AZ

"Aqrar sığorta iqlim dəyişikliyinin daha çox təsir etdiyi kənd təsərrüfatı sahəsi üçün xüsusi önəm daşıyır"

"Dünyanın ən böyük təhlükələrindən biri kimi qəbul edilən iqlim dəyişikliyi, ekstremal hava hadisələri, quraqlıq, dəniz səviyyəsinin qalxması və biomüxtəlifliyin azalması kimi fəlakətlərin artması ilə daha da qabarıqlaşıb. İqlim dəyişikliyi bir çox sahələrə də riskləri özü ilə bərabər gətirir. Qeyd etmək istərdim ki, iqlim dəyişikliyinin təsiri nəticəsində bir sıra hallarda təbii fəlakətlər baş verir. Bu fəlakətlər nəticəsində zəlzələlər, daşqınlar, quraqlıq kimi hadisələr ətraf mühitə, iqtisadiyyata və eyni zamanda insanlara ciddi təsirlər vurur. Sözsüz ki, təbii fəlakətlər risklərinə qarşı tədbirli olmadıqda onun fəsadları da kifayət qədər çox ola bilər. Böyük fəlakətlər sosial və mədəni həyatın bir çox sahəsinə öz təsirini qoyduğu kimi iqtisadi cəhətdən də çətinliklər yaradır". Sığorta eksperti Emin Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təbii fəlakətlərin sonrakı təsirlərini azaltmaq üçün effektiv yanaşmalardan biri məhz sığorta mexanizmindən istifadə edilməsidir. “Hər ötən il təbii fəlakətlərlə əlaqədar hadisələrin sayının artdığını müşahidə edirik. Xüsusilə qeyd etmək istərdim ki, iqlim dəyişikliyi fonunda baş verən təbii fəlakətlər arasında zəlzələ, quraqlıq riskləri ciddi əhəmiyyət daşıyır. Ölkəmizdə də katastrofik risklərlə bağlı sığorta mexanizmi qurulmuş, bir sıra sığorta növləri icbari sığortalar kateqoriyasına daxil edilmişdir. Nəzərinizə çatdırmaq istərdim ki, təbii fəlakətlər risklərini özündə ehtiva edən sığorta növlərindən biri, məhz elə “Daşınmaz əmlakın icbari sığortası” növüdür. Bu sığorta növünün təminatları arasında zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan və yer sürüşməsi kimi təbii fəlakətlər nəzərdə tutulmuşdur. Bundan başqa iqlim dəyişikliyinin daha çox təzahür etdiyi kənd təsərrüfatı sahəsində də aqrar sığortanın mövcud olması dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa və fırtına kimi risklərdə sığorta təminatının verilməsini mümkün edir”-deyə ekspert bildirib. Emin Allahverdiyev vurğulayıb ki, əmlak sığortası üzrə sığorta haqları yaşayış sahələri, mənzillər üzrə Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, respublikamızın digər regionlarında isə 30 manat təşkil edir. Aqrar sığortalar üzrə fermer və təsərrüfat sahiblərinə dövlət dəstəyinin olması və hesablanan sığorta haqlarının 50%-ni dövlət, yalnız qalan hissəni fermer və təsərrüfat sahiblərinin ödəməsi ölkəmizdə təbii fəlakətlərlə əlaqədar risklərin sığortalanmasında dövlətin ciddi dəstəyinin olmasının göstəricisidir. Eksperin sözlərinə görə, ölkəmizdə katastrofik risklərə münasibətdə sığortanın əlçatanlığını və təbii fəlakətlərlə əlaqədar geniş təminatların olması baş verə biləcək hadisələrdə sığortalı vətəndaşları və sahibkarlıq subyektlərini ciddi maliyyə itkisi ilə üz-üzə qoymayacaq. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
bizimyol.info

1Mənbələr