AZ

COP29 sahibkarların da vergi yollarını "təmizləyəcək"...

Image

COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisdə qəbul edilib.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.

Güzəştlərin tətbiqi həmin xidmətlərin daha əlçatan olmasına şərait yaratmalıdır 

İqtisadçı ekspertlər hesab edirlər ki, tətbiq edilən vergi güzəştləri ölkədə COP29 tədbirinin yüksək səviyyədə keçirilməsinə xidmət etməlidir. Belə ki, tədbirin keçirilməsi bir çox əlavə xərclərin olması deməkdir. Bu tələb olduğu halda yaradılan  vergi güzəştləri şirkətlər və bazar iştirakçılarına öz xidmətlərini daha əlçatan şəkildə tətbiq etmək üçün şərait yaratmış olacaq. Eyni zamanda tədbirin miqyası kifayət qədər böyükdür və görüləcək işlər də çoxdur. Zaman da o qədər çox qalmayıb, ona görə də proseslərin sürətlənməsinə ehtiyac var. Bu güzəştlərin tətbiqi həmin xidmətlərin daha əlçatan olmasına şərait yaratmalıdır. Bu da bütünlükdə hazırlıq proseslərini sürətləndirməlidir.

Ümumiyyətlə, təcrübədə belə hallara tez-tez rast gəlinir ki, bu tip böyük tədbirlər keçirlərkən müvafiq vergi güzəştləri tətbiq olunur. Bu tətbiqlər məhsulların əlçatanlığına, onların təminatı ilə bağlı sürətlənməyə, eyni zamanda hazırlıq prosesində iştirak edən qurumların fəaliyyətinin daha yüksək keyfiyyətlə həyata keçirilməsinə şərait yaradır.

İstənilən vergi güzəşti iqtisadiyyatı stimullaşdıran addımdır 

COP29-la bağlı vergi güzəştinin əhəmiyyəti haqqında danışan iqtisadçı ekspert Kamran Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd edir ki, COP29 Azərbaycanda yeni irimiqyaslı layihələrin gerçəkləşməsinə töhfə verəcək: "İstənilən güzəşt yeni iş yerlərinin açılmasına səbəb olur.  COP29  ölkəmizin investisiya mühitinin daha yaxşı təqdim edilməsi, xarici isvestorlar üçün cəbedici və açıq olması ilə tanışlıq imkanları yaradacaq. Sözsüz ki, bu da ölkəmizə yatırılan investisiyaların həcminə əhəmiyyətli təsir edəcək”.

Ekspertin sözlərinə görə, COP29-un təşkili ilə bağlı qeyri-rezidentlər 9 ay müddətində bütün vergi növlərindən azad ediləcək. Vergi güzəştləri şirkətlər və bazar iştirakçılarına öz xidmətlərini daha əlçatan şəkildə təklif etmək üçün şərait yaratmış olacaq: "Ümumiyyətlə, istənilən vergi güzəşti iqtisadiyyatı stimullaşdıran addımdır. COP29-la bağlı şirkətlərin, sahibkarların xərcləri azalacaq. Əvvəllər hansısa şirkət konsultant dəvət edəndə ona ödədiyi maaşdan əlavə həm də dövlətə vergi ödəyirdisə, indi bu vergidən azad olunacaq. Yəni indi həmin vergi verilməyəcək. Bu güzəşt COP29 tədbiri ilə bağlı qısamüddətli layihədir. Onu da nəzərə almaq lazımdır ki, tədbirin miqyası kifayət qədər böyükdür və görüləcək işlər də çoxdur”.

Sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası təsdiqlənib 

COP29-la bağlı daha bir güzəşt  sahibkarlara verilən kreditlə bağlı müəyyənləşib.  Onların kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası təsdiqlənib.

Yeni qayda Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Fərmanla təsdiq olunub. Qaydaya əsasən, faiz subsidiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təsdiqedici sənədi əsasında sahibkarların 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir.

Faiz subsidiyası məbləği 1 (bir) milyon manatdan artıq olan kreditlərin illik faiz dərəcəsinin 6 (altı) faiz bəndi həcmində və 72 (yetmiş iki) aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 6 (altı) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir. Faiz subsidiyası kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hesablanır və 2025-ci il yanvarın 1-dən başlayaraq bu Qaydaya uyğun olaraq rüblük əsasda ödənilir.

Bütün bunlar onu göstərir ki, dövlətin COP29-la bağlı sahibkarlara tətbiq etdiyi güzəştlər azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi baxımından olduqca önəmlidir və ciddi əhəmiyyətə malikdir. Hər halda. sahibkarlar və fiziki şəxslər bu güzəştlərdən səmərəli şəkildə yararlanmağı bacaracaqlar.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
baki-xeber.com

1Mənbələr