AZ

"Xəstə heyvanlarla təmasda olmamaq qarayara xəstəliyindən qorunmağın yeganə yoludur"

Azərbaycanda 3 nəfərdə qarayara xəstəliyi aşkarlanıb. Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, iyunun 7-də Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən 3-də də qarayara diaqnozu təsdiqlənib. Qarayara xəstəliyi zoonoz infeksiyadır və insandan-insana ötürülmür. Tibb üzrə elmlər doktoru Adil Qeybulla Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "qara yara" xəstəliyinin başqa adı “Sibir xorası”dır: "Xəstəlik spor əmələ gətirən vegetativ formaya düşə bilən bakteriyalar tərəfindən, antrasit bakteriyalar tərəfindən törədilir. Xəstəlik adətən zoonatikdir, yəni heyvandan insana keçir. Xəstəliyə iri buynuzlu və xırda buynuzlu heyvanlar yoluxurlar. Amma bununla begomotlar hətta başqa heyvanlar da xəstələnə bilirlər. Xəstəlik heyvandan heyvana yox və ya insandan insana yox, adətən kontakt nəticəsində heyvandan insana keçir". Adil Qeybulla Həkim qeyd edib ki, ona görə də bu faktoru profilaktikada nəzərə almaq lazımdır: "Bəzən “Sibir xorası” ilk olaraq, onun orqanizmə keçdiyi yerdə, bədən səthində, böyük və qara bir nekroz zonası yaranır. Elə adı da “qara yara” oradan götürülür. Və bundan sonra da infeksiya bədənə keçərək öz işini görür". Adil Qeybulla bildirib ki, xəstəliyin ağciyər forması var. “Bu zaman xəstədə yüksək temperatur olur. Üşütmə qızdırma, döş qəfəsində ağrı, həddən ziyadə bəlğəm ifrazı baş verir. Bundan sonra xəstə 3-5 günə ağciyər çatışmazlığı, şok halı yaşayır və ölüm baş verir. Yəni xəstəlik, ağır xəstəlikdir. Ona görə də xəstəlik baş verən kimi dərhal xəstə xəstəxanaya yerləşdirilməli və və müalicə başlanmalıdır”-deyə həkim bildirib. Həkimin sözlərinə görə, əslində xəstəlikdən qorunmağın yeganə yolu, xəstə heyvanlarla təmasda olmamaqdır. Xəstəliyin müalicəsinin yeganə yolu da vaxtında müalicənin başlanmasıdır. Adil Qeybulla vurğulayıb ki, “Sibir xorası” aşkar edilən heyvanlar məhv edilməlidir. Onlar xüsusi plastik “plonkaya” bükülüb, xlorlanıb və müəyyən yerə basdırılmalıdır. Heyvanı plonkaya bükən şəxsin heyvanla təmasının olmaması, yəni insanın dərisinbə toxunmaması üçün şəxs əlcək geyinməli və üzü də bağlı olmalıdır. Həkimin sözlərinə görə, adətən istər xəstə heyvan, istər insan basdırılarkən bu gigiyenik tələblər nəzərə alınmalıdır. Adil Qeybulla vurğulayıb ki, xəstə olan şəxs mütləq müalicə olunmalıdır. Ev şəraitində müalicə etmək olmaz. “Ümumiyyətlə, qızmar günəş altında “Sibir xorası” bakteriyaları 10-15 gün yaşaya bilir. Ona görə də bunlar torpaq altında müəyyən yerlərdə uzun müddət qala bilir və insanları, heyvanları yoluxdura bilirlər. Bəzən mikrob ağız boşluğundan keçib, burun və udlaqda xüsusi bir nekratik xora əmələ gətirir. Bu, çox xarakterik olduğundan onu tapmaq mümkün olur. Ətraf limfa düyünləri böyüyür, intoksikasiya olur, angina əlamətləri ilə xəstəlik keçir. Yəni istənilən halda xəstəlik ağır xəstəlikdir. Və bu baş verəndə təcili karantin tədbirləri olmalı, heyvan məhv edilməli, onunla təmasda olanlar nəzarətə götürülməli və xəstə şəxslər hospitalizasiya olunmalıdır. Prosesi lokallaşdırmaq üçün bir neçə müddət karantin tədbirləri saxlanmalıdır”-deyən ekspert bildirib ki, “Sibir xorası” geniş epidemiyalar yaradan bir infeksiya kimi nəzərə alınmasa, vaxtında müalicəyə başlanmasa və digər tədbirlər görülməsə, geniş bir areala yayıla bilər. Bu baxımdan insan və heyvan itkisi ilə nəticələndiyinə görə, bu xəstəlik hər halda ciddi və təhlükəli infeksiya sayılır. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
bizimyol.info

1Mənbələr