AZ

"Sağlamlığı, enerjisi və biliyi yüksək olan 65 yaşındakı insanları dərhal işdən çıxarmaq doğru deyil"

Orta məktəb müəllimləri 65 yaşını keçəndə təqaüdə göndərilir. Bəzən aralarında elə müəllimlər olur ki, istər fiziki cəhətdən, istər mənəvi cəhətdən sağlam olur və fəaliyyətini bir neçə il daha davam etmək gücündə olur. Ömrünün çox hissəsini müəllimliyə həsr etmiş bu şəxslər işdən uzaqlaşdırılandan sonra sözün əsl mənasında bitkin bir vəziyyətə düşürlər. Ötən gün müəllimlərdən biri düşüncələrini mənimlə paylaşdı. Dedi ki, ömrünün 42 ilini müəllimliyə həsr edib: “Uşaqları sevirəm, uşaqlarla işləməyi sevirəm. Amma gələn il oktyabr ayında mənim 65 yaşım olur. İmtahanlardan keçib, yüksək bal toplamışam. Ancaq 65 yaşından sonra işdən uzaqlaşdırılacağam. Bu da məni narahat edir. Mən işsiz, uşaqlarsız necə yaşayaram?”-deyə qadın müəllim, öz narahatlığını dilə gətirirdi. Fiziki və ruhi cəhətdən sağlam müəllimlərəı bir neçə il əlavə şans tanımaq olmazmı? Təhsil eksperti İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 65 yaşında olanların arasında sağlamlığı, enerjisi və biliyi yüksək olan insanlar var ki, onlar işləyə bilərlər, onları itirmək olmaz. İlham Əhmədov "İstər həkim olsun, istər müəllim olsun 65 yaş məhdudiyyəti bu mənada düzgün qərar deyil. Yəni onları məcburi şəkildə yola salmaq olmaz. Digər tərəfdən hər il minlərlə gənc universiteti bitirir, iş tapa bilmir. Təbii ki, bunlar yaşlı müəllimlərin heç 10 faizi də deyil. Amma onlar da nə vaxtsa işləyib yavaş-yavaş təcrübə toplamalıdır. Bu mövzuda hər iki tərəfi düşünmək lazımdır. Azərbaycanda da belə seçimlər olanda, üstünlük rüşvətə verilir. Kim pul veribsə, onu işdə saxlayırlar. Kim pul vermirsə, çıxarırlar. Eyni şəkildə gənclərdən kim pul verirsə, diplomla işə düzəlir. Pul verməyənlərin də nəticədə nə yaşadığı məlumdur. İstənilən halda, məmur qazanır. Onun üçün fərqi yoxdur ki, kim getdi, kim qaldı”-deyə İlham Əhmədov izah edib. Ekspertin fikrincə, hər iki variantda ideal həll yolu yoxdur, mütləq istisnalar olmalıdır: "Bunu həmkarlar da düşünməlidir, məsul dövlət qurumları da. Çalışmaq lazımdır ki, təcrübəli insanların bilikləri istifadə olunsun və eyni zaman da gənclərə də yol açılsın". İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
bizimyol.info

1Mənbələr