AZ

Fernando Santos millimizə təyinatından danışdı

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernando Santos bu gün ilk dəfə azərbaycanlı jurnalistlərlə görüşüb.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis təqdimat mərasimində bunları dilə gətirib:

“Mənə etimad göstərdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Danışıqlar prosesində onların layihələrini, gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Bu məsələlər çox önəmli idi. Bu qarşılıqlı anlaşma gələcək layihələri birlikdə həyata keçirmək baxımından önəmli idi. Burdayamsa, demək ki, AFFA rəhbərliyi layihənin həyata keçirilməsi üçün məni görmək istəyib. Bu, bu günün və ya sabahın layihəsi deyil. Uzunmüddətli layihədir. Sizinlə birlikdə böyük uğura nail olub, tarix yaza biləcəyik. Bunun üçün klublarla da birlikdə əl-ələ verib işləmək çox önəmlidir. İnanıram ki, mənimlə tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, Azərbaycan böyük yarışlara mənimlə birlikdə yollanacaq”.

Santos AFFA-dan aldığı təklifin cəlbedici olduğunu söyləyib: “Cəlbedici təklif olduğuna görə buradayam. Çalışacağıq ki, millini daha ön sıralara aparaq. Motivasiya da var. Gürcüstan millisinin böyük miqyaslı turnirlərdə iştirakı da motivasiyadır. Qazaxıstan da Avropa çempionatına vəsiqə qazanmağa yaxın idi. Hədəf də odur ki, 2028-ci ildə böyük miqyaslı turnirə vəsiqə qazanaq. Bunun üçün hər bir şərait var. Sizin də dəstəyiniz çox önəmlidir. Xalqın inamı, dəstəyi də, həmçinin. Uğur ani olaraq göydən düşmür. Uzunmüddətli layihələrlə həyata keçirilir. Təəssüf ki, əvvəlki seçmə mərhələlərdə bunun üçün cəhd edilib, amma alınmayıb. Mənim üçün də motivasiya odur ki, bu vəziyyəti dəyişim. Ümid edirəm ki, bu, bizdə alınacaq. Onu da qeyd edim ki, heyətimlə burada Azərbaycanda yaşayacağıq. AFFA ilə layihəni həyata keçirmək üçün burada yaşayıb, ölkənin mədəniyyəti ilə də tanış olacağıq. Bizim işimiz gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaqdan ibarət olmayacaq. İşə ciddi yanaşmaq istəyirik. Ona görə də, ailəmizlə birlikdə burada yaşayacağıq. İşləmək üçün tam enerjiliyəm, kifayət qədər motivasiyam var. Bu layihəni həyata keçirmək istəyirik”.

“Azərbaycan yığmasında çox müsbət keyfiyyətlər gördüm”

Fernando Santos millimizdə hücum futboluna üstünlük verib-verməyəcəyi barədə suala da cavab verib:

“Əsas məqsəd qələbə qazanmaqdır. Bunun üçün yaxşı oynamaq lazımdır. Həm hücum etmək, həm müdafiə olunmağı bacarmaq lazımdır. Millinin son iki oyunun izləmək fürsəti əldə etdim. Azərbaycana qarşı da oynamışıq, Bakıda da olmuşam. Azərbaycan millisini tanıyıram. Bir çox insanlar statistik göstəricilərə çox önəm verirlər. Amma mən buna diqqət yetirən biri deyiləm. Həm qol vurmaq, həm də müdafiə olunmaq lazımdır. Bu iki məsələyə diqqət yetirmək önəmlidir. Əsas məsələ qələbə qazanmaqdır. Təbii ki, yaxşı oyun da göstərmək lazımdır. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Onlara qələbə qazanmaqla yanaşı, cəlbedici futbol göstərmək istəyirəm. Təbii ki, biz azarkeşləri stadionlara cəlb etmək, qələbə qazanmaq üçün oynayacağıq. Həm də cəlbedici futbol oynamağa çalışacağıq”.

Santos Azərbaycan millisini seçməyində “Beşiktaş” rəhbərliyinin, “Demirören Holding” qrupunun rolu və ya hansısa vasitəçiliyinin olub-olmadığı barədə suala isə belə cavab verib:

“Beşiktaş” rəhbərliyi ilə münasibətlərimiz yaxşıdır, prezidentlə də dost kimi qaldıq. Amma onların heç bir vasitəçiliyi olmayıb. Danışıqlar Sərxan Hacıyevlə olub. Aramızda olan danışıqlara əsasən, bu seçimi etmişəm. Bura iş görmək üçün gəlmişik, bəlli hədəflərimiz var. Ümid edirəm ki, 2028-ci ildə hədəflərimizə çatacağıq. İzlədiyim oyunlara əsasən deyə bilərəm ki, Azərbaycan yığmasında çox müsbət keyfiyyətlər gördüm. Texniki olaraq, keyfiyyətli futbolçular var. Fərdi olaraq hansısa oyunçunu qeyd etmək istəməzdim. Düzdür, bəzi oyunlarda fərdi keyfiyyətlər oyununu taleyini həll edə bilər, amma futbol kollektiv oyundur. Kollektiv oyun yaxşı olduqca, nəticə əldə olunur. 28 iyundan yenidən Bakıya gələcəyik, legionerlərimizi izləyəcəyik, yerli liqaya baxacağıq, avrokuboklarda oynayacaq Azərbaycan klublarını diqqətdə saxlayacağıq. Futbolçularla işləyə-işləyə onları daha yaxından tanıyacağıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
arena.az

1Mənbələr