamlarını nəzərə alan, problemlərini çözən eksklüzivlər üzərində ciddi çalışmalı və bir-biri ilə rəqabət deyil, əməkdaşlıq eləməklə bizi qarşıda gözləyən fəlakətlərin qarşısını ala biləcəklər.

Məzmunlar və proqram siyasəti

Hər bir xalqın, toplumun öz həyat alqoritmi var. Məsələn, Yaponiyada uşaq yeniyetməlik dövrünə çatana kimi valideyni onu yalnız bəsləməli, güldən ağır söz deməməlidir. Bir ailənin restoranda şam yeməyi zamanı 5-6 yaşlı uşaq içində qiymətli balıqlar olan akvariumu aşırarsa hamı onu gülə-gülə qarşılayır. Dəymiş ziyan heç hesaba da daxil edilmir. Amma biz uşaqlara özünü yetkin aparmağı, heyvanları sevməyi, mərifətli davranışı aşılayırıq. Başqa bir misal, Avropa ölkələrinin əksəriyyətində uşağı tənbeh məqsədi ilə danlayanda polis cərimə yazır, yaxud da, evinə oğru giribsə, onu qorxudanda, oğru canını qurtarmaq üçün pəncərədən tullanıb ayağından zədə alanda zərərçəkmiş tərəfə külli miqdarda cərimə yazırlar və deyirlər ki, gərək belə etməyəydirn, evin sığortalı olduğu üçün oğurlanmış hər şeyi sənə verəcəkdilər. Onlarla belə misal çəkə bilərəm. Başqa sözlə desək, əməliyyat sistemi IOS olan smartfona və ya kompyuterə nə Android, nə Microsoft, nə də Linux yaza bilərsən. O cümlədən Yer kürəsində yaşayan xalqların da beyinlərində öz alqoritmi ilə çalışan əməliyyat sistemi mövcuddur. Biz külli miqdarda xərc çəkib başqa dövlətlərin televiziya kontentlərini almaqla tamaşaçı nüfuzu qazanmaq kimi yanlış düşüncədən əl çəkməliyik. Elə televiziya layihələri var ki, onla institut səviyyəsində hazırlayıb digər dövlətlərə bəh-bəhlə təqdim edirlər ki, bu da gec partlayan bomba kimi toplumun gələcəyində ciddi fəsadlar yaradır. Dostunu sıradan çıxar pul qazan, nəfsinin qurbanı ol, mərc et qazan kimi şüur altına işləyən televiziya məzmunlarını kifayət qədər efir məkanımıza gətirib gözlənilməyən nəticələr görmüşük. Necə ki ölkəmizə multikultural deyirik, nə qədər ki dəyərlərimizi tam olaraq itirməmişik, televiziya layihələrinin məzmunlarını da bu coğrafiyada yaşayan izləyicilərimizin alqoritminə uyğun hazırlayıb müsbət nəticələr ala bilərik. Efir yayımında reytinq toplaya bilməyib, rəqəmsal platformadakı yayımdakı göstəricilərlə fəxr etmək cahillikdir. Xülasə, biz başqa xalq və cəmiyyət üçün hazırlanmış və televiziya kontentləri sərgisində yüksək səviyyədə təqdim olunmuş layihələri yüksək məbləğə alıb gətirməkdənsə, özümüzə uyğun olanını yaratmalıyıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
turkustan.az

3Mənbələr