AZ

Şuşa Bəyannaməsi xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir

Dövlət başçısı İlham Əliyev bildirir ki, bu sənəd qarşımızda yeni üfüqlər açır

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi kimi dəyərləndirilən, münasibətlərimizin bugünkü və gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalanmasından üç il keçir. Möhkəm təmələ əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bir-birinə sıx tellərlə bağlıdır. Dünya daim Azərbaycan və Türkiyənin timsalında əsl dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsini görür. Cənab İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalanması mərasimində qeyd etdiyi kimi, Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar gələcək iş birliyimizin təminatçısıdır. Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. İki ölkəni birləşdirən bir çox amillər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Azərbaycan-Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Onu da qeyd edək ki, imzalanmış Bəyannamə tarixə əsaslanır. Belə ki, sənəddə böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk bildirmişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu kəlamlar iki dost, qardaş ölkələrin münasibətlərinə bələdçilik edir.

Hər zaman olduğu kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən də Azərbaycanın yanında olduğunu qəti və sərt bəyanatları ilə bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan «Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik acıları sona çatdıran zəfərin sevincini yaşadıq», dövlətimizin başçısı İlham Əliyev «Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir» fikirləri ilə bir daha bu birliyin, həmrəyliyin sarsılmazlığını təsdiqlədilər. Ölkə Prezidenti İlham Əliyev Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin hər birində Türkiyə ilə bağlı verilən suallarda bu fikri xüsusi qeyd etmişdir ki, Türkiyə Azərbaycan üçün yalnız dost deyil, qardaş ölkədir.

Ötən ilin iyulunda keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində cənab İlham Əliyev bu məkandan bir daha beynəlxalq ictimaiyyətə çatdırdı ki, Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub: «Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi.»

Dövlətimizin başçısı sözügedən tədbir çərçivəsində sualları cavablandırarkən bu mühüm məqamı da xüsusi qeyd etdi ki, İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi. Bunu Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır: «Baxmayaraq ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Yəni, əməkdaşlığın yüksək səviyyədə olmadığı sahəni tapmaq çətindir.»

Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilib. 44 günlük Vətən müharibəsi dövründə bu qardaşlığın daha yüksək səviyyədə özünü büruzə verməsi, Türkiyənin hər addımda ölkəmizə mənəvi və siyasi dəstəyi dünyanın diqqətindən kənarda qalmadı. «Azərbaycan tək deyil» bəyanatını istər müharibənin getdiyi, istərsə də postmünaqişə dövründə atdığı addımları ilə sübut edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbəmizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında oldu və həmin səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında «Atılacaq daha çox imzalar var» deməklə sonrakı dövrdə görüləcək işlərin, imzalanacaq sənədlərin anonsunu verdi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin zirvəsi oldu. Bu Bəyannamə dünyaya bir sıra mesajları ünvanladı.

Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi.

İki qardaş ölkə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycan 44 günlük Vətən müharibəsində yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi tarixə qovuşdu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim hücum əmrini gözləyən Azərbaycan Ordusu şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, onu diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu, mühüm addım da Azərbaycan-Türkiyə birliyinin təqdimatı oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”

Tarixə yazılan ən önəmli hadisələrdən biri də Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə dünyaya açılması oldu.

Bu gün informasiya müharibəsi dövrü olduğunu nəzərə alsaq görərik ki, həqiqətlərimizin təbliğində diaspor təşkilatları ilə yanaşı, mətbuatın da üzərinə düşən məsuliyyət özünü qabarıq şəkildə büruzə verdi. 44 günlük müharibə dövründə ölkə mətbuatı həqiqətlərin təbliğində nə qədər fədakarlıq göstərdisə, Türkiyə mətbuatı da eyni qayda üzrə hərəkət etdi. Mətbuat səhifələrində yer alan qələbə xəbərləri televiziya kanalları vasitəsilə də dünya ictimaiyyətinə çatdırıldı. Türkiyə mediasını izlədikcə birliyimizdən, həmrəyliyimizdən daha da qürurlanırdıq. Eyni ab-hava Zəfər paradında, Şuşa Bəyannaməsinin imzalanmasında da özünü qabarıq şəkildə büruzə verirdi. Qarabağımızda Azərbaycan və Türkiyə bayraqları birgə dalğalandı və dünya bu birliyin bir daha şahidi oldu. Dövlət başçısı İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanması mərasimində bildirdi ki, bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirdi.

İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq media istiqamətində də bir zərurətə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda Ortaq Media Platformasının yaradılması vacib idi. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkündür. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması prioritet məsələyə çevrildi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Şuşa Bəyannaməsində əks olunan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Təbii ki, burada informasiya sahəsində əməkdaşlıq öz sözünü deyəcək.

Daim biri-birinin yanında olan Azərbaycan və Türkiyə qardaşlığın ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Ötən il Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qardaş ölkəyə ilk dəstək göstərən məhz Azərbaycan oldu. Ölkəmiz həm dövlət səviyyəsində, həm də sıravi vətəndaşların timsalında bu qardaşlığı təsdiqlədi. Həmçinin bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, ötən il Türk Dövlətləri Təşkilatının Fövqəlaədə Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulsa da Azərbaycan onun qardaş ölkədə təşkilini məqsədöuyğun hesab etdi və üzv dövlətlərin bununla bağlı rəyləri öyrənildi. Ümumi fikir əsasında belə qərara alındı ki, Zirvə görüşü Türkiyədə keçirilsin. Qeyd edək ki, bu ilin iyul ayında Qarabağın tacı Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Cənab İlham Əliyev bu günlərdə TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə diqqəti bu mühüm məqama yönəldərək bildirdi ki, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur: «Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.» Bu reallıq da diqqətə çatdırıldı ki, türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Vəzifəmiz budur ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək. Bu olacaq, bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü məqsədlərimizə doğru atılan növbəti addım olur.

Təbii ki, dostluğumuzun, qardaşlığımızın dünyaya nümayişi olan fikirlər nəinki dövlət rəsmiləri, sadə vətəndaşlar tərəfindən belə səsləndirilir, dilimizin əzbərinə çevrilib. Çünki bu dostluq, qardaşlıq böyük tarixə söykənir, bir millətin iki dövləti biri-biri ilə sıx tellərlə bağlıdır. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Qardaş ölkənin Prezidentinin qeyd etdiyi kimi, ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Diplomatik münasibətlərimiz 33 ilə yaxındır qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında bu dostluğu, qardaşlığı belə ifadə etdi ki, bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir: «Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?» 

Birliyimizin növbəti rəmzi kimi Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını qeyd edə bilərik. Dövlət başçısı İlham Əliyev 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra ilk səfərini qardaş Türkiyəyə etməklə bir daha dünyanın diqqətini qardaşlığımızın, dostluğumuzun sarsılmazlığına yönəltdi. Tarixi Zəfərimizdən sonra iki dost ölkənin münasibətlərində yeni səhifənin açılması qarşılıqlı səfərlərin davamlılığında, eyni zamanda, imzalanan sənədlərin say tərkibində və əhatə etdikləri sahələrdə özünün aydın ifadəsini tapır. Həmin səfər çərçivəsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu xüsusi yer tutdu. Cənab İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında bildirdi ki, bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

Göründüyü kimi, iki qardaş ölkənin hər bir addımı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə, əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Şuşa Bəyannaməsi münasibətlərimizin gələcək inkişafının yol xəritəsi olaraq daha yeni-yeni hədəflərə doğru inamla addımlamağımızı şərtləndirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bu sənəd sülhə, inteqrasiyaya yol açır. Bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Şuşanın və onun ətrafının gözəl turizm imkanları açılacaq. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Yeganə Əliyeva, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
ikisahil.az

2Mənbələr