AZ

Müstəqillik tariximizdə böyük uğurlar qazandıran xilaskarlıq missiyası...

Image

Cəmiyyətin bir quruluşdan digərinə keçidi zamanı xaos yeni nizamın mümkün variantlarından biri olduğu kimi, həm də yeni risqlərə paralel olaraq inkişaf və dəyişikliklər baxımından  imkanlar və üfüqlər açır. Amma bu inkişafdan yararlana bilmək üçün lider faktorunun olması da çox önəmlidir. 

Bütün dövrlərdə insanlar, bütöv xalqlar gələcəyi düşünüb, planlar qurub, həyatlarını yaxşılaşdırmaq üçün səy göstəriblər. Yeni sosial və siyasi inkişaf çox vaxt ideya, konsepsiya və ya strategiyanın hazırlanması və tətbiqi ilə başlayır. Dövlətlərin və onların uğurlu transformasiyasının təməli xalqın dövlətə, onun rəhbərinə, bu və ya digər məsələyə, dəyərlərə, ideyalara ictimai şüurunda, arzusunda və inamındadır. Bu zaman reallaşan xəyallar və ideyalar güc qazanır və ölkəni dəyişdirir. Amma qeyd olunduğu kimi, bu zaman lider faktoru olması da əsas şərtdir. Çünki məhz lider prosesləri düzgün istiqamətə yönəldərək, ölkəni əsl tərəqqi yoluna çıxara bilir. Bunun ən uğurlu nümunələrindən birini Azərbaycan xalqı, onun ümummilli lideri Heydər Əliyev yaradıb. Birmənalı həqiqətdir ki, ölkənin yeni müstəqillik tarixində Azərbaycanda milli özünüdərkin, intibahın yaranması və formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin əvvəlllərində qazanılmış və az sonra itirilmiş dövlət müstəqilliyinin əsaslarının qorunub dirçəldilməsi yönündə ulu öndərin fəaliyyəti Azərbaycana möhtəşəm xidmətin ən əyani təzahürlərindən biridir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Ötən əsrin son dekadasında, ölkəmziin müstəqilliyinin  ilk illərində yaşanan çətinliklər, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qalması heç kimə sirr deyil. Belə bir ağır dönəmdə məhz xalıqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider xalqı bütün bəlalardan xilas etdi. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasını irəli sürməklə milli həmrəyliyi gücləndirə bildi. Çünki bu ideologiya təkcə Azərbaycan ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurədir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amil oldu.

Bu gün də xalq olaraq əldə etdiyimiz zəfər və uğurların təməlində Heydər Əliyev siyasəti dayanır.   Çünki onun arzularında yaşatdığı Azərbaycanı hələ respublikaya birinci rəhbərliyi dönəmindən qurmağa başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladığı ilk illərdən bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Bu xüsusda o qeyd edirdi: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezident kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”. Bunlar fonunda təsadüfi deyil ki, Azərbaycan xalqı tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Qeyd edək  ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi xalqımızın gələcək taleyini müəyyən etdi. Həmin vaxt ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi. Azərbaycanın faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Artıq həmin tarixdən 31 il ötür. 1993-cü ilin 15 iyun tarixi gün olmaqla yanaşı, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması ilə səciyyələnir. Bu mənada, Heydər Əliyevin xalqına hədiyyə etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi həmişə diqqət mərkəzindədir. Onun layiqli davamçısı kimi prezident İlham Əliyev Azərbaycanı daha böyük uğurlara aparır. Məhz prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında özünü göstərir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər də bu uğurların davam etdirilməsinin məntiqi nəticəsidir. bununla yanaşı, prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi qəbul etdirib. Qarşıdakı dövr ərzində isə ölkəni daha böyük uğurlar gözləyir. 

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
baki-xeber.com

1Mənbələr