AZ

Deputat: "Cəmiyyətdə erkən nikahlara və qohum evliliyinə münasibət dəyişməlidir"

“Təkcə qanunvericiliyi sərtləşdirməklə qohum evliliklərinin və erkən nikahların qarşısını almaq mümkün deyil. Davamlı olaraq maarifləndirmə işi aparmalıyıq”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Ailə Məcəlləsinə təklif edilən dəyişiklikləri şərh edərkən söyləyib.

O, qan qohumlarının nikaha daxil olmasının qadağan edilməsini təqdirəlayiq hesab edib və qohum evliliyinin ciddi problemlərə yol açdığını bildirib: “Qohum evliliklərindən doğulan uşaqlar bir sıra genetik xəstəliklərlə dünyaya göz açır. Hazırda bu məsələnin həlli üçün qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi təklif edilir. Yəni qadağaların, sərt cəzaların tətbiq edilməsi müzakirə olunur. Mən bu təkliflərə müsbət yanaşıram və düşünürəm ki, ölkəmizdə bellə bir qanun qəbul edilə bilər. Amma hesab edirəm ki, bu, problemin həllində tam yetərli olmayacaq. Qanunları sərtləşdirməklə yanaşı, davamlı olaraq maarifləndirmə işi aparmalıyıq. İnsanlara qohum evliliklərinin səbəb olduğu fəsadlarla bağlı ətraflı məlumatlar və bilgilər verilməlidir. Mediada bu barədə maarifləndirici kampaniyalar aparılmalıdır. Ən əsas məsələlərdən biri də, nəzarət mexanizmlərinin olmasıdır. Çünki qeyri-rəsmi nikaha cəhd edənlər ola bilər. Belə halların müəyyənləşdirilməsi üçün rayon icra hakimiyyətlərinin tabeliyində olan komitə və qurumlar ciddi addımlar atmalıdır. Yəni biz bu prosesə tam nəzarət etməliyik. Əks halda real nəticə əldə edə bilmərik”.

Deputat nikah yaşının 1 il azaldılmasına yol verilən halın aradan qaldırılmasını müsbət addım kimi qiymətləndirib: “Mövcud qanunvericilikdə beynəlxalq hüquq normaları nəzərə alınaraq Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Amma bu hal müxtəlif əsaslandırmalarla erkən nikahlara səbəb olurdu. Düşünürəm ki, qanunvericiliyə edilən bu dəyişiklik belə halları aradan qaldırmağa öz töhfəsini verəcək. Övladını erkən nikaha cəlb edən valideynlərin cəzalandırılmasını nəzərdə tutan dəyişiklik də çox mühümdür. Çünki gəncləri erkən nikaha cəlb edən, bunun arxasında duran valideynlərdir. Valideyn özü buna çalışır və övladını da erkən nikaha məcbur edir. Valideyn bilməlidir ki, övladını erkən nikaha məcbur edərsə, onu hansı cəza gözləyir”.

C.Məmmədov qeyd edib ki, cəmiyyətin qohum evliliklərinə və erkən nikahlara olan baxışı dəyişməlidir: “Dünyanın əksər ölkələrində insanlar erkən nikahların yolverilməz olduğunu dərk edir. Ona görə həmin ölkələrdə bu kimi qanunlar nəzərdə tutulmayıb. Lakin bizdə bu sahədə böyük problemlər var. Odur ki, problemdən çıxış yolu kimi belə bir addımlar atırıq. Lakin insanlarımızın təfəkkürü dəyişməlidir. Çünki cəmiyyətdə hələ də qohum evliliklərini, erkən nikahları dəstəkləyən insanlar var. İlk növbədə insanların məsələyə yanaşması, təfəkkürü dəyişməlidir ki, biz nəyəsə nail ola bilək”.

Zərif Sofiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
e-huquq.az

1Mənbələr