AZ

Rus gəmiləri Kubada dejavu yaşadır - TƏHLİL

Rusiyanın ən böyük nüvə sualtı qayığı "Kazan", raket buraxan "Korşakov" freqatı ilə birlikdə Havana limanına yaxınlaşması xəbəri dünya gündəminə sürətlə yayılıb. Rusiya donanmasının simvolu olan Müqəddəs Endryu xaçı daşıyan hərbi gəmilər ABŞ donanmasının diqqət mərkəzinə çevrilib. Göndərilən qrupda nüvə enerjisi ilə işləyən “Yasen” sinifli “Kazan” sualtı qayığı ilə yanaşı, Rusiyanın raket freqatı “Admiral Qorşkov” adlı gəmi də daxildir. Qrupu həmçinin bir cüt köməkçi gəmi, neft tankeri və xilasedici müşayiət edir. Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Aleksandr Moiseyev gəmilərin Kubaya gedən yolda “Raket silahlarından istifadəyə dair” təlimlər keçirdiyini açıqlayıb. Moiseyev, təlim zamanı freqatın kompüter modelləşdirməsi ilə, 600 kilometrdən çox uzaqda olan hədəflərə qarşı yüksək dəqiqliyə malik raket silahlarından istifadəni sınaqdan keçirildiyini deyib. Bununla belə, Rusiya Müdafiə Nazirliyinin mənbələri gəmilərin Florida sahillərinin yaxınlığından keçdiyini bildiriblər. Qeyd edək ki, Moskva tərəfindən əvvəlki səfər 1989-cu ildə Rusiyanın sələfi olan Sovet Sosialist Respublikaları İttifaqının sonuncu prezidenti Mikayıl Qorbaçov tərəfindən edilmişdi.

ABŞ tərəfinin məsələ ilə bağlı cavabına gəlincə Ağ Evin sözçüsü Con Kirbi daha əvvəl demişdi ki, ABŞ Rusiya donanmasının gəmilərinin Kubaya səfəri ilə bağlı vəziyyəti yaxından izləyir, lakin bunu “milli təhlükəsizliyə təhdid kimi görmür”. Bununla belə bəzi məlumatlara görə ABŞ Hərbi Dəniz Qüvvələri P-8 Poseidon "sualtı ovçu" təyyarəsi ilə Nüvə sualtı qayığını izləyir.

Kuba Xarici İşlər Nazirliyi Rusiya hərbi gəmilərinin iyunun 17-dək paytaxt Havanada qalacağını, onların heç birinin nüvə silahı daşımadığını və onların mövcudluğunun “region üçün təhlükə törətmədiyini” bəyan edib. Kuba administrasiyası eyni zamanda, SSRİ-nin Kubaya nüvə başlığı yerləşdirmək cəhdinin III Dünya Müharibəsinə astanasına gətirdiyi 1962-ci il Kubanın nüvə raket böhranı ilə hər hansı paralellikdən qaçmaq istədiklərini bildirib. Onu da qeyd edək ki, uzun illər ABŞ-nın embarqosu altında olan Kuba, Rusiya hərbi varlığının adaya qayıtmasından məmnun olub.

Eyni zamanda bu səfər, Rusiyanın Karib hövzəsinə hərbi gəmilər göndərdiyi ilk hadisə deyil. Lakin bu dəfəki səfər Rusiya prezidenti Vladimir Putinin sərt xəbərdarlığı ilə həyata keçirilir. Belə ki, Putin son bəyanatında Ukraynanın Qərb müttəfiqlərinin, Ukrayna ordusunu Rusiyadakı hədəfləri vurmaq üçün öz silahlarından istifadə etməsinə icazə vermək qərarına cavab olaraq, Moskva administrasiyasının dünyanın anti-Qərb ölkələrini də oxşar silahlarla təmin edə biləcəyi barədə xəbərdarlıq edib. Eyni zamanda, Rusiya donanması bu missiya ilə Ukrayna nəzarəti altında olan pilotsuz dəniz vasitələrinin Rusiyanın Qara dəniz donanmasına vurduğu zərbələrdən sonra yenidən dəniz gücünü göstərmək istəyir. Digər tərəfdən İsveçrədəki zirvəni qaçırdığını bilən Rusiya, bu yolla ABŞ tərəfini ikitərəfli danışıqlara cəlb etməyi planlayır. Belə ki, Rusiya bu yolla diplomatiya masasına yenidən otura biləcəyini zənn edir. ABŞ isə Rusiyanın bu həmləsinin özünü doğrultmaması üçün hərbi gəmiləri görməzdən gəlir. Bu baxımdan proqnozlaşdırmaq olar ki, Rusiya tərəfi, ABŞ onunla maraqlanana qədər təhlükəli səyahətlərinə davam edəcək.

Müəllif: Zərdüşt Quluzadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
sia.az

2Mənbələr