AZ

"Santuşa çətin olacaq, çünki millimizdə Ronaldo yoxdur" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş təyin olunub. Qeyd edək ki, bundan əvvəl də Berti Foqts, Nikola Yurçeviç, Canni De Byazi kimi kifayət qədər tanınmış xarici məşqçilər də millimizin sükanını idarə edib. Lakin istədiyimiz və hər zaman ac olduğumuz uğurlara imza ata bilməmişik. 

 

Bu dəfə millimiz uğur əldə edə biləcəkmi? Santuşun təyinatı nəyi dəyişəcək? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirib ki, Santuş üçün fərqli mentalitetdə çalışmaq bir az çətin olacaq:

 

“Bu təyinatı indidən nə təqdir, nə də tənqid etmək mümkündür. Onun fəaliyyətini görmək üçün bizə zaman lazım olacaq. Düzdür, o, Portuqaliya millisinə Avropa çempionu adını qazandırıb, amma istənilən halda artıq başqa bir ölkədədir. Fərqli bir futbol mentaliteti olan ölkədə ona bir qədər çətin olacaq. Ən azından, Azərbaycan millisində onun əlinin altında Ronaldo kimi futbolçular yoxdur ki, qarşıya qoyulan məqsədə tam çata bilsin”. 


A.Bağırov qeyd edib ki, Azərbaycan millisində vəziyyətin düzəlməsi üçün vaxt lazımdır:


“Əsaslı müzakirə və təhlillərlə birlikdə fikir mübadiləsi apardıqdan sonra getdikcə bu inkişafa nail olmaq mümkündür. Hesab edirəm ki, Fernando Santuş da gələcək fəaliyyətində yerli məsələlərlə sıx əlaqədə olacaq. Bu, Canni De Byazi tərəfindən edilmirdi. Bu, onun üçün bir nöqsan idi. Yeni məşqçi rəhbərliklə birgə yaxşı bir plan, proqram hazırlamalı və tətbiq etməlidir. Yanlız bundan sonra deyə bilərik ki, o uğur əldə edə biləcək, ya yox”.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
1
sfera.az

2Mənbələr