AZ

Türkiyə 40 ədəd qırıcı almaqla Yunanıstanı qabaqlamaq istəyir

Türkiyə

Türkiyə prezidenti Ərdoğanın İspaniya və İtaliyadakı ikitərəfli görüşlərinin gündəmində “Eurofighter” döyüş təyyarələrinin alınmasının mühüm yer tutacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, Ankara Yunanıstanın “F-35” döyüş təyyarələrinə sahib olmazdan əvvəl inventarına 40 “Eurofighter” təyyarəsi əlavə etmək istəyir.

Məlumat üçün xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın İspaniyaya iki günlük səfəri dünən başlayıb. Ərdoğan İspaniyanın baş naziri Pedro Sançesin dəvəti ilə getdiyi İspaniyada ikitərəfli görüşdən əlavə 8-ci Türkiyə-İspaniya Hökumətlərarası Zirvə Toplantısına da qatılıb.

Daha sonra Ərdoğan “G7”-nin liderlər zirvəsi üçün İtaliyaya gedəcək. Sammitə qatılanlar arasında İtaliyanın baş naziri Giorgia Meloni, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts da var.

Ərdoğanın İspaniya və İtaliyaya səfəri üçün heyətində Türkiyə Müdafiə Sənayesinin rəhbəri, professor Haluk Görgün ilə yanaşı, bəzi nazir və bürokratların da olması diqqət çəkib. Belə bir heyətin təşkil edilməsi səfər zamanı gündəmə “Eurofighter” qırıcılarının gətirilməsi kimi şərh olunur.

Qeyd edək ki, “Eurofighter” döyüş təyyarələri İngiltərə, Almaniya, İtaliya və İspaniyanın daxil olduğu konsorsium tərəfindən istehsal olunur. Təyyarələrin başqa ölkəyə satışı üçün hər dörd ölkənin razılığı lazımdır. Türkiyə 20+20 olmaqla iki partiyada 40 “Eurofighter” təyyarəsi almaq üçün İngiltərə vasitəsilə müraciət etdiyini açıqlamışdı. Almaniya 2019-cu ildə Şərqi Aralıq dənizində yaşanan gərginlik zamanı qəbul edilən sanksiya qərarını əsas gətirərək Türkiyəyə təyyarə satışının əleyhinədir. Fransa isə Yunanıstana 8 ədəd “Rafale” təyyarəsi çatdırıb. Yunanıstan 2019-cu ilin sonunda ABŞ-a 24 “F-35” döyüş təyyarəsi üçün müraciət edib və onları 2028-ci ildə alacağı gözlənilir.

Belə bir şəraitdə Türkiyə öz inventarına 40 ədəd “Eurofighter Typhoon”-un iki partiyasını əlavə etməklə Yunanıstanın “F-35” və “Rafale” təyyarələrinə malik olması ilə bağlı yarana biləcək zəifliyi aradan qaldırmağı hədəfləyir.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
reyting.az

1Mənbələr