Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailə qeyd-şərtsiz dəstək verən ölkələr Qəzzada törədilən qırğınlara məhəl qoymurlar.
Paytaxt Ankarada Braziliyanın xarici işlər naziri Mauro Vieira ilə birgə mətbuat konfransında çıxışında H.Fidan deyib: “Qəzza ilə bağlı Braziliya ilə böyük ölçüdə eyni həssaslıqları paylaşdıq. Braziliyanın İsrail-Fələstin məsələsində tutduğu mövqeyi təqdir edirik.
Qəzzada öldürülən fələstinlilərin sayı 36 mini keçdi və əksəriyyəti qadın və uşaqdır. 2023-cü il oktyabrın 7-dən bu yana 100-dən çox jurnalist öldürülüb. Müxtəlif ölkələrdən gələn 200-dən çox humanitar yardım işçisi qətlə yetirilib. İsraili qeyd-şərtsiz dəstəkləyən ölkələr bu qırğına məhəl qoymur, üstəlik İsrailə ardıcıl olaraq silah və sürsat göndərirlər.
İsrailin Baş naziri Binyamin Netanyahu və hökuməti sistemli şəkildə qırğını davam etdirir.
D-8 ölkələrinin xarici işlər nazirləri olaraq Qəzzada baş verən vəhşiliyi seyr etməyəcəyik”.