AZ

Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir

Birinci Dünya müharibəsi başa çatandan düz üç il sonra beynəlxalq qüvvələr bu qədim türk şəhərinə gələndə artıq türk xalqı istiqlal mücadiləsi nəticəssində Qarsı 40 il davam edən rus asılılığından xilas etmişdi. Türkiyə şərq sərhədlərini müəyyənləşdirmək istəyəndə ruslar da uzun bir dövrdə davam edən müharibələrdən əl çəkib Türkiyə ilə münasibətlərdə yeni səhifə açmağa çalışırdı. Beləcə, 1921-ci ilin payızında başlayan beynəlxalq konfransa Qars şəhəri ev sahibliyi edirdi.

1921-ci il sentyabrın 26-da Qarsda başlayan konfransda Türkiyəni Kazım Qarabəkir paşa, Rusiyanı isə Latviyadakı səlahiyyətli nümayəndə Yakov Qanetski təmsil edirdi. Tərəflərin əsas prinsipləri Qafqazla bağlı idi. Çünki Türkiyənin də, bolşevik Rusiyasının da şərq sərhədləri Qafqazda bitirdi. Bu sərhədlərin dəqiq müəyyənləşdirilməsi, iki ölkə arasında ərazi mübahisələrinə son qoyulması baxımından Qars konfransı müstəsna əhəmiyyət daşıyırdı.

Qars valiliyinin indiki binası da o illərin yeganə şahidi kimi hələ ayaqdadır və 100 il əvvəlki hadisəyə - Qars müqaviləsinin imzalanması mərasiminə ev sahibliyi edən bu binaya toplaşanlar, yəqin ki, hansı tarixi hadisəyə qol qoyduqlarının fərqində idilər. Tarix ən böyük ibrətdir və bu mənada Qarsdan çıxan ibrət dərsi sonrakı zaman kəsiyində bizim üçün də, dostlarımız üçün də əsas istinad nöqtəsi oldu.

Beləliklə, uzun və gərgin müzakirələrdən sonra 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi imzalandı. Bütün hallarda Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışan bolşeviklər ermənilərin Naxçıvanla bağlı iddialarına qarşı çıxaraq veto hüququndan istifadə etdi. Nəticədə qərara alındı ki, bu region muxtar ərazi formasında həm Moskva, həm də Qars müqavilələrinə əsasən sovet Azərbaycanın protektoratı altında qalsın.

Müqavilənin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini sovet Ermənistanı da daxil bütün tərəflər tanıdı və beləliklə, Naxçıvana uzanan namərd əllər siyasətçilərin qələmi ilə kəsildi. Əzəli Azərbaycan torpağı olan Naxçıvan öz əzəli sahiblərinin əlində qaldı.

Lakin 1991-ci ilin fevralında Ermənistan Qars müqaviləsi ilə müəyyən olunan sərhədi tanımadığını elan edəndə bu, daha çox Dağlıq Qarabağ uğrunda getdikcə artan iddiaları sanki leqallaşdırmağa xidmət edirdi.

Türkiyənin Milli Müdafiə Universitetinin professoru İbrahim Ethem Atnur deyir ki, ermənilərin imperialistlər vasitəsilə işğal etdikləri bölgələri 100 il öncə Türk ordusu tərəfindən onlardan alınmışdı: “1920-ci ilin noyabrında Gümrüdə divan qurulmuşdu. Gümrü sülh müqaviləsi imzalanmışdı.

Təsadüfə baxın ki, Azərbaycan ermənilərin işğal etdiyi torpaqları 100 il sonra Gümrü müqaviləsi ilə eyni tarixdə düşməndən azad etdi. Bu dəfə divanı cənab İlham Əliyev qurdu”.

Bu divanın əsas qəhrəmanı olan Azərbaycan Türkiyənin siyasi dəstəyi ilə XXI əsrin həlli müşkül problemlərindən birini təkbaşına çözdü və tarixi qələbənin ən mühüm sənədlərindən biri bu zirvədə - Şuşada imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinə qol çəkməklə ölkələrimiz arasındakı həmrəyliyi, “iki qardaş dövlət” anlayışını rəsmiləşdirdilər. İki dövlət arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə dair 9 fevral 1994-cü il tarixində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə" və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"müqavilə imzalanmışdır.

Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. 15 iyun 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Bəyannamənin ən mühüm maddələrindən biri hərbi əməkdaşlığı və müttəfiqliyi əhatə edir. Orada qeyd olunur ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə onlar bir-birini qoruyacaqlar. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.

Şuşa Bəyannaməsindəki "Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər" prinsipi tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq proseslərinin sərhədlərini göstərir. "Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər" - bu, iki ölkə arasındakı münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır.

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
e-huquq.az

1Mənbələr