AZ

Şuşa Bəyannaməsi iki qardaş ölkənin iqtisadi və hərbi gücünü artıran tarixi sənəddir

2021-ci liin 15 iyununda qədim Şuşamızda Azərbaycanla qardaş Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi hər iki dövlətin müttəfiqliyinin beynəlxalq əhəmiyyətini daha da artırır. Təbii ki, bu sənəd ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələrə yeni imkanlar yaradır.

Şuşa Bəyannaməsinin icrası bir çox sahələri, o cümlədən işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasını da gündəmə gətirir. Eyni zamanda, bu sənəd regionda yeni iqtisadi münasibətlərin formalaşmasına da səbəb olacaqdır. Yəni, Şuşa və Şuşa ətrafının əsrarəngiz turizm potensialından geniş istifaədəyə şərait yaranacaqdır.  

Bundan başqa, ölkəmizin geosiyasi planında olan Zəngəzur dəhlizi böyük iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilməklə geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsi olacaqdır. Beləliklə də Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini də aktuallaşdıracaqdır.

İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar, həmçinin Azərbaycanla Türkiyə arasında əlaqələrin arzuolunan formada inkişafı ötən əsrin əvvəllərində imzalanmış Qars müqaviləsindən də üstün yeni bir sənədin ortaya qoyulması zərurətini doğurmuşdu. Bu reallıqlar, eyni zamanda, bir-birinə ayrılmaz tellərlə bağlı olan iki türk dövlətinin gələcək inkişaf üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən, hüquqi çəkisi daha ağır və əhatəli olan sənədin imzalanmasını diktə edirdi. Bu baxımdan 2021-ci il iyunun 15-də Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi sarsılmaz birliyin, qardaşlığın ruhundan doğan, iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran, regionda mövcud siyasi-iqtisadi münasibətlərin təməlini qoyan mühüm sənəddir. Azərbaycan-Türkiyə əlaqələrinin demək olar ki, bütün sahələrdə inkişafının yol xəritəsinə çevrilmiş Şuşa Bəyannaməsi xüsusilə iki qardaş ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini daha dəqiq şəkildə ifadə edir.

Şuşa Bəyannaməsində konkret olaraq hər iki dövlətdən hansısa birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə siyasi, diplomatik və digər əməkdaşlıqdan başqa, ehtiyac yaranarsa Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkil olunması nəzərdə tutulub. Bu, iki qardaş ölkənin hərbi gücünün birləşdirilməsi deməkdir. Sənəd, eyni zamanda, özündə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərilməsini, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini ehtiva edir.

Bir sözlə, hər iki qardaş xalqa yeni inkişaf tendensiyası verən Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın möhtəşəm birliyini əbədiləşdirdi. Eyni zamanda, regionda və dünyada baş verən son hadisələr də göstərdi ki, Bəyannamə vaxtında imzalanmış tarixi sənəddir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
ikisahil.az

1Mənbələr