AZ

Xroniki yuxusuzluğun daha bir səbəbi tapılıb

Xroniki

Bakı, 13 iyun, AZƏRTAC

Sorbonna Universitetinin tədqiqatçıları aşkar ediblər ki, ultra emal olunmuş qidalar xroniki yuxusuzluğun səbəbi ola bilər. Onlar əlavələr, gücləndiricilər və tələffüz edilməyən adları olan digər elementlərlə doldurulur, lakin təəssüf ki, inkişaf etmiş ölkələrdə və meqapolislərdə insanların qida rasionuna daxildir. Yəni, insanların ən çox yuxu pozğunluğundan əziyyət çəkdiyi yerlər də məhz böyük şəhərlərdir. Yeni tədqiqat bu iki amilin birbaşa əlaqəli ola biləcəyini göstərir. AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.

Ultra emal edilmiş qidalar tez bir vaxtda hazır olan və ya minimum hazırlıq tələb edən yeməklərdir. Onların tərkibi yüksək dərəcədə dəyişdirilir, çoxlu qida əlavələri, şəkər, ləzzət artırıcı maddələr, emulqatorlar, qatılaşdırıcılar, təmizlənmiş, işlənmiş bitki yağları və digər zərərli komponentlər daxil edilir. Bunun sayəsində həmin qidanı sənaye miqyasında istehsal etmək daha asandır, onlar uzun müddət saxlanılır, asılılıq yaradır, dopamin reseptorlarına aktiv təsir göstərir. Eyni zamanda, bu qidalar bütün təbii məhsullarda olan vitaminlər və liflərdən məhrumdur və ya kritik dərəcədə qeyri-kafi miqdara malikdir. Ultra emal edilmiş qidalar mümkün olan ən təmizlənmiş maddələrdən hazırlanır və bu səbəbdən orqanizmə heç bir faydası yoxdur.

Bu kateqoriyaya toz şəklində şorbalar, əriştə, püre və digər hazır qidalar, emal olunmuş ət və balıqlar, adi çörəkdən daha uzun saxlama müddəti olan qablaşdırılmış bişmiş məmulatlar, peçenye, şirniyyat, konfet, dondurma, UHT süd, qazlı içkilər və səhər yeməyi rasionuna daxil olan dənli bitkilər, çipslər, krakerlər və oxşar qəlyanaltılar, pizza, fastfud və sairə aiddir. Statistikaya görə, müxtəlif ölkələrdə bu cür məhsullar insanların gündəlik qida rasionunun 25-60 faizini təşkil edir.

Əvvəlki tədqiqatlar ultra emal olunmuş qidaları diabet və ürək-damar xəstəlikləri kimi sağlamlıq problemləri ilə əlaqələndirib. Yeni tədqiqatın müəllifləri onların insan yuxusuna təsirini yoxlamaq qərarına gəliblər. Tədqiqatçılar pəhriz məlumatlarını yuxu göstəriciləri ilə müqayisə ediblər. Alimlər, həmçinin təhrifləri aradan qaldırmaq üçün sosial-demoqrafik amilləri, həyat tərzini, psixi sağlamlığı və qidalanma keyfiyyətini nəzərə alıblar.

Nəticələr ultra işlənmiş qidaların artan istehlakı ilə xroniki yuxusuzluq riski arasında statistik cəhətdən əhəmiyyətli bir əlaqənin olduğunu göstərib. Məlumatların təhlili, həmçinin kişilərdə belə qidalarla xroniki yuxusuzluq arasında əlaqənin daha güclü və tez-tez olduğunu təsdiq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
azertag.az

2Mənbələr