AZ

Ötən həftənin sitatları

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" arxada qalan həftənin maraqlı sitatlarını diqqətinizə çatdırır:

Mişel Platini, UEFA-nın sabiq prezidenti: “Çeferin ilə İnfantino heç kimdilər, onlar yalnız pul haqqında düşünürlər. Onlar yeni axmaq Çempionlar Liqası formatını yaratdılar. Növbəti mövsümdən bu turnirdə daha çox matç keçiriləcək. Mən istərdim ki, futbolu futbol təcrübəsi olan adamlar idarə etsin. Yəni oyunu həqiqətən başa düşənlər. Bu gün bu idman sahəsi tarixi olmayan idarəçilərin və taktika ilə məşğul olan məşqçilərin əlindədi. Pianonu Motsarta verdiyimiz kimi, topu da futbolçu uşağa verməliyik. Məşqçilər indi yalnız oxlar və hərəkətlərlə dolu lövhədə sxematik rəsmləri necə çəkməyi bilirlər. Amma futbol bir oyundu, ona görə də qoyun, futbolçular sərbəst oynasınlar”.

Devid Bekhem, “İnter Mayami”nin həmsahibi: “Bu qədər maneələrdən keçmək və sonra da Messini MLS-də meydanda görmək, sadəcə, inanılmazdı. Həmişə deyirdim ki, Leonu Amerikaya yalnız “İnter Mayami” üçün deyil, bütün ölkə, MLS, ümumiyyətlə, idman üçün gətirmişəm. Mən indi Amerika və Kanadanın istənilən stadionuna gəlib Messi kimi hücumçuya baxa biləcək yeni nəsil uşaqları ruhlandırmaq istədim”.

Xavyer Tebas, İspaniya La Liqasnın prezidenti: “Barselona”da vəziyyət kifayət qədər yaxşılaşıb. Klubun maliyyə fəaliyyəti əvvəlki kimi təhlükəli durumda deyil. Ola bilsin ki, rəhbərlik tezliklə vacib müqaviləni reallaşdırsın. Bu, həllini çoxdan gözləyən bir sıra məsələlərin yoluna qoyulması ilə mümkün ola bilər. “Barselona”dakı iqtisadi vəziyyətin tezliklə normal hallaşacağına ümid edir, inanır və bunu arzulayıram”.

Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu: “Düşünürəm ki, hər mövsüm üçün məqsədlər eynidi: əlimdən gələni etmək və titullar qazanmaq. Mümkünsə, fərdi mükafatlar alın. Amma mənim əsas məqsədim olduğu kimi qalmaq, bu mövsüm məni gördüyünüz Kriştiano Ronaldo olmaq, “Əl-Nəssr” və Portuqaliya yığması ilə əlimdən gələni etmək və hədəflərimə çatmaqdı. Səviyyəmi qorumaq istəyirəm”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Premyer-liqada Mövsümün çox gərgin alındığını düşünürəm. Sonuncu turun son dəqiqələrinə qədər çempionluq uğrunda mübarizə apardıq. Fikrimcə, oyunçularımızı, azarkeşlərimizi və klubu ən yüksək hədəfə çatmağa qadir olduğumuza inandıra bildik. Biz həqiqətən də, fanatlara o gözəl anı yaşatmağa çox yaxın olduq. Onlar buna layiqdilər. Komandamız buna layiqdi. “Mançester Siti”ni çempion olması münasibətilə təbrik etmək lazımdı. Titulu qazana bilmədiyimizə görə heç nədən narazı deyiləm. Son mövsümün ayrı-ayrı məqamları bizim üçün ideala yaxın oldu. Komandamız “Siti” ilə birlikdə konkret liqada həddən artıq xal qazandı. Yenicə sona çatan mövsümü iki, üç və beş il əvvəlki ilə müqaysə etmək olmaz. Son rəqəmlər... Artıq bu göstəricilər bir daha olmayacaq. Liqanın səviyyəsi əvvəlki illərlə müqayisədə dəyişib. İndi yenidən enerji ilə təchiz olunmağın, daha güclü komandaya çevrilməyin, hansı komponentlərdə “artırmağ”ın mümkün olduğuna baxmağın vaxtı yetişib”.

Aurelio De Laurentis, “Napoli”nin prezidenti: “Antonio Kontenin “Napoli”nin yeni məşqçisi təyin olunması ilə fəxr edirəm. O, top-məşqçi və liderdi. Əminəm ki, Antonio komandanı bir il əvvəl çempion olandan sonra düşdüyü böhrandan çıxara biləcək. Bu gün (Kontenin təyinatı iyunun 3-də açıqlanıb – R.Y.) Neapolun tarixində yeni vacib səhifə açılır”.

Antonio Konte, “Napoli”nin baş məşqçisi: “Napoli” dünya miqyasında əhəmiyyəti olan klubdu. Bu komandaya təyinat aldığıma görə həyəcanlı və qururluyam. İndiki məqamda yalnız buna vəd verə bilərəm: komandanın və klubun səviyyəcə yeni mərhələyə yüksəlməsi üçün mümkün olan hər şeyi edəcəyəm”.

Toni Kroos, “Real”ın yarımmüdafiəçisi: “Mən, sadəcə, karyerasının sonunda “Real”da ən yaxşı mövsümünü keçirən 34 yaşlı Toni Kroos kimi xatırlanmaq istəyirəm. Mən bunu bacardım. Çoxlarının karyeramı çox erkən bitirdiyimi düşünməsini kompliment kimi qəbul edirəm. Hansı komanda Avropa çempionu olacaq? Almaniya! Biz istənilən rəqibə qalib gələ bilərik. Qitə çempionatında “Real”da keçirdiyim son oyunlardakı kimi görünmək istəyirəm”.
Harri Maquayr, “Mançester Yunayted”in müdafiəçisi: “İngiltərə yığması ilə Avropa çempionatında iştirak edə bilməyəcəyimə görə çox məyusam. Bütün səylərimə baxmayaraq, baldırımdakı zədənin tamamilə sağalda bilmədim. Bəlkə də, zədəmi daha tez sağaltmaq üçün özümü həddən artıq yükləmişəm. İndi buna görə kədərliyəm. İngiltərəni təmsil etmək mənim üçün ən böyük şərəfdi. Bu, mənim üçün hər şey deməkdi. Komandamıza oyunçu kimi kömək edə bilirəmsə, ölkəmlə birlikdə azarkeş kimi dəstək verəcəyəm. Gedin və qələbə qazanın, uşaqlar. Mən isə növbəti mövsümə hazır olmaq üçün “Mançester Yunayted”in tibb korpusunun müşayiəti altında olacağam”.

Tom Verner, “Liverpul”un prezidenti: “Premyer-liqa matçını bir gün Amerikada – Nyu Yorkda keçirməkdə qərarlıyam. Məndə hətta bir gün Tokioda, bir neçə saat sonra Los Ancelesdə, sonra Rio de Janeyroda, daha sonra isə Ər-Riyadda oynayacağımızla bağlı ağlagəlməz ideya da var”.

Endrik, “Real”ın hücumçusu: “Ümid edirəm ki, “Real” gözəl hekayəmiz olacaq. Bütün karyeramı “Real”da keçirmək arzusundayam”.

Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi: “İtaliya Avropa çempionatında çempion ola bilər? Mən buna inanmıram. Onların hazırkı futbolçu nəsli çox da istedadlı deyil. Komandanın yenidən qalib gəlməsi üçün kifayət qədər istedad görmürəm. Keçən dəfə qalib gəldilər, amma ardıcıl ikinci dəfə çempion olacaqlarına inanmıram”.

Zinəddin Zidan, işsiz fransalı məşqçi: “Əlbəttə, məşqçilik üçün darıxıram. Mənim üçün ən vacib məsələ fəal olmaqdı. Son illər müxtəlif işlərlə məşğul oluram, amma mən hələ də məşqçiyəm. Hərdən gündəlik məşqçi işi üçün darıxıram. Hərçənd bunu da deməliyəm: məşqçinin həyatı qarmaqarışıq vəziyyətdən ibarətdi. Gərək işə ciddi yanaşasan. Bu iş səndən böyük enerji alır. Mən karyeramda artıq uzun müddəti əhatə edən fasilə vermişəm. Baxarıq, görək qarşıda nə baş verəcək. Mən lazım olaramsa, qayıtmağa hazıram”.

Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi: “Barselona” ilə müqavilə imzalamaq və bu böyük klubda işləmək mənim üçün şərəfdi. Mən həqiqətən də işə başlamağı səbirsizliklə gözləyirəm. Bu, inanılmaz komandadı. “Bavariya” ilə bir neçə titul qazanmışam. “Barselona” ilə eyni yolu getmək istəyirəm. Biz birlikdə çox şeyə nail ola bilərik, ən vacibi budu. Hamı bu klubu sevir və uğur qazanmaq üçün əlindən gələni edir. “Barselona”nın fəlsəfəsi tamamilə mənim fəlsəfəmə uyğundu: topa sahib olmaq, hücum futbolu. Bunlar mənim xoşuma gələn cəhətlərdi”.

Yens Lemann, Almaniya yığmasının sabiq qapıçısı: “Bundestim son iki ildə müdafiədə oynamağı heç cür öyrənə bilməyib. Əlbəttə, istedadlı oyunçuların sayəsində qrupdan çıxmaq mümkündü. Amma bu Almaniyanın maksimumu yarımfinala çıxış ola bilər”.

Romelu Lukaku, “Çelsi”nin hücumçusu: “Anderlext”ə qayıtmaq? Bu hadisə çoxlarının düşündüyü tarixdən daha tez baş verə bilər”.

Canluici Donnarumma, İtaliya yığmasının qapıçısı: “Kapitan sarğısını daşımaq böyük məsuliyyət və üstünlükdü. Milli komandamızda Corco Kyellini, Leonardo Bonuççi və Canluici Buffon kimi nümunələri göstərə bilərəm. Fikrimcə, son illər onlardan nələrisə öyrənə bilmişəm”.

Mişel Platini, UEFA-nın sabiq prezidenti: “Çeferin ilə İnfantino heç kimdilər, onlar yalnız pul haqqında düşünürlər"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
football-plus.az

1Mənbələr